Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:45

Rusiya hərbi təyyarələri Qafqazdan yan uçur


Suriyada Rusiya təyyarəsi - 12 sentyabr 2015.
Suriyada Rusiya təyyarəsi - 12 sentyabr 2015.

-

Rusiyanın Suriyaya göndərdiyi hərbi avadanlıq Xəzər dənizi üzərindən, ancaq Qafqazdan yan keçən uzun bir marşrutla çatdırılır. Bu əyri-üyrü marşrut göstərir ki, Moskva Suriyaya müdaxiləsi üçün Gürcüstan və ya Azərbaycandan uçuşlarına icazə ala bilməyib.

eurasianet.org saytı «The Aviationist» bloquna istinadla bu barədə yazıb. Həmin bloq da aviareysləri izləyən FlightRadar24 saytına istinad edir. Belə ki, Rusiyadan Suriyaya altı «Su-34» bombardmançı təyyarə Şimali Qafqazın cənubundan, Qroznının şimalından keçməklə uçur. Təyyarələr Azərbaycan sərhədinə paralel şəkildə Xəzərin üzərindən keçir, İranın hava məkanına daxil olur, daha sonra marşrut İraq ərazisindən keçməklə davam edir.

eurasianet.org yazır ki, Birləşmiş Ştatlar Rusiya və Suriya arasında yerləşən ölkələrin Rusiyanın hərbi uçuşlarına hava məkanını bağlamasına çalışıb və Bolqarıstan buna əməl edib. ABŞ-ın Qafqaz ölkələrinə belə bir xahiş edilib-edilmədiyi bəlli deyil. Öz növbəsində Türkiyə də uçuşlara icazə vermir.

Müəllif yazır ki, Rusiyanın Qafqazda hərbi uçuşları əslində çox ziddiyyətlidir. Bir nömrəli düşməni Rusiya olan Gürcüstan Ermənistanın Gümrü bazasına gedən rus təyyarələrinə hava məkanından istifadəyə icazə verib. 2011-ci ildə bu razılaşma ləğv edilsə də, uçuşların bərpa olunduğu söylənilir.

Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu sentyabrın əvvəlində Bakıya səfər edib. O, Suriya məsələsinin müzakirəsi üçün Rusiyaya gedirdi, yolüstü Azərbaycanda oldu. «Görünür, Sinirlioğlu azərbaycanlı müttəfiqlərini inandırmağa çalışıb ki, Rusiyanın Suriyaya müdaxiləsində iştirak etməsinlər».

«Bu, Xəzərə aid deyil. Dəniz üzərindəki hava məkanından istifadə müəyyənləşdirilməyib, belə ki, dənizin statusu hələ də açıq qalır. Görünür, elə Rusiya da Suriyaya rahat keçmək üçün bu hüquqi boşluqdan faydalanır», - məqalədə deyilir.

John Kerry.
John Kerry.

ABŞ ARTIQ ASSAD-IN DƏRHAL GETMƏSİNİ TƏLƏB ETMİR

ABŞ Dövlət katibi John Kerry Rusiya prezidenti Vladimir Putin-in Suriyada hərbi iştirakını Birləşmiş Ştatlar üçün mümkün «fürsət» adlandırıb. Kerry CNN-ə müsahibəsində deyib ki, Rusiyanın Suriyada olması Moskvanı mürəkkəb duruma sala bilər.

«O, Assad və İran, «Hizbullah» ilə bir cərgədə dursa, regiondakı sünni ölkələri ilə ciddi problem yaşayacaq», - Kerry Putin barədə deyib. «Bu, o deməkdir ki,… sünni cihadçıların hədəfinə çevrilə bilər».

Kerry daha sonra deyib ki, Suriya məsələsinin sünniləri cəlb etmədən həlli mümkün deyil. Müəyyən keçid müddəti lazımdır və nə qədər ki, Assad hakimiyyətdədir, sülh yaratmaq mümkün olmayacaq. Kerry onu da əlavə edib ki, Suriya prezidenti Bashar al-Assad-ın gedişi «nizamlı keçid»in bir hissəsi olmalıdır. Yəni, dövlət katibi onun dərhal hakimiyyətdən getməsinə çağırmayıb və bu, ABŞ-ın mövqeyində dəyişikliyi göstərir.

Kerry-nin fikrincə, Assad tələsik getsə, bu, ölkəni dinc həyatdan məhrum edər, «partlayış»a gətirər. «Bizə nizamlı, idarə olunan keçid lazımdır, yəni qisas, itki qorxusu olmasın», - deyən Kerry «məntiqi zaman müddəti»ndə hakimiyyət dəyişikliyinə çağırıb, ancaq detallara varmayıb.

ERDOĞAN-IN BRÜSSELƏ HƏSSAS SƏFƏRİ

Oktyabrın 4-6-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan Brüsseldə səfərdə olacaq. Bu səfər böyük beynəlxalq böhranla bir arada baş verir. Rusiya Suriyaya girir, sığınacaq axtaranlar Avropaya doğru istiqamət alır. Bu səfər həmçinin Türkiyə üçün narahat məqama təsadüf edir. Noyabrın 1-də parlament seçkiləri keçiriləcək, ölkədə zorakılıq halları artıb, hüququn aliliyinin təminatı sahəsində durum zəifləyib.

Recep Tayyip Erdoğan.
Recep Tayyip Erdoğan.

Karneqi Fondu yazır ki, Erdoğan-ın Avropa rəsmiləri ilə görüşündə PKK əsas mövzu olacaq. «O, PKK-ya qarşı böyük hücuma keçib və bunu qanuni əsaslarla edir. AB-nin heç bir lideri də əks arqument səsləndirə bilməyəcək, belə ki, PKK AB-nin terrorçu təşkilatlar siyahısındadır».

Ancaq AB liderləri iki məsələyə skeptik yanaşacaqlar. Birincisi, Türkiyədə bütün kürdlərin «şeytan» kimi təsvir olunması, yerli kürd siyasətçilərinin və jurnalistlərin qorxudulması, nifrət çıxışının yayılması Türkiyə ictimai həyatını parçalanma riski qarşısında qoyur. «Bu, AB-ni narahat edir və Türkiyə prezidentini də narahat etməlidir. Terrorçuluqla mübarizə bir məsələdir, demokratik yolla seçilmiş kürd partiyasının məhvinə çalışmaq isə tamam fərqli yanaşmadır. Brüsseldə prezident Erdoğan birinci məqsədinə dəstək qazanacaq, ancaq ikinciyə heç bir dəstək göstərilməyəcək».

«Digər tərəfdən, terrorçuluqla iki aylıq gərgin mübarizədən sonra Türkiyə diqqətini tamamilə PKK-ya yönəldib, «İslam Dövləti» qruplaşmasını isə yaddan çıxarıb. Prezident Erdoğan-a deyəcəklər ki, AB-nin terrorçuluqla mübarizə sahəsində Türkiyədən sadə bir gözləntisi var: Ankara Türkiyə-Suriya sərhədinin qalan 80-100 kilometrini də «İslam Dövləti»nin üzünə bağlasın. İD üçün bu sərhəd hələ də dünyaya yeganə darvazadır, buradan sursat, cihadçılar keçir, qaçaqmal yoluyla neft ixrac olunur. Bu qeyri-müəyyənliyə son qoyulmalıdır».

XS
SM
MD
LG