Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:19

«Əfqanlar»ın dönüşü


Sovet qoşunları Əfqanıstanı tərk edir - 1989.
Sovet qoşunları Əfqanıstanı tərk edir - 1989.

-

politico.eu saytı Ukraynadakı münaqişəyə qoşulan «əfqanlar»dan yazır. Onlar vaxtilə Əfqanıstanda döyüşmüş sovet əsgərləridir, yəni Əfqanıstan müharibəsinin veteranlarıdır.

Yuri Protsenko «Vostok» batalyonuna ötən ilin fevralında qoşulub. Kiyevdə yaşayan Igor Panasyuk isə Protsenko kimi yaraqlılarla döyüşür, Ukraynanın «ikinci Çeçenistan»a çevrilməsinin qarşısını almağa çalışır. Protsenko və Panasyuk, hər ikisi vaxtilə Əfqanıstanda döyüşüb. Onların sayı minlərlədir, ya separatçılar, ya da hökumət qüvvələrinin sırasında yer alıblar.

«Rusların «афганцы» dediyi bu kişilər indi Qərblə Rusiya arasında daha bir dolayısı müharibəyə qatılırlar – Qərb Ukraynanı, Rusiya isə separatçıları dəstəkləyir. «Əfqanlar»ın çoxu üçün 9 min nəfərin öldüyü, azı 1 milyon 400 min insanın didərgin düşdüyü bu müharibədə iştirak təbii addım sayılır. Bu, onların son 25 ildə üçüncü müharibəsidir. 1990-cı illərdə Çeçenistanda da döyüşüblər. Bu ortayaşlı təcrübəli döyüşçülərə münaqişədə ehtiyac var».

««Əfqanlar» evdə boş-bekar oturmurlar. Biz qanla, yaralarla, artilleriya ilə necə davranmağı bilirik», - Panasyuk deyir.

Məqalədə qeyd olunur ki, 2014-cü il Maydan inqilabında yüzlərlə «əfqan» iştirak edib. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, 232 minlik Ukrayna Silahlı Qüvvələrində minlərlə «əfqan» döyüşür. Separatçılar tərəfdə isə yüzlərlə belə döyüşçünün olduğu bildirilir. Yaraqlıların komandiri Igor Bezler-in də 1980-ci illərdə Əfqanıstanda savaşdığı barədə məlumatlar dolaşır. SBU ötən il Ukrayna səmasında vurulan təyyarəyə görə onu ittiham edir. Bezler bu məlumatlarla bağlı heç nə deməyib.

Bashar al-Assad və Vladimir Putin-in plakatı.
Bashar al-Assad və Vladimir Putin-in plakatı.

RUSİYA-SURİYA TƏRƏFDAŞLIĞI ABŞ-A İRAQDA PROBLEMLƏR YARADIR

ABŞ rəsmiləri İraqın Rusiya və Suriya ilə təhlükəsizlik sahəsində əməkdaşlığını genişləndirməsinin əhəmiyyətini azaltmağa çalışır, bildirirlər ki, Bağdadda yaradılmış yeni kəşfiyyat qurumunun ABŞ-ın «İslam Dövləti» silahlı qruplaşmasına qarşı əməliyyatlarına təsiri az olacaq. Ancaq İraq, İran, Rusiya və Suriyanın birgə fəaliyyəti Vaşinqtonun getdikcə bu regiondakı döyüş zonalarındakı proseslərə təsir imkanlarının məhdudlaşdığını göstərir.

«The Washington Post» yazır ki, İraq hökumətinin yeni kəşfiyyat mərkəzini elan etməsi Amerika rəsmilərini təəccübləndirib. Bu mərkəz Tehranın İraqda «İslam Dövləti» yaraqlıları ilə döyüşən qüvvələrə hərbi dəstəyinə söykənir və görünür, hazırda İŞİD-lə mübarizə aparan ABŞ koalisiyasına bir cavabdır.

ABŞ rəsmilərinin dediyinə görə, yeni şəbəkə İraq Müdafiə Nazirliyinin yaxınlığında yerləşir və Rusiya, Suriya və İrandan olan aşağı- və orta rütbəli təhlükəsizlik zabitlərini birləşdirir.

Amerika rəsmiləri bildirir ki, bu təşəbbüs Birləşmiş Ştatların İraq hökuməti ilə kəşfiyyat məlumatlarını paylaşmasına təsir göstərməyəcək.

«Son bir ildə informasiyamızı iranlılardan qoruya bilmişiksə, belə davam edə bilərik», - adının çəkilməsini istəməyən bir rəsmi deyib. Bu arada İraqın baş naziri Haider al-Abadi Rusiyanın göstərdiyi təhlükəsizlik yardımına görə təşəkkür edib. Bir versiya odur ki, bu açıqlama Rusiya prezidenti Vladimir Putin-in BMT-dəki çıxışı öncəsi onun nüfuzunu qaldırmaq məqsədilə verilib.

«Məncə, bu şəbəkənin məqsədi kəşfiyyat məlumatları hazırlayıb paylaşmaqdan çox, cənab Putin-in belə bir tezisini vurğulamaqdır ki, İŞİD-ə qarşı əməliyyatları «mövcud hökumətlər» aparmalıdır», - bunu Dövlət Departamentinin keçmiş əməkdaşı Fred Hof deyir. «O, İŞİD təhlükəsindən yararlanaraq müttəfiqi Bashar al-Assad-ı dirçəltmək məqsədi güdür. O Assad-ı ki, onun kollektiv cəza və kütləvi qətl siyasəti Suriyanın şərqində indi İŞİD-in doldurduğu vakuumu yaratdı».

Sergei Andreyev.
Sergei Andreyev.

RUSİYA DİPLOMATI DEDİKLƏRİNİ GERİ GÖTÜRDÜ

Rusiyanın Varşavadakı səfiri Polşanın İkinci Dünya müharibəsi üçün qismən məsuliyyət daşıması barədə dediklərini geri götürüb. «The Telegraph» yazır ki, səfir Sergei Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir ötən cümə TVN24 televiziyasına deyibmiş ki, müharibədə Polşanın da qismən günahı var, belə ki, işğaldan öncə Berlinə qarşı koalisiyanın yaradılmasını dəfələrlə əngəlləyib.

«Bir məsələdə fikrimi dəqiq ifadə etmədiyim üçün təəssüflənirəm», - Andreyev nazirlikdən çıxanda jurnalistlərə söyləyib. «Polşanın da İkinci Dünya müharibəsinin başlanmasına görə məsuliyyət daşıdığını demək istəmirdim. Polşa xalqını təhqir etmək niyyətim olmayıb».

Nasist Almaniyası 1939-cu ilin sentyabrında Polşanı işğal edib. Sovet İttifaqı isə iki həftə sonra Polşanın şərq hissələrini ələ keçirib. Bu, Moskvayla Berlinin gizli sövdələşməsi nəticəsində baş tutub. Müharibədən sonra 45 il ərzində Polşa Varşava Paktı çərçivəsində Moskvanın nəzarəti altında qalıb.

Andreyev müsahibəsində bildirib ki, Sovet işğalı «müdafiə» addımı idi. O, həmçinin Polşanın şərqinə «Qərbi Belarus və Qərbi Ukrayna» deyib. Polşa Xarici İşlər Nazirliyi səfirin dediklərini «hadisələrin ikiüzlü interpretasiyası» adlandırıb.

Son vaxtlar Ukrayna böhranına görə Polşa-Rusiya münasibətləri gərginləşib.

XS
SM
MD
LG