Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:47

Franz Kafka. Bədbəxtlik


Franz Kafka
Franz Kafka

- "Bir qədər masanın qırağında oturdum, bundan bezənə qədər, sonra paltomu geyindim, divandan papağı götürdüm və şamları üfürdüm. Otaqdan çıxanda kreslonun ayağına ilişdim."

Franz Kafka

Bəxbəxtlik

(hekayə)

Lap dözülməz olanda - bir noyabr axşamında - mən otağımdakı ensiz palazın üstündə qaçış zolağında olduğu kimi o tərəf-bu tərəfə qaçırdım.

Pəncərədən işıqlanmış küçəni görəndə diksindim, otağa qayıtdım və güzgünün dərinliyində yeni bir hədəf tapdım və qışqırdım, səsimi eşitmək üçün, bilirdim ki, heç kim hay verməyəcək və heç nə onu zəiflətmək iqtidarında deyil, səsim maneəsiz yüksəlir, hətta boğulsa da kəsilmir, - bu zaman divarda bir qapı açıldı, tələm-tələsikaçıldı, çünki tələsmək lazım idi, hətta daşlı küçədəki araba atları da döyüşdə vəhşiləşmiş atlar kimi kişnəyərək dal ayaqları üstünə qalxdılar.

Lampaları sönmüş zil qaranlıq dəhlizdən ruh kimi bir balaca uşaq peyda oldu və qəribə yırğalanan döşəmə taxtasının üstündə ayaqlarının ucunda durdu.

Otaqdakı zülmət onun gözlərini tutdu, əllərilə sifətini örtmək istədi, amma pəncərədən küçəyə boylanıb sakitləşdi, orada küçə fənərlərindən işıqlı buxar qalxırdı.

Uşaq sağ dirsəyini divara söykəyərək açıq qapıda dayanmışdı, hava axını onun ayaqlarını, boynunu və gicgahlarını sığallayaraq keçirdi.

Bir müddət ona baxdım, sonra salam verdim və sobanın ekranı qarşısından pencəyimi götürdüm, axı onun qarşısında belə yarıçılpaq durası deyildim.

Daha sonra bir anlığa ağzımı açdım ki, dərindən nəfəs alıb həyacanımı söndürə bilim. Kefim pozulmuşdu, kipriklərim titrəyirdi; bircə belə bir qonaq çatışmırdı.

Uşaq hələ də divarın yanında əvvəlki yerində dayanıb, sağ əlini divara basıb, yanaqları qızarsa da, barmaqlarının ucunu basan, əhəng vurulmuş divardakı qabarlardan doymaq bilmirdi. Mən soruşdum:

Düz ünvana gəldiyinizə əminsiniz? Səhv deyil ki? Bina böyükdür, həmişə səhv salanlar olur. Mənim adım Elə-belədir, üçüncü mərtəbədə yaşayıram. Sizin görmək istədyiniz adam mənəm?

- Sakit, sakit, - uşaq dedi, - hər şey qaydasındadır.

- Onda girin içəri, qapını örtüm.

- Qapını örtdüm artıq. Özünüzə zəhmət verməyin. Ümumiyyətlə sakitləşin.

- Zəhmət deyil. Amma bu dəhlizdə bir dəstə adam yaşayır, əlbəttə, onlar mənim tanışlarımdır; onların çoxu bu dəqiqələrdə işdən qayıdırlar; hansı otaqda söhbət eşitsələr, o dəqiqə söhbətə qarışmaq səlahiyyətləri olduğunu düşünürlər ki, nəyin baş verdiyinin kanatına çıxsınlar. Belədir. Burada bir şey etmək mümkün deyil. İş günü qurtaranda bir müddət azad olurlar, elə isə boş vaxtlarını nəyə həsr etməlidirlər? Əminəm, özünüz də bunu bilirsiniz. İcazə verin qapını örtüm.

- Hə, nə olsun ki? Nə danışırsınız? Məndən olsa qoy bütün binadakılar içəriyə daxil olsunlar. Yenə də təkrar edirəm, qapını bağlamışam, fikirləşirsiniz ki, təkcə siz qapı bağlaya bilirsiniz? Mən hətta açarla qapını kilidlədim.

- Onda hər şey qaydasındadır. Mən başqa heç nə istəmirəm. Açarla kilidləməyə ehtiyac yox idi. Siz ki, artıq buradasınız, özünüzü rahat hiss edin. Qonağımsınız. Mənə tam etibar edə bilərsiniz. Özünüzü evinizdəki kimi hiss edin. Mən Sizi nə burada qalmağa, nə də getməyə məcbur edirəm. Bunu deməliydim? Siz məni yaxşı tanımırsınız?

- Yox. Sizin bunları deməyinizə ehtiyac yox idi. Daha doğrusu, bunu deməyə məcbur deyildiniz. Mən hələ uşağam, bu qədər hay-küy nəyə lazım?

- Heç nə olmaz. Əlbəttə, Siz hələ uşaqsınız. Amma elə də balaca deyilsiniz. Siz artıq böyümüsünüz. Əgər qız olsaydınız, mənimlə beləcə bir otaqda qalmağa ürək eləməzdiniz.

- Bu barədə narahat olmağa dəyməz. Demək istəyirdim ki, mən Sizi yaxşı tanıyıram, bu mənə heç nə vəd eləmir, sadəcə olaraq Sizin yalan danışmaq cəhdinizi azaldır. Buna baxmayaraq, Siz mənə kompliment deyirsiniz. Qurtarın bu oyunu, qurtarın, lütfən. Bir də onu deyim ki, mən Sizi hər yerdə və hər şəraitdə tanımıya bilmirəm, xüsusən də bu qaranlıqda. Yaxşı olardı ki, Siz işığı yandırmağa icazə verəsiniz. Yox, olmasa yaxşıdır. Hər halda Sizin məni təhdid etməyinizi unutmayacağam.

- Necə? Mən Sizi təhdid etdim? Boşlayın. Mən sizin nəhayət burada olmağınıza çox şadam. Mən dedim "nəhayət", çünki artıq çox gecdir. Mən Sizin belə gec gəlməyinizi anlaya bilmirəm. Ola bilər ki, mən sevindiyimdən boş-boş danışmışam və siz bunu düz başa düşməmisiniz. Mən belə danışdığımı boynuma alıram, mən sizi təhdid etmişəm. Amma Siz allah, mübahisə etməyin. Amma Siz buna necə inana bilərdiniz? Siz məni necə incidə bilərsiniz? Siz niyə burada olduğunuz qısa müddəti hər vəclə korlamağa çalışırsınız. Yerinizə başqası olsaydı, daha diqqətli olardı.

- Buna inanıram, guya böyük bir şey olub! Mən təbiətən sizə hər hansı bir yad adamdan daha yaxınam. Bunu siz də bilirsiniz axı, bu narahatlıqlar nəyə gərək? Deyin ki, oyun oynayırsınız, onda mən o saat gedərəm.

-Belə? Siz bunu mənə deməyə cürət edirsiniz? Çox qabasınız. Unutmayın ki, Siz mənim otağımdasınız. Siz barmaqlarınızı dəli kimi mənim divarıma sürtürsünüz. Mənim otağım, mənim divarım! Bundan əlavə, sizin dedikləriniz təkcə özbaşnalıq deyil, həm də gülməlidir. Siz deyirsiniz ki, sizin təbiətiniz sizi mənimlə belə danışmağa məcbur edir. Doğrudan? Sizin təbiətiniz sizi məcbur edir? Bunu eşitmək çox xoşdur. Sizin təbiətiniz mənimkidir və əgər mən sizə təbii olaraq nəzakət göstərirəmsə, onda Siz də mənə qarşı başqa cür ola bilməzsiniz.

- Bu nəzakətdir?

- Mən keçmişdən danışıram.

- Bilirsiniz mən sonra necə olacağam?

- Bilmirəm.

Mən masaya yaxınlaşıb şamı yandırdım. Həmin anda mənim otağlmda nə qaz, nə də elektrik işığı vardı. Bir qədər masanın qırağında oturdum, bundan bezənə qədər, sonra paltomu geyindim, divandan papağı götürdüm və şamları üfürdüm. Otaqdan çıxanda kreslonun ayağına ilişdim.

Pilləkəndən aşağı enəndə bizim mərtəbədə yaşayan kirayənişinlə rastlaşdım.

- Yenə gəzməyə gedirsən, avara! – dedi və ayaqları üstündə durdu.

- Bəs neynəməliyəm?- soruşdum. - İndicə mənim otağımda ruh var idi.

- Siz bunu elə deyirsiniz ki, elə bil şorbanın içindən tük tapmısınız.

- Deyəsən, zarafat edirsiniz. Amma ruh - ruhdur.

- Haqlısınız. Bəs əgər adam ruha inanmırsa?

- Guya mən ruhlara inanıram? Amma inanmamağımın nə xeyri?

- Çox sadə. Sizin otağınıza ruh gələndə qorxub eləməyin.

- Amma əsas o qorxu deyil. Əsas qorxu hadisənin səbəbindən qorxmaqdır və bu qorxu qalır, əzab verir. - Mən əsəbiləşməyə başladım və həyacanla əllərimi ciblərimə dürtdüm.

- Əgər siz ruhdan qorxmursunuzsa, onda nəyə görə gəlişinin səbəbini ondan soruşmadınız?

- Siz yəqin ki, heç ruhla söhbət etməmisiniz. Onlar heç vaxt dəqiq məlumat vermirlər. Ümumi-ümumi danışırlar. Bu ruhlar deyəsən, öz mövcudluqları haqqında daha çox tərəddüd edirlər, nənki biz, amma əlbəttə, bu onların zəifliyinin qarşısında elə də təəccüblü bir şey deyiil.

- Bilirsiniz, mən eşitmişəm ki, onları yedizdirmək olar.

- Necə də məlumatlısınız. Bu mümkündür. Amma kim onları yedirdər?

- Niyə ki? Məsələn, əgər bu ruh qadın olsarsa,- deyib yuxarı pilləyə qalxdı.

- Hə, hətta qadın olsa da dəyməz,- mən dedim.

Mən özümə gəldim. Qonşu daha da yuxarıya qalxdı, məni yaxşı görmək üçün aşağı əyilərək boynunu uzatdı.

- Yenə də, - mən qışqırdım,- əgər sən yuxarıya gəlib mənim otağımdakı ruhu götürsən, səninlə mənimki qurtardı.

- Zarafat etdim, - o dedi və başını geriyə çəkdi.

- Hər şey qaydasındadır, - mən dedim, indi arxayın çıxıb gəzmək olardı. Amma özümü çox tənha hiss etdim, ona görə də otağa qalxıb yatmağa üstünlük verdim.

XS
SM
MD
LG