Keçid linkləri

2024, 18 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:13

Kainat necə əngin! Ürək necə də cəsur!


Charles Baudelaire (Şarl Bodler)
Charles Baudelaire (Şarl Bodler)

- XIX əsr fransız modernist şairi Şarl Bodlerin (Charles Baudelaire, 1821-1867) şeirləri Malik Məmmədlinin tərcüməsində. Şeirlərin Azərbaycan dilinə tərcüməsi ingilis dilindən, William Aggeler'in 1954-cü il tarixli tərcüməsindən edilib.

Qızıl saçlı dilənçi bir qıza

Qızıl saçlı solğun qız,

Paltarındakı dəlik və yırtıqlar

Göstərir yoxsulluğunu

və gözəlliyini.

Əlbəttə şirinliyindir,

Çillərlə dolu

Xəstə gənc bədənin,

Bu zəif şair üçün.

Geyinmisən taxta başmaqlarını

Romansdakı həmin

məxmər başmaqlı kraliçadan

daha zərafətlə.

Kasıb cır-cındırdansa,

Uzun, xışıldayan qatları

Bərq vuran saray paltarının

Yaraşar sənə

Düşərək topuqlarına;

Dəlik corabların yerinə,

Səfehlərin gözlərinə,

Corabbağındakını göstər

Parlasın qızıl xəncər;

Pis bağlanan düymələr

İfşa etsin və

Yol açsın günahlarımıza

Bərq vuran gözəl sinən,

Gözlərin kimi sənin;

Qolların yalvartsın

Səni soyundurmaq istəyəni

Şillələyib qovsun

Hiyləgər barmaqların,

Ən gözəl su inciləri,

Ustad Bello sonetləri

Təqdim edilsin müntəzəm

Sevgi zəncirinə vurulmuş

Aşiqlər tərəfindən,

Xalq şairləri öz növbaharlarını

Hədiyyə etsin sənə

Pilləkən altından

Ayağına marıtlayaraq.

İşə bax, nə çox xidmətçi var,

Nə çox lord, nə çox Ronsar,

Əyləncə üçün pusardılar

Soyuq daxmanı!

Və yatağında sayardın

Öpüşləri zanbaqdan çox

Hökmün altında saxlayardın

Çoxunu Valualının!

- Halbuki yollanırsan dilənməyə

Bir neçə köhnə xarabalığa

Uzanaraq eşiyinə

Yolayrıcındakı Vefurun;

Gedirsən oğrun-oğrun süzərək

İyirmi doqquz suluq ucuz bər-bəzəyi,

Bacarmaram, bağışla!

Onu sənə hədiyyə etməyi.

Get, nə artıq bəzək,

Nə ətir, nə mirvari, nə almaz gərək.

İncə çılpaqlığın yetər,

Ey gözəlliyim sənə!

Nəhəng qadın

Nə zaman ki, Təbiət öz güclü ruhu ilə hər gün

Canavar uşaqlara hamilə qalır, bax, o zaman

İstərdim gənc və həm də nəhəng bir qadınla yaşamaq,

Kraliçanın ayağı altında yatan ehtiraslı pişik sayaq.

Bədəniylə ruhunun öz qorxulu oyunlarında

Ehtirasla qol-budaq atıb böyüdüyünü görmək,

Və gözlərində üzən nəmli sislərdən, ürəyində,

Həzin-həzin yanan bir alov saxladığını sezmək;

O əzəmətli bədənini tələsmədən kəşf etmək;

Bir də nəhəng dizlərinin yamaclarında sürünmək,

Və hərdənbir, bəzən, yay vaxtının zərərli günəşi

Yorğun salaraq onu, kənd boyu irəliləyəndə,

Yatmaq qayğısızcasına sinəsinin kölgəsində,

Bir dağın ətəyində yuxulayan dinc bir kənd sayaq.

Balkon

Gəncliyimin ilhamı, xanımların xanımı,

Sənsən bütün sevincim, mən yalnız sənin kölən!

Ən şirin oxşamanı, sehirli axşamları

Heç bir yada salıb xatırlayırsanmı görən?

Gəncliyimin ilhamı, xanımların xanımı!

Kömür hərarətiylə aydınlanan axşamlar,

Çəhrayı buxar dolu balkondakı axşamlar,

Necə yumşaqdı sinən! Nə yaxşıdır ürəyin!

Tez-tez söylədiyimiz unudulmaz o sözlər

Kömür hərarətiylə aydınlanan axşamlar!

Nə gözəldir qürublar isti yay axşamları!

Kainat necə əngin! ürək necə də cəsur!

Üstünə əyiləndə, Bütlərin ilahəsi

Qanının ətri ilə nəfəs alırdım sanki.

Nə gözəldir qürublar isti yay axşamları!

Sanki bir divarı kimi tündləşirdi o gecə

Qaranlıqda seçirdim alovlu baxışını

Nəfəsini içirdim, ey şərbət! ey zəhər! və

Ayaqların astaca mehriban əllərimdə.

Sanki bir divarı kimi tündləşirdi o gecə!

Yaxşıca xatırlaram həmin xoşbəxt anları,

Və yaşaram keçmişi baş qoyub dizlərinə,

Cansız gözəlliyini nəyə lazım axtarmaq

Sevimli bədənindən, zərif ruhundan qıraq?

Yaxşıca xatırlaram həmin xoşbəxt anları!

O andlar, o qoxular, həmin saysız öpüşlər,

Dibsiz bir uçurumdan qayıdarmı görəsən,

Necə ki yeni günəş göy üzünə yüksələr

Dənizlərin dibində yuyunaraq hər səhər?

- Ey andlar, ey qoxular, ey sonsuz öpüşlər!

Pişik

Gəl, gözəl pişik, sevgi dolu ürəyimin üstünə;

Çək geriyə caynaqlarını,

Və qoy dalım sənin o valehedici gözlərinə

Metal və əqiq qarışığı.

Nə zaman ki barmaqlarım sakitcə oxşasa sənin,

O başınla elastik belini,

Onda oxşamanın zövqündən məst olur mənim əllərim

Hiss edib ürpərən bədənini.

Arvadım düşür yadıma. Onun həmin baxışları

Səninki kimi, sevimli heyvan,

Dərin və soyuqdur, həm də ox kimi dəlib keçən.

Və inan ki, başından tutmuş ayağınacan onun

Xoş bir hava, təhlükəli bir ətir

Dalğalanar ətrafında həmin əsmər vücudunun.

XS
SM
MD
LG