Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 16:41

İnsanı bıçaqla deyil, gerçəklə öldürərəm


-- Ərəb dünyasının ən böyük qadın yazıçısı hesab olunan Nəval əl Səədəvinin Bakıda çıxmış "Sıfır nöqtəsində qadın" kitabına tərcüməçi ön sözünü təqdim edirik.

Güntay Gəncalp

Tərcüməçidən ön söz

Ərəb və ümumən müsəlman dünyasında qadınların içində bulunduqları bədbəxtliklər bir çox feminist müsəlman qadın yazar və araşdırmaçı tərəfindən qələmə alınıb.

Lakin qadınların yaşadığı bu bədbəxtlikləri sosial həyatın dərinliklərinə enərək incələyən yazarlar və araşdırmaçılar az olub.

O az olan və həyatını müsəlman ölkələrində əzilən, döyülən və aşağılanan qadınların haqqını savunmağa adayan yazarlardan biri Nəval əl Səədavidir.

1931-ci il doğumlu Nəval əl Səədavi feminist olmanın yanı sıra bir yazıçı olduğunu dilə gətirər. 1955-ci ildə Qahirə tibb universitetini bitirən yazar cərrahlıq üzərinə uzmanlığını New York´un Kolumbiya universitetində tamamlayır.

Qahirənin “Eyn-uşşəms” universitetində psixoloji sahəsində araşdırmalarla məşğul olur. Qadınların toplumun dışında qalması Nəval üçün hər zaman önəmli bir sorun olaraq görülüb.

Misirdə demokratiyanın olmamasını yurddaşlarının, özəlliklə qadınların başlıca sorunu olaraq görüb. Ərəb oxucuları Nəvalla ilk dəfə onun “Doktor bir qadının xatirələri” adlı romanını oxuyaraq tanış olublar. Bu, Nəvalın ilk romanı olub.

“Sıfır nöqtəsində qadın” onun ikinci romanıdır. Daha sonra “İki qadın bir qadında”, “Petrol çağında sevgi” kimi romanları və digər kiçik öyküləri işıq üzü görmüşdür.

Ədəbiyyatşünasların təsbitinə görə Nəval ərəb dünyasının ən böyük qadın roman yazarıdır. Nəvalın on yeddi romanı yayımlanıb.

Oxucuların mütaliəsinə sunulan bu əsərdə müsəlman ölkələrində bir qadının kənd və şəhərlərdə yaşadığı dəhşət çətinliklər təsvir edilib. Ataların qızlarına olan sərt münasibətləri, kişimərkəzli toplumda qadınların yaşadıqları fəlakətlər ələ alınıb.

Müsəlman ölkəsində qız olaraq dünyaya gəlmənin bir suç kimi görüldüyü anladılmaqdadır. Öylə ki, hətta yoxsulluq üzündən ölən qızlar üçün sevinən ataların var olduğu bəyan edilir.

Bu əsərdə Nəval əl Səədavi, ölüm zindanında misirli fahişə Firdovsla danışır. Firdovsun anlatdığı yaşam öyküsünü bizə açıqlayır.

Bu dünyada qadın olmanın, hələ bir “fahişə” olmanın bu yaşam öyküsündə nə anlama gələ biləcəyini oxuyuruq. Sıfır nöqtəsi nədir?

Kitabın sosial yaşam biçimlərinə dayanaraq açıqladığına görə, sıfır nöqtəsi toplum, törələr və erkəkmərkəzli sosial şərtlər tərəfindən hazırlanan kor bir nöqtədir.

Müsəlman ölkələrindəki qadınlar bu nöqtənin içində həbs həyatı yaşayır və qurtuluşlarına da imkan yoxdur. Necə ki, romanın baş şəxsiyyəti “Firdovs” nə qədər çabalayıb çalışsa da, azadlığını əldə edə bilmir, çünkü toplum onu fahişə görmək istəyir, orada qalması üçün hər kəs və polis kimi “güvənilir” qurumlar əlindən gələni əsirgəmirlər.

Bir sosial gerçək ortaya çıxır: Qadın ya bir erkəyin köləsi olmalı, erkəyi tərəfindən döyülməyi də nemət olaraq görməli, ya da döyülməyərək, aşağılanmayaraq bir həyat yaşamaq istərsə, fahişəlik etməlidir.

Müsəlman ölkələrinin tarixi və törələri bu istiqamətdə və qadın düşmənliyi əsasında formalaşıb.

Bir qadın aydınlanaraq modern dünyagörüşünə sahib olarsa, bu, kəndiliyindən toplum törələri və yasa dışı yollarla qazanılan sərmayə üçün təhlükə olaraq görünər və bu zehniyyət susdurulmalı, bu görüş sahibi fahişəliyə zorlanmalı, öldürülməlidir. Kitabın içində bu kimi gerçəklər oxucunu çox etkiləyir.

“Yurdsevərlik yoxsul sinfin zənginlərin torpağını qoruması, onların mülklərini savunaraq ölməsi anlamında idi, çünkü yoxsulun torpağı yox idi.” Bir fahişənin vardığı bu gerçək, əslində tarixi və cahanşümul bir problem deyilmi?

Ölkənin güvənlik və şərəfini qorumaqla görəvli olan polis sistemi, əslində sərmayənin, əxlaqsızlığın qoruyucu düzəni kimi mövcuddur. Polis sistemi iqtidar sahibləri tərəfindən qurumsaqlıq düzəni kimi təsis edilib.

Aşağı sinif qadınların eşqinə də ehtiyac olmadıqdan sonra sistemə bağlı olmadan azad insan kimi yaşaya bilmək üçün fahişəlik tək yol olaraq ortaya çıxır.

Lakin fahişəlikdə azadlıq varmı? Bir qadının bədənini sataraq, kimsəyə möhtac olmadan həyatını təmin etməsinə imkan verilərmi?

Qadın bədəni üzərindən sərmayə qazanan və dövlətlə bu məsələdə əməkdaşlıq edən mafiya üzvləri buna izn verərlərmi?

Fahişəlik yoluyla olsa belə, bir qadın öz qazandığı sərmayəyə sahib ola bilərmi? Bu sualların cavabını kitabda görəcəksiniz.

Əsərin fahişə qəhrəmanı sonunda bu görüşə varacaqdır: “Gerçəklər də insanı öldürdüyü üçün, ölüm kimidir. Mən bir insanı öldürdüyüm zaman onu bıçaqla deyil, gerçəklə öldürərəm. Bu üzdən məndən qorxur və məni yox etmək üçün tələsirlər.”

Aradan onillər keçsə də, dünyada ən çox oxunan kitablardan biri bu əsər olub.

XS
SM
MD
LG