- Arazın o tayından
Kiyan Xiyav
*
Gecələr var, gecələr
Özümüzü yuxularda görək deyə
Bir dib otağa sığınıb yatırıq
Unuduruq bütün nəsəni.
Dib otağımız önündə bomboş bir küçə
Küçəmizin yiyəsi yox.
Məmləkətin yiyəsi yox
Bir xıl sümsünən aralıq itləri!...
*
Kirli sularla sulandı iydə ağaclarımız
Biz boş yerə yaxardıq yağmur daşına.
Qurduğumuz yuvalar sel basardaymış
Bunu sonralar anladıq
Və iydə ağaclarımız
Bir çiçək belə açmadı sonunda!...
*
Polislər evə girsələr Nazlıcam qorxar
Hara gedim? Kimə deyim?
Mənim Nazlıcamla sizin polislər
Bir tavan altında ola bilməzlər.
Ya siz ölməlisiniz
Ya mən evlənməməliydim!!!...
*
Biz ölkəsiz deyilik
Külək və mən
Saçınlıyıq!
*
Yaşayanda demirəm
Öləndə gül kimi ölmək istərdim.
Torpaq nədir?
İki-üç yarpağım olsa
Özüm özümü quylaya bilərəm!
*
Kim deyir azadlıq yoxdur
Mən azadam
Cümə axşamınn günortasından
Cümə gününün günortasınadək
Ölülər ruhu kimi.
*
Saatbaşı bir “özgürlük” yazıram
əllərimi gövdəsinə sürtürəm
bağrıma basır öpürəm
özgür deyiləm ancaq.
*
Azadlıq istəmirəm
Olsa
Ona şeir yaza bilmərəm!
Polis
Aaaah, araba qəzasına uğrayan bir gəncəm
Kimsiz, kimsəsiz
Kimliyi qanına çulğanmış itmiş.
incimə söyüşümdən
Ciblərimi qoru ailəm üçün
Bir buta gülün də olsun məzarıma, polis!
Qonağı ol evimin
Səni sevirəm.
Çörək ardınca qaçaqçı bir qadınam
Gözlərimdə min uydurucu maddənin
Zəhər dadan görüngüsü.
Səninsə belində tüfəng susqun qaranquş.
incimə söyüşümdən
döl yatağımda bic bir cocuğum var;
qoru onu!
Bir buta gülün də olsun məzarıma, polis!
Qonağı ol evimin
Sevirəm səni.
Günəşini arayan bir ağ quş ağarçınınam
O mil-mil qanadı çin-çin
Adı göy quşun göyərçin.
Haralara uçuram, bilirmisən?
Yox, bilməməzliyə vurma özünü
Ürəyi ağrılı buludlar belə məni tanıyır.
Sıxma qurşununu, sıxma
Quş dönər, qurşun dönməz.
Sıxdınmı artıq darıxma
incimə söyüşümdən
Qəfəslərdə qoyduğum yumurtalar var;
Qoru onu!
Bir buta gülün də olsun məzarıma, polis!
Qonağı ol evimin
Sevirəm səni.
Gözəl-gözəl geyiminlə
Gözəl-gözəl yürü qaldırımlar üzrə
Sırayla yürü
Sıra-sıra
Tanrı sırası
Tanrı sıravi polis
Tanrısı ravi polis
Kəsin tanrı anladır səni bizə
Nəsələri içdən qoruduğun üçün.
Tanrımı sırlanır səndə?
Tanrı, mısırlanır səndə
Tanrı mısır tanrısı
Polis mısır, tanrı sıradır
Polis mısır tanrısı "ra"dır.
Dilim dolaşır səni görüncə
Bir cənnnnəəəə..... bir cəhənnnnnəəəə.....deyəmmi sənlə, bilmirəm.
Ancaq
ilan dərisi tək parlaq
Paltarınız kimi ışıldaq
Ağ kağızlar işçisi bir qoşuqçuyam.
Şəhərə barıt eyiməsin deyirəm
əlləri yalın
ayaqları yorqunların önündə
qana susuz olmasın qılınc
qılınc ucuna minməsin öfkələr!
Dağ deyil, torpaq deyil, bayraq deyil
insanın adlım adına
insana qarşı olanla vuruş dur deyirəm sənə!
Gənclər, qadınlar, quşlar və qoşuqçular
incinər söyüşündən
göz yaşlarımız unutmaz adını
bir qaş ulduz qonar məzarına, polis!
Evinə qonaq et bizi
Sev bizi!....