Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:46

Lukashenka sanksiyadan qurtula bilər


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

-

Belarus ötən ay bir qrup siyasi məhbusu azad edəndən sonra Avropa Birliyi bu ölkəyə qarşı bəzi sanksiyaları qaldırmaq istəyir. Bu sanksiyalara prezident Alyaksandr Lukashenka-ya səyahət qadağası da daxildir. Xəbəri diplomatik qaynaqlara istinadla «Reuters» agentliyi yayıb.

«Bu keçmiş sovet respublikasına silah embarqosu qalacaq. Ancaq Avropanın «sonuncu diktator» adlandırdığı şəxsə ilkin güzəşt olaraq viza qadağalarının götürülməsi, dondurulmuş hesabların açılması götür-qoy edilir. İnsan haqları pozuntularına görə 200-dək adama belə qadağa qoyulub», - agentlik yazır.

Lukashenka-nın təhlükəsizlik xidmətinin 4 üzvünə sanksiya götürülməyəcək. Onlar siyasi opponentlərin yoxa çıxmasında şübhəli bilinirlər.

Rəsmi qərar gələn həftə, AB diplomatlarının görüşündə verilə bilər. Ola bilsin, oktyabrın 31-də bitən sanksiyaların müddətinin uzadılmasına, ancaq onların tətbiqinin dayandırılmasına qərar verilsin.

Ancaq diplomatlardan bəziləri 11 oktyabr seçkisinin nəticəsini gözləməyə üstünlük verir. 21 ildir hakimiyyətdə olan Lukashenka-nın həmin seçkini də udacağı gözlənir.

«Reuters» yazır ki, Lukashenka-nın özü də sanksiyaların qaldırılmasından faydalana bilər. O, AB-nin sanksiya siyahısında 124-cü yerdədir.

RUSİYA SURİYADA GÜCLƏNİR

Rusiya Suriyanın Latakiya ərazisində Basil əl- Əsəd hava bazasını sürətlə genişləndirir. Bunu «Stratfor» Araşdırmalar Mərkəzi təsdiqləyir. Qurum bazadan sentyabrın 4-də və 15-də çəkilmiş fotoları müqayisə edir və bildirir ki, tikinti işləri tamamlanmaqdadır. Rusiya hava bazasına yeni hərbi texnika yerləşdirib.

Rusiya nəqliyyat təyyarələri.
Rusiya nəqliyyat təyyarələri.

Uçuş zolağında və yaxınlıqda böyük Rusiya nəqliyyat təyyarələri görünür.

Ən çox diqqətçəkən dörd hərbi vertolyotdur. Daşıyıcı vintlərinin olmaması onların bazaya yenicə gətirildiyini göstərir.

«Stratfor» fotolara əsasən bildirir ki, bazaya böyük bir piyada bölüyü, BTR tipli zirehli texnika, T-90 döyüş tankları, eləcə də səhra artilleriya batareyası yerləşdirilib.

Qurum hərbi qüvvələrin artırılmasını diqqətlə izlədiyini yazır: «Rusiya, ola bilsin, bazaya qırıcılar yerləşdirməyə dair yekun qərar verməyə çalışır, ya da ki, irəli addım atmazdan öncə durumu dəyərləndirmək üçün ilkin qüvvələr yerləşdirir».

«Quruda mövqeyini möhkəmləndirməsinə baxmayaraq, rusiyalılar üçün də risklər var. Rusiya qırıcılarının Suriya hava məkanına müdaxiləsindən təkcə ABŞ və Türkiyə narahat deyillər. İsrailin baş naziri Benjamin Netanyahu gələn həftə Rusiya prezidenti Vladimir Putin-lə görüşəcək, İsrailin «Hizbullah»la müharibəsinə müdaxiləni önləmək üçün Rusiyanın fəaliyyətinin hüdudları barədə anlaşma əldə etməyə çalışacaq. Moskvanın regiona yerləşməyə imkanları var, ancaq bir sual açıq qalır ki, harayadək gedəcək?».

MOSKVA SANKSİYALAR ALTINDA ƏZİLMƏYƏ BAŞLAYIR

«Stratfor» başqa araşdırmasında Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan yazır.

Karikatura. Çökən rubl.
Karikatura. Çökən rubl.

«Enerji qiymətlərinin düşməsi və iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına təsirini göstərməkdədir. Hətta Kreml sanksiyaların yumşaldılmasını növbəti ilin siyasət gündəmində ön sıraya çəkir. Qərbin sanksiyalarının çoxu Rusiya iqtisadiyyatına uzaq perspektivdə təsir göstərməyi hədəfləyir. Məsələn, Arktikada neft və qaz ehtiyatlarının işlənməsi layihələrinə təsir göstərəcəkdi. Ancaq Rusiya elə bir həddə çatıb ki, əsas layihələrdə yubanmalar, eləcə də Rusiya şirkətləri və bu ölkədə işləyən Qərb firmalarına maliyyə məhdudiyyətləri elə yaxın gələcəkdə iqtisadiyyata sağalmaz zərbə vura bilər… Qlobal iqtisadiyyatda da düşüş əlamətləri var və Ukrayna böhranından bəri yarıbayarı azalmış neft qiymətləri bir müddət belə qalacaq və ya bir az da düşəcək. Başqa sözlə, Rusiya anlamağa başlayır ki, sanksiyalara çox duruş gətirə bilməyəcək və növbəti beş il Rusiya iqtisadiyyatı üçün çətin dönəmə çevriləcək».

«Stratfor» yazır ki, Moskvanın 2016-1027-ci illərdə əsas məqsədi sanksiyaların yumşalmasıdır. Ukrayna və Suriyada bacardığından istifadə edib özünü tərəfdaş kimi göstərməyə çalışacaq. «Nəzəri baxımdan, Avropa Birliyi yanvarın əvvəlində məhdudiyyətlərin bəzilərini qaldıra bilər, sanksiyalar həmin vaxt başa çatır. İndi Rusiya çalışır ki, ABŞ növbəti iki il ərzində sanksiyaları ləğv etsin».

«Ancaq Moskva bu niyyətinə baxmayaraq, Vaşinqtonun tələblərinə tam boyun əyməyəcək. Rusiya Ukraynanın şərqində təsiri saxlamalı və NATO-nun Rusiyanı sıxışdırmaq cəhdlərini əngəlləməlidir. Sanksiyalar axır ki, Rusiyanı «dalamağa» başlayıb və Moskva əlindəki məhdud üsullarla yumşalma istəyir. Ancaq yenə də Rusiyanın razılaşmayacağı güzəştlər qalır».

XS
SM
MD
LG