Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:15

TeliaSonera Azərbaycandan qaçır


Avropanın nüfuzlu mobil telefon əməliyyatçılarından biri olan TeliaSonera şirkəti elan edib ki, Azərbaycan da daxil keçmiş sovet ərazisindəki 6 bazarı tərk edir.

Avropanın nüfuzlu mobil telefon əməliyyatçılarından biri olan TeliaSonera şirkəti elan edib ki, Azərbaycan da daxil keçmiş sovet ərazisindəki 6 bazarı tərk edir.

AzadlıqRadiosu qeyd edir ki, bütün bu bazarlarda Skandinaviyanın telefon nəhənginin rüşvət təhqiqatları, qazandığı pulun öz hesablarına köçürülməsində ona yaradılan əngəllər və keçmiş sovet ərazisində qondarma partnyorlarla işləməyə məcbur olması kimi ciddi problemləri olub.

Azərbaycan prezidentinin saytından, 2012-ci il
Azərbaycan prezidentinin saytından, 2012-ci il

Şirkət keçmiş sovet məkanını tərk etməsi barədə elanı sentyabrın 17-də buraxdığı mətbuatı xülasəsi ilə bildirib.

Mətbuat bildirişində sözü gedən coğrafi məkanı “Avrasiya regionu” adlandıran şirkət bəyan edib ki, tərketmə prosesi artıq başlanıb.

Şərti olaraq Rusiya Avrasiya adlandırılan əməliyyatlar bölgəsinə Qazaxıstan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova və Tacikistan, bir də Nepal daxildir.

Ümumilikdə TeliaSoneranın boşaltdığı bazar onun 2014-cü il üçün bütün satışlarının beşdə birini və gəlirlərinin dörddə üçünü təşkil edib.

Üzü şimala doğru geriyə

“Biz şirkətin istiqamətini üzü Avropa və İsveçə doğru çevirməliyik”, - deyib TeliaSoneranın rəhbəri Johan Dennelind, yazır AzadlıqRadiosunun Özbək xidməti.

O deyib ki, şirkətin Avropa və İsveçə investisiyalar yatırmasında böyük uğurlar gözlənilir.

TeliaSonera bugünədək Özbəkistan və Azərbaycanda yerli partnyor şirkətlərin başında kimlərin durduğunu bilmir

Johan Dennelind etiraf edib ki, şirkətin regionu tərk etməsində “burada həllini tapmamış məsələlər də” rol oynayıb.

Dennelind bu barədə sentyabrın 17-də telefonla keçirdiyi mətbuat konfransında müfəssəl məlumat verib.

O deyib ki, TeliaSonera bugünədək Özbəkistan və Azərbaycanda yerli partnyor şirkətlərin başında kimlərin durduğunu bilmir.

Şirkət başçısı deyib ki, indiyədək Özbəkistan və Nepalda ilişib qalmış 605 milyon dollarını çıxara bilmir.

Dennelind-in sözlərinə görə üstəlik Özbəkistanda bir neçə prokuror TeliaSonera ilə bağlı təhqiqat aparırlar.

Xoşagəlməz iddialar

Johan Dennelind TeliaSoneraya rəhbər təyin olduğu son iki il ərzində şirkətin Özbəkistanda bulaşan reputasiyasını bərpa etməyə çalışır.

İki il əvvəl Özbəkistanda şirkətə lisenziya verilməsi prosesində iddia olunan korrupsiya əməlləri ilə bağlı TeliaSonera-nın o zamankı başçısı Lars Nyberg, baş maliyyəçisi Per-Arne Blomquist və daha üç menecer istefa verməyə məcbur olmuşdular.

TeliaSonera ilə bağlı Özbəkistan qalmaqalında prezidentin qızının adı çəkilirdi
TeliaSonera ilə bağlı Özbəkistan qalmaqalında prezidentin qızının adı çəkilirdi

Şirkətin korrupsiya iddialarının araşdırlıması üçün kirayələdiyi hüquq firması bildirmişdi ki, TeliaSonera 2007-ci ildə Özbəkistanda lisenziya alarkən daha diqqətli olmalı idi.

Son altı ildə AzadlıqRadiosunun Azərbaycan və Rus xidmətləri də TeliaSonera-nın Azərbaycandakı fəaliyyəti ilə bağlı xoşagəlməz iddialar barədə yazılar dərc edib.

Bu yazılarda TeliaSoneranın “vətəni” İsveçdən olan hüquq müdafiəçilərinin şirkətin Azərbaycan, Gürcüstan, Özbəkistan və başqa ölkələrdə siyasi fəalların təqibində xüsusi orqanlarla əməkdaşlıq etdiyi barədə iddialarından söhbət gedirdi.

Məsələn, qeyd edilirdi ki, iddialara görə, Azərbaycanda, TeliaSonera-ya aid olan Azercell şirkəti jurnalist Aqil Xəlilin mobil telefonu vasitəsiylə izlənməsinə yardım edib.

TeliaSonera-nın “Azərbaycan düyüm”ü da açılmamış qalır

Bloomberg saytına aid başqa bir məqalədə isə iddia olunurdu ki, TeliaSonera Azercell-i almaq üçün şübhəli vauçerlərdən istifadə etməyə çalışıb.

Bütün bu prosesdə Azərbaycandakı “özəlləşdirmənin” arxasında duran real insanların, reallıqda Azercell-ə sahib olmaq istəyənlərin adları gizli saxlanırdı.

TeliaSonera o vaxt bütün bu iddiaları tutarlı sübutlar gətirmədən təkzib edirdi.

Johan Dennelind deyib ki, o, şirkətin payını almaq üçün təxminən 590 milyon ABŞ dollarının "Azərbaycanda yerli tərəfdaşa niyə verildiyini" bilmir

Nəhayət 2015-ci ilin 30 mayında AzadlıqRadiosu İsveç mediasına istinadən bildirirdi ki, TeliaSonera 2008-ci ildə Azercell şirkətinin üçdə bir hissəsinin satılıb-alınması ilə bağlı iddialardan sonra İsveç prokurorluğuna müraciət edib.

“İsveçin araşdırmaçı televiziya proqramı Uppdrag Granskning-ə danışan Telia Sonera rəhbəri Johan Dennelind deyib ki, o, şirkətin payını almaq üçün təxminən 590 milyon ABŞ dollarının "Azərbaycanda yerli tərəfdaşa niyə verildiyini" bilmir, Telecompaper saytı xəbər verir.

İsveç televiziyası və Şərqi Avropa ilə Mərkəzi Asiya ölkələrinin araşdırmaçı jurnalistlərini bir araya gətirən OCCRP qrupunun birgə təhqiqatında iddia edilir ki, TeliaSonera Azərbaycanda "prezident ailəsi ilə razılığa gələrək 790 milyon ABŞ dolları dəyərində hökumət aktivlərinin mənimsənilməsinə" kömək edib”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG