Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:36

Lökbatanda bir küçənin üzqaralığı...


►“Dedilər, “prezidentin sərəncamı var ki, əlavə tikililər sökülsün, yerində abadlıq işləri aparılsın, park salınsın”. Biz də etiraz etmədik.

Qaldığımız binanın qarşısında, ətrafında nə tikililər, bağlar vardısa, bir hissəsini sökdülər, çıxıb getdilər. Məhəllələrimizi elə vəziyyətə salmışdılar ki, palçıqdan, söküntüdən binalarımıza giriş-çıxışımız çətinləşmişdi”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 17 və 27 saylı binaların sakinləri deyir.

17-ci binada yaşayan Elnarə Abdulkərimovanın sözlərinə görə, ötən ilin yayında əvvəl Qaradağ rayon icra hakimiyyətinin göstərişi ilə yaşadıqları ərazidəki bağlar, əlavə tikililər dağıdılıb, abadlıq işləri aparılacağı bildirilsə də, bu günə qədər dağıntıların arasında yaşayırlar:

“Məhəlləni xaraba vəziyyətinə qoyublar. 2 il əvvəl söz vermişdilər ki, binanın ətrafını asfaltlayacaqlar, abadlıq işləri aparacaqlar. İndi bəhanə edirlər ki, adamlar əlavə tikililərin sökülməsinə imkan vermir.

Sənədsiz tikili ola, icra hakimiyyəti o tikilini sökməyə ki, birdən adamların xətrinə dəyər?

Elə bil camaatı ələ salırlar. Burda bir səbəb var – pul verməyənlərin əlavə tikililərini söküblər, digərlərindən pul alıblar deyə, yaxın düşə bilmirlər.

İşlər də qalıb yarımçıq...

Kimlərsə pul qazanır deyə, adamların normal şəraitini də xarabazarlığa çevirirlər”.

“BİNADAN ÇIXA BİLMƏYƏCƏYİK”

Sakinin sözlərinə görə, ərazidəki binaların sakinlərinin uzunmüddətli şikayətlərindən sonra üç həftə əvvəl icra hakimiyyətinin fəhlələri gətirib binaların qarşısına bir maşın çınqıl töküb yoxa çıxıblar:

“İcra nümayəndəsi gəlir, deyir “səbrli olun, hər şey düzələcək”, çıxıb gedir.

Qarşıdan yağışlı, palçıqlı havalar gəlir.

Yenə binadan çıxa bilməyəcəyik. Payızda buralar lap bərbad günə qalır”.

Qaradağ rayon icra hakimiyyətindən bildiriblər ki, Bilal Niftəliyev küçəsinin sakinləri tezliklə palçıqdan xilas olacaqlar.

Məsələnin gecikməsinə səbəb Lökbatanda abadlıq işlərinin geniş aparılması ilə bağlıdır. Növbə bu küçəyə də çatacaq.

Ancaq “bu küçədəki abadlıq işlərini yaxın gələcəyə planlayan icra hakimiyyəti sözügedən küçəni 1 il əvvəldən niyə söküntüyə, palçığa bürüyüb?” bu sualın cavabı tapılmadı.

XS
SM
MD
LG