Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:43

Azərbaycanı Səməd Behrəngi ilə tanıyanlar var


Ramin Cabbarlı
Ramin Cabbarlı

- "Bir sıra Azərbaycan yazarlarının əsərləri Türkiyədə siyasi əlaqələr əsasında yayınlanır.

Dövlətlərarası siyasi əlaqələr var deyə, kültürəl əlaqələr üçün müəyyən əsərlərin çapı nəzərdə tutulur. Müəyyən yerlərdə paylanır. Türkiyə oxucusunun bunlardan xəbəri də olmur..."

"Səməd Behrəngidən sonra Abdulla Şaiqin də uşaq ədəbiyyatına aid olan əsərlərini çevirmişik. Yəqin onlar da seriya şəklində “Kaynak” yayınları tərəfindən yayınlanacaq."

Görkəmli yazıçı Səməd Behrənginin Türkiyədə 12 cildlik kitablar seriyası nəşr edilib, bu seriyada yazıçının bütün uşaq hekayələri yer alıb. Türkiyənin "Kaynak" nəşriyyatında 2013-cü ilin aprelində çıxmağa başlayan bu seriyanın son 3 kitabı təzəlikcə işıq üzü görüb.

12 cildlik hekayələri (Türkan Urmulu ilə birlikdə) farscadan türkcəyə çevirmiş yazar, tərcüməçi, “Pen America”nın üzvü Ramin Cabbarlı Oxu Zalına müsahibə verib.

"Balaca Qara Balıq". İngiliscə nəşri
"Balaca Qara Balıq". İngiliscə nəşri

- Ramin bəy, sizcə, Səməd Behrənginin “Balaca Qara Balıq” əsərini xarici dillərə tərcümədə oxuyanlar bunun gözəl bir uşaq ədəbiyyatı olduğunu düşünürlər, ya həm də arxasında duran o məlum mənaya diqqət yetirirlər?

- Mən bu haqda bir neçə ingilisdilli amerikalı ilə danışmışam. Hətta ilk dəfə gördüyüm bir amerikalı kollec müəllimi “Azərbaycanı Səməd Behrəngi ilə tanıyıram” dediyində təəccüblənmişdim.

O da Səməd Behrənginin, xüsusən “Balaca Qara Balıq” əsərinin sadəcə uşaq ədəbiyyatına aid olmadığını, simvolik bir anlam daşıdığını söyləyirdi, amma təbii, fərqli tarixi-siyasi kantekstdə bu əsəri yoza bilərlər. (Müsahibənin davamı aşağıda)

Səməd Behrəngi
Səməd Behrəngi

Haşiyə. Səməd Behrəngi - 1939-cu ildə Təbrizdə doğulub.

28 yaşında İranın Azərbaycan əyalətinin Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.

Tələbəlik illərində "Xənde" (Gülüş) adlı həftəlik divar qəzeti buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb.

Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb.

Azərbaycan nağıllarını toplayaraq, fars dilinə tərcümə edib. Eyni zamanda fars dilindən Azərbaycan türkcəsinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.

İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsinin qalibi olub. Bundan sonra kitabları Avropa dillərində nəşr edilib. Azərbaycan xalq ədəbiyyatını toplayaraq, tədqiq və təbliğ edib.

Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. Ədəbi irsi zəngindir.

Bakıda ilk dəfə sovet vaxtı, 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb. Son illərdə "Qanun" nəşriyyatında iki kitabı çıxıb.

12 cilddən üçü
12 cilddən üçü

- Səməd Behrənginin bu tərcümə etdiyiniz kitabları Türkiyədə necə qarşılandı?

- Səməd Behrəngi əsərləri Türkiyədə çox satılan əsərlərdəndir.

Buna görə də bir çox nəşriyyatlar Səməd Behrənginin əsərlərini yayınlayıblar.

“Kaynak Yayınları” isə bütün əsərlərini yayınlamağa başladı.

Türkiyədə yayınlanan bir sıra Səməd Behrəngi əsərləri farscadan deyil, başqa dildən tərcümə edilib. Ümumiyyətlə, Türkiyədə farsdilli əsərlərin tərcüməsində problem var.

Məsələn, Sadiq Hidayətin “Kor Bayquş” əsəri əvvəl fransızcaya, sonra almancaya, sonra da almancadan Türkiyə türkcəsinə çevrilib.

Səməd Behrənginin 12 cildliyi həm farscadan ilk birbaşa tərcümədir, həm də Türkiyədə Səməd Behrəngi əsərlərinin ilk nəfis çapıdır.

Qiymətlərin o biri nəşriyyatlarla müqayisədə yüksək olmasına baxmayaraq, yaxşı oxucu diqqəti cəlb edə bildi. Belə ki, bu seriyanın ilk əsəri kimi yayınlanan “Küçük Kara Balık” ilk iki aya 3 dəfə nəşr edildi...

Bir də bu seriyadan kənar, Səməd Behrənginin araşdırma əsəri olan "İran Eğitim Sorunları Üzerine" adlı kitab çap olunacaq.

- Səməd Behrəngi seriyası tamamlanandan sonra hansı yazıçıları türk dilinə tərcümə edəcəksiniz?

Ramin Cabbarlı
Ramin Cabbarlı

- Həyat yoldaşımla (Türkan Urmulu) Türkiyədə yaşayanda Səməd Behrəngi seriyasını çevirməyə başladıq.

Səməd Behrəngidən sonra Abdulla Şaiqin də uşaq ədəbiyyatına aid olan əsərlərini çevirmişik.

Yəqin onlar da seriya şəklində “Kaynak” yayınları tərəfindən yayınlanacaq.

Mən Türkiyədə olduğum zaman Məhəmməd Əmin Rəsulzadənin də sosioloji-fəlsəfi məqalə və risalələrini bir kitab halında nəşr etdirmişəm.

“İran Meşrutiyet Devrimi: Güçler ve Amaçlar” adlı tarixi bir kitabı da həyat yoldaşımla birgə çevirdik. O da Türkiyədə nəşr olundu.

Hələlik bir sıra mövzularda, o cümlədən, Güney Azərbaycanın ictimai, siyasi məsələri haqqında araşdırma və yazılar yazmağı düşünürəm.

Eyni zamanda ara-sıra ingilsicədən əsərləri Azərbaycan türkcəsinə çevirmək fikrindəyəm.

Sanıram, Azərbaycan türkcəsinin tərcümə əsərlərinə daha çox ehtiyacı var. Özəlliklə, sosioloji və fəlsəfi kitablara gələcəkdə daha çox vaxt ayırmağı düşünürəm.

- Azərbaycan ədəbiyyatı Türkiyədə tanınır?

- Mənim fikrimə görə, Quzey Azərbaycan yazarları Tükiyə oxucusu tərəfindən tanınmırlar. Heç bir tanınmış kitab satış mərkəzində indiki çağdaş Azərbaycan yazarlarının kitablarına rast gəlmədim. Rastlaşdığım isə M.F.Axundov oldu, məsələn.

Bir sıra Azərbaycan yazarlarının əsərləri Türkiyədə siyasi əlaqələr əsasında yayınlanır. Dövlətlərarası siyasi əlaqələr var deyə, kültürəl əlaqələr üçün müəyyən əsərlərin çapı nəzərdə tutulur.

Bir sıra azərbaycanlı yazıçıların kitabları beləcə çap edilir, bu kitablar isə demək olar ki, oxuculara çatdırılmır.

Müəyyən yerlərdə paylanır. Türkiyə oxucusunun bunlardan xəbəri də olmur. Azad bazar şəraitində fəaliyyət göstərən nəşriyyatlar və kitab satış mərkəzlərində bu kitab görünmür.

Əslində Türkiyədə kitab bazarı azad bazar əsasında fəaliyyət göstərən bir bazardır. Burda ideoloji bağlılıq rol oynasa da, iqtisadi maraq ön plandadır.

Türkiyədə aktiv yayınevlərinin bir çoxu sol düşüncəlidir. Onlar da öz düşüncələrinə qarşı olmayan, eyni zamanda yaxşı satıla bilən kitabları seçirlər.

Bizim insanlar bir çox halda dövləti hər şeydə həlledici hesab etdikləri üçün kitab məsələsində də dövlətin roluna əhəmiyyət verə bilərlər. Amma Türkiyə kitab bazarının öz qayda-qanunları var.

Bu səbəbdən, Türkiyədə yayınlanan kitabların hansı nəşriyyat tərəfindən nəşr olunması çox önəmlidir. Çünki 300-500 tirajla tanınmamış bir nəşriyyat tərəfindən yayınlanan kitabla oxucu arasında dağlar qədər məsafə var.

Dövlətə bağlı yayınlar, bir də kiçik nəşriyyatların kitabları tanınmış kitab satış mərkəzlərində satışa buraxılmadığı üçün də oxucu onlardan xəbərsiz qalır...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG