Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Siyahıdan kənarda qalan deputatlar danışdı


Milli Məclisin deputatı Rəbiyyət Aslanova, AzadlıqRadiosu-nun efirində (arxiv fotosu)
Milli Məclisin deputatı Rəbiyyət Aslanova, AzadlıqRadiosu-nun efirində (arxiv fotosu)

-

16 sentyabr, 2015 – mətbuat icmalı

YAP NECƏ MƏSLƏHƏT BİLİRSƏ...

«Mən bu partiyanın üzvüyəm və YAP-ın qərarına da hörmətlə yanaşıram».

YAP-dan olan millət vəkili Rəbiyyət Aslanova belə deyib.

O, Yeni Azərbaycan Partiyasının açıqladığı deputatlığa namizədlər siyahısında adının olmamasını qafqazinfo-ya şərh edib. Bildirib ki, partiyanın qərarına hörmətlə yanaşır:

«Partiyamız necə məsləhət bilir elə də olur. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün...»

Rəbiyyət Aslanova müstəqil olaraq da namizədliyini irəli sürməyəcəyini də bildirib.

109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb.

Yap-ın budəfəki seçici siyahısından kənarda qalan Abel Məhərrəmov da bu barədə publika.az-a danışıb. Deyib ki, rektor-deputatlar seçim etməlidirlər – ya ali məktəb rəhbəri, ya da millət vəkili:

Abel Məhərrəmov, BDU-nun rektoru, millət vəkili
Abel Məhərrəmov, BDU-nun rektoru, millət vəkili

«Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım. İndi belə bir seçim qoyulub. Deputatlığa namizəd kimi gənclər irəli sürülüb. Hesab edirəm ki, YAP-ın yeni deputat üzvləri köhnələrdən heç də pis işləməyəcək. YAP-ın tanınmış gənclərinin namizədlikləri irəli sürülüb».

Abel Məhərrəmov YAP siyahısının namizədlərinin təqribən 20 faizinin yeniləndiyini və bunun da gəncləşməyə doğru atılan addım olduğunu deyib.

Hakim Yeni Azərbaycan Partiyası 1 noyabr Parlament seçkisinə namizədlərinin siyahısını sentyabrın 15-də açıqlayıb. Siyahıda hazırda deputat olan bir neçə şəxsin adı yoxdur. Onların arasında Cəlal Əliyev, Mübariz Qurbanlı və digərlərinin də adları var.

«ALTERNATİV YOL RUSİYADIR...»

«Bizim yol» qəzeti yazır ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və Azərbaycan Milli Məclisinin sənədə cavab olaraq qəbul etdiyi sərt qərar münasibətlərin daha da kəskinləşəcəyindən xəbər verir. «Azərbaycanın «Avronest»dən çıxması Azərbaycana sərf edirmi?» - deyə müəllif bu suala cavab tapmağa çalışır.

Elxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Avronest Parlament Assambleyasının iclaslarında iştirakdan imtina etməsi daha çox Ermənistana sərf edir. «Azərbaycan parlamentinin həmin qətnaməyə cavab olaraq qəbul etdiyi qərar adekvat deyil. Çünki biz «Avronest»i tərk etməklə faktiki meydanı Ermənistana buraxırıq. Yəni Ermənistana imkan yaradırıq ki, biz olmayan yerdə əleyhimizə sənədlər qəbul etsinlər».

Elxan Şahinoğlu hesab edir ki, Avropa Parlamentinin qətnaməsi, Qərb ölkələri ilə münasibətlərin gərginləşməsi həbsdə yatan bir neçə nəfərə görədir.

«Həmin adamları həbsdən buraxmaqla bütün bu gərginliyi aradan qaldırmaq olar. Necə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu addımı atdı. Biz də seçkiyə gedirik və düşünürəm ki, bizdə də həmin «mübahisəli məhbus», yaxud «siyasi məhbus» hesab edilən şəxsləri azad etməklə gərginliyin 80-90 faizi aradan qalxacaq. Azərbaycanın bu addıma daha çox ehtiyacı var. Ancaq qorxuram ki, Azərbaycan münasibətlərin daha da gərginləşdirilməsi yolunu seçsin. Avropadan qətnamələr gördükcə, daha da kəskin cavablar verir, addımlar atır. Bu da Avropadan qopmamıza gətirib çıxara bilər».

Əgər Avropadan münasibətlərdən qopuruqsa, bu qədər tənqid ediriksə, alternativi nədir? Politoloq deyir ki, belə olan halda, alternativ Rusiyadır.

VƏZİYYƏT GƏRGİNLƏŞMƏKDƏ DAVAM EDƏCƏK

«Ölkəni elə bir vəziyyətə gətirib çıxarmaq lazım deyildi ki, belə bir qətnamə dəqəbul edilsin. Qətnamə yetərincə obyektiv və sərtdir. Bütövlükdə Avropa dəyərləri baxımından Azərbaycandakı vəziyyətin qiymətləndirilməsini özündə ehtiva edir. Mənə eləgəlir ki, burada bir az hisslərin və həyəcanın təsirinə düşüb, Avropanın, Avropa Parlamentinin ünvanına gərəksiz, lazım olmayan ifadələri deməyə ehtiyac yox idi».

Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənli «Azadlıq» qəzetinə müsahibəsində belə deyib.

Milli Şuranın sədri, Cəmil Həsənli
Milli Şuranın sədri, Cəmil Həsənli

Şura sədri Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamə və hakimiyyətin bu qətnaməyə reaksiyasını şərh edib.

Bildirib ki, əslində parlament özündə güc tapıb ölkə başçısının qarşısında siyasi məhbusların azad olunması məsələsini qaldırmalı idi. Məsələnin belə qoyuluşu problemin həllinə, vəziyyətin normallaşmasına Milli Məclisin böyük töhfəsi olardı.

Cəmil Həsənli hazırda yaşananları 2013-cü ilin davamı adlandırıb:

«Ötən 3 seçkidə saxtakarlığın dinamikasına diqqət yetirsək, acı həqiqət ortadadır. ATƏT-in Demokratik Təsisatlar və Seçki Institunun rəqəmlərinə görə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23, 2010-cu ilin parlament seçkilərində 32, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Əslində mən deyərdim ki, Avropa Parlamentinin qətnaməsi bu narahatçılığın ifadəsidir. Əslində, Azərbaycana münasibət baxımından Avropa Birliyində, AŞPA və ATƏT-də yaranmış bugünkü yanaşma 2013-cü ilin davamıdır. 2013-cü ilin prezident seçkiləri bir həqiqəti açıq şəkildə ortaya qoydu ki, ölkədə hakimiyyət məsələsində Azərbaycan xalqının rəyi, seçicinin səsi mühüm deyil, həlledici deyil».

NEFTİ UNUTDUQ, BƏS İLHAM ƏLİYEVİN İNKİŞAF KONSEPSİYASINI NECƏ?

Virtualaz.org yazır ki, dünya bazarlarında neft də daxil olmaqla əsas xammal növlərinin kəskin ucuzlaşması və buna paralel olaraq iqtisadiyyatı xammal ixracından asılı olan ölkələrin yaşadıqları problemlər iqtisadiyyatın şaxələndirilməsinin nə dərəcədə həyati əhəmiyyət kəsb etdiyini bir daha ortaya qoyur.

Dünya bazarında neftin qiyməti (arxiv fotosu)
Dünya bazarında neftin qiyməti (arxiv fotosu)

«Neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycana neft dollarlarının axını təzəcə başlayanda prezidentin irəli sürdüyü əsas deviz idi» – deyə yazan portal 2008-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin yaradılması da məhz Azərbaycanın uzunmüddətli inkişafına, həm də xammaldan asılı olmayan inkişafına yönəlmiş konsepsiyanın taleyini araşdırıb.

Portalın araşdırma nəticəsində gəldiyi qənaət odur ki, elmin, təhsilin tənəzzüldə olduğu bir vaxtda ölkədə bu cür tədqiqat mərkəzinin mövcudluğu, orada aparılan elmi araşdırmalar və əldə edilən innovativ nəticələr Azərbaycanda yüksək texnologiyaların inkişafı baxımından ciddi dönüş hesab edilə bilər. «Bir şərtlə ki, bu tədqiqatlar bürokratik əngəllərin, ayrı-ayrı məmurların kommersiya maraqlarının və elmə biganəliyin güdazına getməsin...»

ABŞ-IN İKİÜZLÜ SİYASƏTİ VƏ....

«İkiüzlülük - Vaşinqtonun «yumşaq güc» siyasətinin, digər ölkələri öz hərəkətlərinin legitimliyinə inandırmaq bacarığının mühüm tərkib hissəsidir» – «Azərbaycan» qəzeti «ABŞ-ın ikiüzlü siyasəti və Azərbaycanın yeni xarici siyasət vektorları» adlı məqaləsində belə yazlr.

ABŞ və prezident Obamanın tənqid olunduğu məqalədə bildirilir ki:

«Sovet İttifaqının dağılmasından sonra ABŞ və Qərb dövlətləri islam dünyasına və müsəlman ölkələrinə qarşı açıq düşmən münasibəti göstərməyə başlayıb, terrorla mübarizə və demokratik standartların tətbiqi adı altında onların daxili işlərinə müdaxilələri gücləndirib. Qərbin əl uzatdığı ölkələr xaos, vətəndaş müharibəsi, iqtisadiyyatın dağılması, ərazi bütövlüyünün sual altına düşməsi faktları ilə üz-üzə qalıblar....

Rasim Əliyev və nişanlısı Gülər Abbasova (arxiv fotosu)
Rasim Əliyev və nişanlısı Gülər Abbasova (arxiv fotosu)

Nəticə etibarilə ABŞ öz daxilində antidemokratik meyillərin geniş vüsət alması problemini deyil, digər ölkələrdə baş verən halları müzakirə etmək istəyir. Məsələn, Azərbaycanda Ann.az saytının əməkdaşının öldürülməsi ilə bağlı Dövlət Departamentinin nümayəndəsi çıxış edərək rəsmi Bakını məsələni tam araşdırmağa və günahkarları cəzalandırmağa çağırdı. Avropa Şurasının Baş katibi Torbyorn Yaqland daha uzağa gedərək məsələni siyasiləşdirdi və Rasim Əliyevi Amerikanın Azərbaycandakı səfirliyinin patronajlığı altında fəaliyyət göstərən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri kimi qələmə verdi. Avropa Parlamenti isə yalanın rekorduna imza ataraq öz qətnaməsində bəyan etdi ki, «RATİ» sədri, jurnalist Rasim Əliyev sosial mediada Azərbaycan hakimiyyətini tənqid edib, ardıcıl hədə-qorxu ilə üzləşib, sonra isə qəddarcasına döyülüb və xəstəxanada keçinib».

ABŞ və Qərbin ikili standartları həm də dünyanın ayrı-ayrı bölgələrində baş verən insidentlərə, hərbi əməliyyatlara, separatçılığa münasibətdə də özünü açıq göstərir. Postsovet ölkələrində yaranmış digər ərazi münaqişələrindən fərqli olaraq Qərb ölkələri və qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konkret və təsirli addımlar atmaqdan çəkinir, yalnız deklorativ bəyanatlar verməklə kifayətlənirlər...

Beləliklə, bu gün bütün dünya ABŞ və onun rəhbərliyi altında Qərbin yürütdüyü siyasətin acı fəsadlarını yaşayır. Müharibələr, separatizm, yoxsulluq, iqtisadi böhran və digər bu kimi hallar Barak Obamanın prezidentliyi dövründə daha geniş yayıldı və faktiki olaraq bəşəriyyəti təhdid altında saxlamaqda davam edir. Ayrı-ayrı qüvvələrin bu gücə qarşı çıxmaq cəhdləri heç bir nəticə vermir. Belə bir vəziyyətdə Azərbaycan kimi müstəqil siyasət yürüdən və çətinliklə də olsa, mövcud problemləri dəf edə bilən, təhdidlərə sinə gərən ölkələr nə etməlidir?»

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG