Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:04

Çexiya lideri Əliyevlə nədən danışacaq


İlham Əliyev və Milos Zeman
İlham Əliyev və Milos Zeman

-

Çexiya prezidenti Milos Zeman sentyabrın 15-də Azərbaycana gəlib. O, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək, biznes seminarına qatılacaq. Səfərin əsas məqsədi iqtisadi məsələlərdir, sözçüsüJiri Ovcacek CTK agentliyinə belə deyib. Zeman-ı həyat yoldaşı Ivana Zemanova müşayiət edəcək.

Çexiyanın «Ceske noviny» saytı yazır ki, Azərbaycan Çexiya Respublikasına ikinci böyük neft ixracatçısıdır.

Sentyabrın 15-də Zeman ölkəsinin Bakıdakı səfiri ilə görüşəcək. Onun prezident Əliyevlə görüşü, iki ölkənin nümayəndə heyətlərinin danışıqları günortadan sonraya planlaşdırılır. Daha sonra qala nahar olacaq.

TİKİNTİ BUMU DAVAM EDƏCƏK

Ovcacek deyib ki, Zeman Azərbaycanla indiki münasibətlərin səviyyəsini artıracaq strateji tərəfdaşlığın qurulmasını müzakirə edəcək. Çərşənbə günü iki prezident biznes seminarı açacaq. Bu tədbirdə iqtisadi məsələlər vurğulanacaq, bir sıra razılaşmalar, sənədlər imzalanacaq. Sözçü bu sənədlərin neft sazişlərinə aid olub-olmayacağını açıqlamayıb.

Hazırda çex şirkətləri Azərbaycana texnika, şüşə məhsulları, avtomobil ixrac edir. Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanda yeni biznes imkanları aça bilər. Məsələn, yolların, magistralların tikintisində əməkdaşlıq oluna bilər. Sayt vurğulayır ki, 2040-cı ilədək Bakıda 70 yeni metrostansiyası tikmək planlaşdırılır.

Çex diplomatları müdafiə, kimya sənayelərini, tikinti texnikası təchizatı sahəsində əməkdaşlığı da gözdən keçirirlər. «Son illər Azərbaycanda tikinti bumu yaşanıb və bu, bir neçə il davam edəcək», - nazirlik bildirir.

Ötən il Çexiyanın Azərbaycana ixracı 2.4 milyard kron (100.5 milyon ABŞ dolları) həcmində olub. Bu isə 2013-cü ildəkindən bir milyard azdır. Ötən il idxal isə 39 milyard (1.6 milyard dollar) həcmində olub ki, bu da neft idxalı sayəsində baş tutub. Çex şirkətləri Azərbaycanda 26.9 milyard kron (1.12 milyard dollar) xərcləyiblər.

İQTİSADİ DİPLOMATİYA

«Ceske noviny» yazır ki, Zeman daima iqtisadi diplomatiyanı dəstəkləyib. Ancaq o, bu işi insan haqları hesabına etdiyi üçün tənqid olunub.

«Bakıdakı avtoritar rejim insan haqları pozuntularına görə tənqid olunur. Sentyabrın əvvəlində hökumət korrupsiyasını ifşa edən jurnalist Xədicə İsmayıl 7.5 həbs cəzası alıb. O, vergidən yayınma, qanunsuz sahibkarlıq, mənimsəmədə ittiham olunub. Avqustun ortasında isə tanınmış insan haqları fəalları Leyla və Arif Yunuslara 8 il yarım və 7 il həbs cəzası kəsilib. «Amnesty International» onları vicdan məhbusu kimi tanıyıb, hökmü biabırçı adlandırıb», - sayt yazır.

Məqalədə o da vurğulanır ki, Zeman keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edəcək, universitet tələbələri qarşısında çıxış edəcək, çex dilini öyrənən tələbələrlə görüşəcək. O, Azərbaycanı cümə axşamı tərk edəcək.

Hakimiyyət ölkədə insan haqları pozuntuları barədə beynəlxalq və yerli tənqidləri qəbul etmir, bütün hüquq və azadlıqların tam təmin olunduğunu, qorunduğunu bildirir.

XS
SM
MD
LG