Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:58

Sən riyaziyyatı bilməsən yaxşıdır


Vəfa Mürsəlqızı
Vəfa Mürsəlqızı

- Şeirlər

Vəfa Mürsəlqızı (Qafarova)

Bilməsən yaxşıdır...

Eh… sən riyaziyyatı bilmirsən,
bəlkə müəllimin də bilmir, qızım!
Anan öyrətsin deyirlər,
Ürəyim gəlmir qızım!
Riyaziyyat, illərlə birini gözləmək, sonunda topladığın illərin,
cəm yox “Qismət” olduğunu görməkdir.
Riyaziyyat, bir qocanın aldığı təqaüdü
otuz günə bölməkdir.
Riyaziyyat, baharın üç aydan sonra yox,
bəlkə də illərlə gəlməyəcəyini bilməkdir.
Bir xanımın çəkməsinin pulunun
bir ailənin aylıq gəliri ilə müqayisəsidir.
Riyaziyyat, bir kişinin barlarda bir saat xərclədiyinin
bir müəlimin bir aylıq qazancından cox olmasıdır.
Riyaziyyat, xəstə yiyəsinin beynindəki çək-çevirdir.
Qara neftin qiymətinin ən sonda “Boş çoxluq”
olmasıdır.
Bölünmüş məmləkətin parçalarını toplayıb
kəsrdən "Vahid" düzəldə bilməkdir.
Riyaziyyat, bir qarının öğlunu ən son
nə vaxt görməsini hesablamasıdır.
Saçlarıma həsrətin saldığı dənin hesabıdır.
Onun gedişindən sonra,
hər günü bir ilə çevirsən,
bu hesabla həsrətin necə əsrə bərabər olmasıdır.
Anan da yaxşı riyaziyyatçı deyil, qızım
Geridə qalan illərlə, yaşayacağı illəri ha toplasa da "ÖMÜR" ala bilmədi.
Riyaziyyat həyatdır, qızım!
Sən riyaziyyatı bilməsən yaxşıdır.

Bozarmış divarların sevgi sətri

Hər səhər oyanıb boylandığın pəncərənin

qarşısındakı divara yazılan yazıya inanma!

Onu yazan oğlan kim bilir hardadır indi.

Ya o lay divar oğlan yalançıdır, ya da o lay divar.

Gerdanın Kay üçün tökdüyü göz yaşlarına rəğmən,

Kay sevgilərinin timsalı olan,

qırmızı və ağ qızılgülləri xatırlamadı.

Sən də unut!!!

Bu şəhər əslində vəfasızdır, Əminə!

Daş divarlarına həkk olunan qızların adını unudacaq qədər vəfasız.

Sahildən üzüyuxarı qalxan pilləkənlərə,

yazılmış "Səni sevirəm" kəlməsini neçəsi ayaqlayır gündə.

Sevgilərini ayaqladığı kimi.

Bu şəhərin vəfasizlığı adamlarını canına hopub, Əminə!

Bu əsrdə Leylilər xiffətdən dərdə düşmür,

Məcnunlar dəli olub səhra sakini olmur.

Kaylar son anda "Əbədilik" sözünü yazmır buz üstünə.

Ovodlar ağrılarını Jemmalardan gizlətmir sevgisi içrə.

O oğlanın səni xatırlaması cox çətindir, Əminə!

Dənizin dalğalarının bu axşam,

ahildən silib-süpürdüyü sözləri,

sabah səhər xatırlaması kimi.

Gözündəki buz çınqısı düşməlidir bundan otru.

Bu şəhərin kim bilir hansı küçələrində ,

neçə-neçə qızın adını yazıb divarlara o oğlan.

Hər divarın qarşısındakı pəncərədən bir qız boylanır hər axşam.

Əmin olma ona Əminə!

Mənə əmin ol,

O oğlan sənin adını qəlbinə yazsaydı divara yaza bilməzdi, Əminə!

XS
SM
MD
LG