Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:25

"Azərbaycan Pen Klubu" Şrödinger pişiyidir


- "Hörmətli Elvin,

Mәktubunuz üçün tәşәkkür edirik.
Tәәssüflә qeyd etmәliyәm ki, ortada yanlış anlaşılma var. PEN International-ın Azərbaycanda heç bir nümayəndəliyi yoxdu. Bundan başqa, mәn Çingiz Abdullayevlә heç vaxt kontaktda olmamışam vә bu insanla, ümumiyyәtlә, tanış deyilәm.
Әgәr Siz kimdәnsә Azәrbaycan PEN-in nümayәndәsi olması haqqında iddia eşitmisinizsә, xahiş edirәm, mәnә bildirin, mәn onlarla danışacağam.
Hörmәtlә, Paul Finnegan
PEN International"

Futbol mətbuatını təmsil edən azərbaycanlı jurnalistin Beynəlxalq Pen Klubun Şöbələr və Komitələr rəhbəri Pol Fineqana yazdığı məktuba aldığı cavab sükutu pozub. Ədəbiyyat mətbuatında sözlər söylənib, bəyanatlar verilib.

Oxu Zalı isə Pen International təşkilatı nümayəndəsinin Azərbaycan Pen klubu haqda yazdığı məqalənin tərcüməsini təqdim edir:

2009-cu ilin aprelində PEN üzvləri Eva HoffmanAlev Adil yazıçılarla görüşmək və Azərbaycanda söz azadlığının vəziyyəti haqda öyrənmək üçün Bakıya səfər etmişdilər. Məqalənin orijinalı burada.

Eva Hoffman

Mərkəz mərkəz olmayanda

Qeyri-müəyyənlik biz Bakıya enməzdən, Londonu tərk etməzdən əvvəl başlaımışdı. Məsələn, Azərbaycanda PEN mərkəzi varmı, yoxmu?

Yaxud PEN mərkəzinin eyni zamanda həm mövcud olması, həm də mövcud olmaması mümkündürmü? Lap məşhur Schroedingerin pişiyi müqayisəsində olduğu kimi: kimsə qutunu açana və bəyan edənə qədər pişik qutuda eyni zamanda həm sağ, həm də ölüdür.

Mən bu pişik məsələsini heç vaxt dərindən başa düşməmişəm. Amma Azərbaycan və PEN mərkəzi məsələsini müəmmalı ikililik səciyyələndirməkdədir.

Bu təşkilat mövcuddurmu, ya mövcud deyilmi, - müşahidəçidən asılıdır.

Londonu tərk etməzdən əvvəl bizə gəlmiş bir sıra e-maillərdən belə anlamağa başladıq ki, Bakıda rəsmi PEN mərkəzi var və hətta onun veb-saytı da var.

Amma bir sıra yazıçıların məktublarına əsasən məlum oldu ki, bu mərkəz yaranan gündən qeyri-aktivdir, onların tanıdığı heç bir yazıçı bu mərkəzin üzvü deyil, olmaq da istəmir.

Veb-saytda iki yazıçının adı yazılıb ki, guya onlar bu mərkəzin direktorlarıdır, amma bizim onlarla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalmaqdadır.

Alev Adil və mən Beynəlxalq Pen Klubun nümayəndələri olaraq, Azərbaycana səfərimizə başlayanda mümkün olduğu qədər araşdırmaq və vicdan məhbuslarına, onların ailələrinə mənəvi dəstək təklif etmək istəyirdik.

Bakıya çatan kimi “PEN məsələsi”nin bir çox insanlar üçün maraqlı olduğu üzə çıxdı. Görüşdüyümüz hər bir yazıçı narahatlıqla bu məsələni qaldırır, əlimizdən gələni etməyə çağırırdı.

Belə məlum oldu ki, Azeri PEN-i Azərbaycanda yazıçıların Sovet dövründə yaradılmış rəsmi təşkilatı olan Yazıçılar Birliyi açıb, həmin Pen mərkəzi heç bir tədbir keçirməyib, heç bir fəaliyyət göstərməyib, idarəedici troykadan (saytda adları göstərilən iki yazıçıdan başqa, bir nəfər də olmalıdır) əlavə heç bir üzvü yoxdur, kənardan yoxlamaya yararsız olduğunu sübut edib.

Təxminən on il bundan əvvəl bizim istəyimizlə bir jurnalist bu təşkilatın ofisinə baş çəkmək istəyib, onu təhqir edərək yola salıblar.

Azərbaycanda yazıçılar müxalif jurnalist Elmar Hüseynovun 2005-ci ildə qətlə yetirilməsinə PEN-dən reaksiya almadıqları üçün məyusdurlar.

Bu qətldə hökumətin əli olduğu haqda şayiələr dolaşsa da, Parlament (başqa bir qeyri-müəyyənlik mənbəyi) jurnalistin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Həmin bir dəqiqəlik sükut zamanı Azərbaycanda PEN-in prezidenti hesab edilən Maqsud İbrahimbəyov hər kəs ayaq üstə ikən nümayişkəranə şəkildə yerindən qalxmayıb, oturmağa davam edib, bununla da Hüseynovun xatirəsini sabotaj edib, onu susduranların hərəkətini təsdiq edib.

Və bu şəxs PEN-in nümayəndəsidir. O PEN ki, söz azadlığının müdafiəçisi olmalıdır! Yerli yazıçılar deyirlər ki, onlar tələb etsələr də, PEN qətlə görə heç bir pisləyici bəyanat verməyib.

Qeyd etməliyik ki, bu narazı hesabatların ortasında söz azadlığı hüququnun, PEN-in mübarizə apardığı hər bir şeyin nə qədər mühüm olduğunu görmək insanı ürəkləndirir.

Azərbaycanda yazıçılar PEN-ə böyük əhəmiyyət verir, onu ədəbiyyatın böyük çempionu və yazıçıların fundamental azadlıqlarının müdafiəçisi hesab edirlər...

(Məqalə Azərbaycanda söz azadlığının vəziyyəti, Bakı yazıçılarıyla təkbətək görüşlər haqda təəssürat cümlələrilə davam edir)

XS
SM
MD
LG