Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 19:30

Azərbaycan xəbərləri

Azərbaycandan Avropa Parlamentinə cavab

Shahin Mustafayev

"Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamə anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı addımı, Azərbaycanla Avropa Birliyi arasındakı əlaqələrə ciddi zərbədir. Avropa Parlamentinin bu qərəzli addımı cavabsız qalmayacaq”.

Bunu Azərbaycanın İqtisadiyyat və sənaye naziri, Avropa Birliyi ilə Əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev sentyabrın 10-da Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Malena Mardla görüşdə deyib.

“Qətnamə birtərəfli, tamamilə qərəzli və əsassızdır, heç bir konkret fakta söykənmir. Nədənsə 24 ildir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemi, 1 milyondan çox insanın ən adi hüquq və azadlıqlarının təmin olunması məsələsi nəzərə alınmayıb, əvəzində Azərbaycana qarşı qondarma ittihamlar irəli sürülüb”-deyə o vurğulayıb.

Malena Mard qətnamə ilə bağlı bu mövqeyi Avropa Komissiyasına çatdıracağını bildirib.

Bütün xəbərləri izləyin

32 hektar yanıb 

Yardımlı və Masallıda yanğın: 'Camaat özü də kömək edir'
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında (mürəkkəb relyefli dağlıq ərazi), meşə zolağında baş verən yanğın söndürülüb.

Bu barədə bu gün, avqustun 5-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın zamanı 32 ha sahədə kol-kos, xəzəl, quru ağac kötükləri və ağaclar yanıb.

Lənkəranda yanğın söndürülüb

Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın söndürülüb.

Bu barədə avqustun 4-də Fövqəladə Hallar Nazirliyi bildirib.

Nazirliyin açıqlamasına görə, yanğın zamanı 10 hektar sahədə kol-kos, quru ağaclar və qismən ağaclar yanıb. "Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub", - nazirlik qeyd edib.

Yardımlı və Lənkəranda meşə yanğınları davam edir

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında meşə yanğını davam edir. Amma rayon icra hakimiyyətindən "Turan"a verilən məlumata görə, həmin ərazidə meşə yanğınları sönmək üzrədir. Qurumdan bildirildiyinə görə, canlı qüvvənin və texnikanın səfərbər edilməsi nəticəsində meşə yanğınlarının sahəsi azalır.

Rayon icra hakimiyyətindən habelə bildirildiyinə görə, insan itkisi yoxdur, evlərə xəsarət dəyməyib

Bakıdan 292 kilometr cənubda, meşə zolağında yanğın avqustun 1-dən başlayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, başqa qurum və yerli sakinlərin də cəlb olunduğu açıqlanıb.

"İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır. Ərazi mürəkkəb relyefli dağlıq ərazidə yerləşir...", - avqustun 1-də nazirliyin açıqlamasında deyilirdi.

Lənkəranda...

Lənkəran Rayon İcra Hakimiyyətindən isə "Turan"a verilən məlumata görə, ötən gün, avqustun 3-də rayonda başlanan meşə yanğınının söndürülməsi işləri davam edir. Yanğının söndürülməsinə helikopterlər, xüsusi avtomobil texnikası, yerli sakinlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının cəlb olunduğu deyilir. Amma bildirildiyinə görə, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın həmin əraziyə qalxası çətindir.

Avqustun 3-də Bakıdan 272 kilometr cənubda Lənkəran rayonunun Osakücə meşəbəyiliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə, Moloja kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumatlar yayılmışdı.

Yoluxanlar minə yaxınlaşdı 

Covid xəstələri

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 202 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 4-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 346878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333694-ü sağalıb, 5039-u vəfat edib, aktiv xəstə sayı 8145-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10465, ötən müddət ərzində isə ümumilikdə 40 70700 test aparılıb.

Son həftələr Azərbaycanda koronavirusa yoluxmada yenə artım olduğu açıqlanır. Dünən, avqustun 3-də 931, avqutun 2-də isə 431 şəxsin bu virusa yoluxdğu bildirilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycan yenə Kəlbəcərin vurulduğunu deyir 

Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu

Azərbaycan dövlət sərhədi istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Bu barədə bu gün, avqustun 4-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 4-ü saat 14:50-də öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub :

"Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şəhidlər Xiyabanındakı 32 məzar açılıb

İkinci Şəhidlər Xiyabanı

Bakı Hərbi Məhkəməsi Bakıdakı Şəhidlər Xiyabanında 32 məzarın açılıb, meyitlərin qəbirdən çıxarılıb ekspertizaya göndərilməsi barədə qərarlar çıxarıb. Bu qərarlar Birinci Şəhidlər Xiyabanındakı 23, İkinci Şəhidlər Xiyabanındakı doqquz məzarı əhatə edir. Bunlar Birinci Qarabağ Müharibəsində həlak olmuş və kimliyi müəyyənləşdirilmədən dəfn olunmuş şəxslərdir.

Bakı Hərbi Məhkəməsinin qərarından sonra prokurorluq əməkdaşları məhkəmə-tibbi kriminalistik ekspertin iştirakıyla eksqumasiya keçirib, tibbi-genetik tədqiqat üçün nümunələrin götürüb.

İtkin düşmüş hərbçinin qardaşı: "İnsan üçün ən ağrılı əzizini meyitlərin içindən axtarmaqdır."
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

AzadlıqRadiosunun sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidməti də məlumatı təsdiqləyib. Bu qurumdan bildirilib ki, bir müddət öncə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Şəhidlər Xiyabanında kimliyi məlum olmayan məzarlarla bağlı eksqumasiya və tibbi-genetik ekspertiza keçirilməsi üçün prokurorluğa müraciət edib. Bu müraciətdən sonra Respublika Hərbi Prokurorluğu məhkəməyə təqdimat verib. Bakı Hərbi Məhkəməsi də o təqdimat əsasında ümumilikdə 32 məzarın açılıb, meyitlərin qəbirdən çıxarılıb ekspertizaya göndərilməsi haqda qərarlar verib.

"Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakıyla zəruri tədbirlər həyata keçirilir. İctimaiyyətə ətraflı məlumat veriləcək", - Baş Prokurorluğun mətbuat xidmətindən belə deyilib.

Prokurorluqdan Yeganə Əmiraslanova ilə bağlı açıqlama

Yeganə Əmiraslanova, 28 yanvar 2011

Baş Prokurorluğun Mətbuat Xidməti Almaniya vətəndaşı, bu günlər Bakıda saxlanıb buraxıldığı deyilən Yeganə Əmiraslanova ilə bağlı AzadlıqRadiosunun sorğusuna cavab verib.

Cavabda bildirilib ki, Avropa ölkələrinə Azərbaycan vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olan məlumatların yoxlanılması üçün o, şahid qismində dindirilib: "Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib".

Xanım mühacir sərbəst buraxıldığını deyir

Almaniyada yaşayan keçmiş deputatlığa namizəd və İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanın Azərbaycan paytaxtı Bakıda saxlanıb, sonra da buraxıldığı deyilir.

Bu barədə məlumatı o da təqsdiqləyib. Bakı Şəhər Prokurorluğunda 3-4 saat dindidildiyini söyləyən xanım, amma detallı danışmaq istəməyib.

O, yalnız əlavə edib ki, Bakıya xəstə ailə üzvünə baş çəkmək məqsədilə gəlib

Hələlik, onun dediklərinə Bakı Şəhər Prokurorluğundan da münasibət almaq mümkün olmayıb.

Mühacirin Bakıda saxlandığı deyilir

İllərdir Almaniyada yaşayan keçmiş deputatlığa namizəd və İctimai Palatanın üzvü Yeganə Əmiraslanovanı Azərbaycan paytaxtı Bakıda hüquq mühafizə orqanlarının saxladığı deyilir.

Bu barədə "Turan " İnformasiya Agentliyinə məlumat verən Y.Əmiraslanovanın yaxınları bildirib ki, o, dünən iyulun 29-da Almaniyadan Bakıya gələrkən Heydər Əliyev adına hava limanında saxlanıb. Yaxınları əlavə edib ki, Yeganə Əmiraslanova Almaniya vətəndaşıdır.

Hazırda yaxınları Y.Əmiraslanovanın harada olduğunu bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğundan münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

Saatlıda saxta əlilliyə görə cinayət işi açılıb

Əlillik niyə kütləvi ləğv olunur?
Gözlə

No media source currently available

0:00 0:06:10 0:00

Saatlı Rayon Mərkəzi Xəstəxanasında (RMX) saxta əlillik dərəcəsinin verilməsi iddiası ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə bu gün, avqustun 4-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda Saatlı RMX-nın direktorunun müavini-baş həkim işləyən Adəm Əliyev və başqalarından bəhs edilir.

"... Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır", - məlumatda yazılıb.

Hələlik, bu məlumata baş həkim A.Əliyev və onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, ötən ilin sonlarından bu ilin ikinci rübünə qədər ölkədə 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. İndi bir sıra şikayətçilər də iddia edirlər ki, saxta əlillik dərəcəsinin ləğvi prosesində bəzən bu dərəcəyə haqqı olan şəxslərin də hüquqları pozulur.

931 yeni yoluxma faktı qeydə alınıb

Covid-19 xəstəsi

Azərbaycanda koronavirus infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 345 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 257, ötən müddət ərzində isə ümumilikdə 4 060 235 test aparılıb.

Müsavatçının oğlu polisə çağırılıb

Polis

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun polisə aparıldığı bildirilir.

Bu barədə partiyanın mətbuat xidmətindən "Turan"a deyilib.

S.Əmrahovun evində axtarış aparıldığı qeyd olunur: "O, evdə olmayanda polis əməkdaşları evində qeyri-qanuni axtarış aparıblar. Söhrab bəyin həyat yoldaşı diş texniki olan oğlu Bəxtiyarın həyətdə yaratdığı iş otağından polis əməkdaşının çıxdığını görüb və bu barədə Söhrab bəyə bildirib. Bəxtiyar Əmrahovun özünü isə polis şöbəsinə aparıblar".

Partiyadan əlavə olunub ki, bir müddət sonra B.Əmrahov polis şöbəsindən buraxılsa da, ona yenidən saat 15:00-da polisə gəlmək tapşırılıb.

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, S.Əmrahovun oğlu B.Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. "İyulun 30-da rayon sakini tərəfindən Xaçmaz rayon polis şöbəsinə diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub. Şikayətçi bildirib ki, 3 il əvvəl stomatoloji xidmətlər üçün Bəxtiyar Əmrahov ondan 500 manat pul almasına baxmayaraq, heç bir müalicə işi aparmayıb", – nazirlikdən deyilib.

Qurumdan qeyd olunub ki, həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Azərbaycan üçüncü medalını qazanıb

Rafiq Hüseynov qırğızıstanlı Akjol Maxmudova qarşı. Foto arxiv

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) üçüncü yer uğrunda qarşılaşmada Ermənistandan olan rəqibi Karapet Çalyana qalib gəlib. (4:1)

Bu, Azərbaycanın Yay Olimpiya Oyunlarında qazandığı üçüncü bürünc medal olub. Daha öncə qadın cüdoçu İrina Kindzerska və boksçu Loren Alfonso Dominqez də bürünc medal qazanmışdılar.

Bu medallar sayəsində Azərbaycan millisi hazırda Tokio-2020-nin medal sıralamasında 75-ci yeri tutur.

Birgə məlumat: 'Meyit üzərində xəsarət aşkar edilməyib'

Baş Prokurorluq

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi avqustun 2-də Siyəzəndə saxlanılan və bir neçə saat sonra xəstəxanada vəfat edən 31-yaşlı Tural İsmayılovun ölümünə dair məlumat yayıb.

Məlumatda deyilir ki, Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən T.İsmayılovun evində axtarış zamanı 8 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkarlayaraq götürüblər.

Bildirilir ki, elə həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı Müvəqqəti Saxlanma Yerində pisləşdiyindən Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib, amma həkimlərin səyinə baxmayaraq, T.İsmayılov orada ölüb.

Birgə məlumatda deyilir ki, ilkin xarici müayinə zamanı meyit üzərində xəsarət aşkar edilməyib.

AzadlıqRadiosu hələlik baş verənlərlə bağlı T.İsmayılovun yaxınlarından və ya vəkilindən açıqlama ala bilməyib.

'Aİ-98' benzini bahalaşıb

SOCAR 'AI95' və 'AI98' benzini niyə özü istehsal etmir? Ekpert səbəbləri izah edir
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00

Azərbaycanda "Aİ-98" (Super) markalı benzinin qiyməti artıb. Yanacaqdoldurma məntəqələrində bu markanın qiyməti avqustun 1-dən 5 qəpik -1.55 manatdan 1.60 manata qədər bahalanıb.

"SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bunu xaricdə alış qiymətinin artması ilə izah edib, benzinin bu növü Azərbaycana idxal olunur.

İyulun 31-də "Aİ-95" benzinin də qiyməti 5 qəpik (1.40 manatdan 1.45 manata) artıb. Bu qərar da istehsalçı ölkədə yanacağın bahalaşması ilə əsaslandırılıb.

Yardımlıda meşə yanır (Video)

Yardımlı meşələrində yanğın. Foto arxiv

Yardımlı meşəsində yanğın davam edir

Yardımlı rayonu, Honuba kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələrinin, Mülki Müdafiə Qoşunlarının, Cənub Regional Mərkəzinin ümumilikdə 130 nəfər şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar.

Yanğın mürəkkəb dağ relyefi şəraitində baş verdiyindən onun söndürülməsində, əsasən, əl əməyindən istifadə olunduğu, amma avqustun 3-də səhər saatlarından etibarən FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopterinin yanğınsöndürmə işlərinə cəlb olunduğu bildirilir.

+++

Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb.

Bu barədə avqustun 2-də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, habelə yerli sakinlər yanğının söndürülməsinə cəlb olunub: "İlkin məlumata əsasən, təxminən 15 hektar sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır".

Bildirilib ki, ərazi mürəkkəb relyefli dağlıq ərazidə yerləşir. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlərin davam etdirildiyi qeyd olunur.

Kəlbəcər və Sədərək rayonlarının vurulduğu deyilir

Ermənistan-Ermənistan əsgəri, 22 iyul, 2021.

Azərbaycan yenə dövlət sərhədi istiqamətində mövqelərinin atəşə tutulduğunu bildirir.

Azərbaycan Müdafiə Nazirliyi (MN) bu barədə bu gün, avqustun 2-si, saat 19 radələrində məlumat yayıb

Bildirilir ki, Ermənistan silahlı qüvvələri avqustun 2-si saat 13:55-dən 17.00-dək müxtəlif mövqelərindən Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi və Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətlərində mövqelərini atıcı sialhlardan fasilələrlə atəşə tutub.

Qeyd edilir ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur, cavab atəşi açılıb.

Nazirlik əlavə edib ki, hazırda vəziyyət sabitdir.

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

431 yeni yoluxma qeydə alınıb, 3 ölüm

COVID-19 xəstəsinin müalicə aldığı xəstəxana. İran

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 139 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 2-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək Azərbaycanda ümumilikdə 344 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 267-i sağalıb, 5 min 30-u vəfat edib, aktiv xəstə sayı isə 6 min 654-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Cəzaçəkmə müəssisəsindən şikayət var

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, hazırda həbsdə olan Əlizamin Salayevin olduğu bildirilən audio məktub yayılıb.

Partiya dostlarının verdiyi bu audio məktubda onun saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən bəhs edilir. Müraciətdə iddiaya görə, həmin müəssisədə qanunsuzluq hökm sürür - insan hüquqları pozulur, işgəncə halları var. Habelə vurğulandığına görə, çox şeyə görə rüşvət tələb olunur.

Audioda Ə.Salayev özündən də bəhs edib. Deməsinə görə, səhhəti ağır durumdadır, onun tələbilə yanına həkim gətirilmir. O, təcili yardım istəyir.

Penitensiar Xidmət deyilənləri qəbul etmir

"Turan" agentliyinin xəbərinə görə, Penitensiar Xidmətdən isə bu deyilənləri yalanlayıblar. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib ki, cəzaçəkmə müəssisələrində nə rüşvət var, nə də işgəncə. Onun qeyd etməsinə görə, məhbuslar narazılıqlarını telefonla Qaynar xəttə, Penitensiar Xidmətə və hüquq-mühafizə orqanlarına çatdıra bilərlər. M.Sadıqov əlavə edib ki, həftədə iki dəfə onlara 15 dəqiqəlik telefonla danışmaq imkanı verilir və telefonun yanında Qaynar xətt xidmətinin nömrəsi göstərilib. "Zəng edib şikayətlərini versinlər", - o vurğulayıb.

Ayrıca müəssisənin özü ilə isə, hələlik, danışmaq mümkün olmayıb.

Xatırlatma

AXCP Salyan şöbəsinin fəalı Əlizamin Salayev 2020 il aprelin 20-də Salyan Rayon Məhkəməsində 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Salayev Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilib.

Bir müddət öncə Ə.Salayev sosial şəbəkədə video yayaraq H.Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırıb. Bundan sonra H.Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Z.Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Məhkəmə polis kapitanının şikayətini təmin edib.

Azərbaycan XİN Rusiyanın səfirinə nota verib-Jirinovskinin dediklərinə görə

XİN

Bu gün, avqustun 1-də Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda yazılıb ki, Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosu-nun 30 iyul buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq, etiraz çatdırılıb :

“... Deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq, strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”

Sözügedən hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notasının təqdim olunduğu bildirilir.

Bu məlumata, hələlik, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

“Komsomolskaya Pravda” radiosu-nun müxbiri söhbət zamanı Jirinovskiyə həm də Azərbaycan və Ermənistan arasındakı mövcud vəziyyətlə bağlı Rusiya hərbçilərinin iki ölkənin sərhəddinə göndərilməsi ilə bağlı suallar verib. O, Rusiyanın belə bir addım atmasının nə qədər doğru olduğunu soruşub.

Jirinovski Cənubi Qafqazının Rusiyanın təsir dairəsi olduğunu deyib və bildirib ki, həm də Rusiya Qafqaza müharibə ilə getmir, ermənilər xahiş edirlər.

"Amma orda rus əsgəri ölməsin deyə biz əziz Azərbaycan rəhbərini çağırıb, təkbətək deyə bilərik ki, bax İlham, o ərazi ki, sən istəyirsən, sənin olsun, amma heç kimin rus əsgərinə gözünün ucu ilə belə pis baxmağa ixtiyarı yoxdur. O, yaxşı bilir ki, postunu itirə bilər, onda orda diktaturadı, orda müxalif qüvvələri doludur, əgər Bayden istəsə onu iki həftəyə devirərlər. Paşinyanı xilas etdiyimiz kimi onu da yalnız biz xilas edə bilərik..." deyə rusiyalı deputat bildirib.

Azərbaycan ikinci medalı qazanıb 

Tokio Olimpiya Oyunları, boks yarışması

Azərbaycan boksçusu Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.O, yarımfinalda kubalı Olimpiya və dünya çempionu Arlen Lopeslə üz-üzə gəlib.

İlk görüşdə özbəkistanlı Dilşotbek Ruzmetovu, ardınca türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdıran Azərbaycan boksçusu bu dəfə məğlubiyyətə üzülüb. 81 kq çəki dərəcəsində qüvvəsini sınayan Dominqes rəqibinə 0:5 (28:29, 28:29, 28:29, 28:29, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə Alfonso Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medalını rəsmiləşdirib. Bu, Azərbaycan millisinin Yaponiyanın paytaxtında ikinci mükafatı olub. Onadək cüdoçu İrina Kindzerska (+78 kq) da Olimpiadanı 3-cü yerdə bitirib.

Tokioya 44 idmançı ilə yollanan Azərbaycanın heyətində artıq 26 atlet çıxışını bitirib. Azərbaycan idmançılarından 1-i mübarizəni davam etdirir, 17-si isə startı gözləyir.

"Tokio-2020" Yay Olimpiya Oyunları rəsmi olaraq iyulun 23-də başlayıb.Olimpiada avqustun 8-dək davam edəcək.

"Tokio-2020" Yay Olimpiya Oyunları adından da göründüyü kimi 2020-ci ildə keçirilməliydi.Amma koronavirus pandemiyası üzündən təxirə salınmışdı.

Xatırlatma

Azərbaycan yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Onun Olimpiya komandası, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Bu ölkənin Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan Azərbaycan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

633 yeni yoluxma qeydə alınıb, 1 ölüm

Koronavirus xəstəsi, Bosniya

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 174 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 31-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 343849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 926-ı sağalıb, 5023-ü vəfat edib, aktiv xəstə sayı 5900-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10386, ötən müddət ərzində isə ümumilikdə 4034340 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycan  əsgəri həlak olub   

Müdafiə Nazirliyi

Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Şamil Mais oğlu Aslanovun həlak olması ilə bağlı məlumat yayılıb.

Bu barədə məlumatı Müdafiə Nazirliyindən " Turan " İnformasiya Agentliyinə də təsdiqləyiblər.

Onun ilkin ehtimala görə, silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində halak olduğu qeyd edilir.

Lakin bu məlumata, onun yaxınlarından, hələlik, münasibət almaq mümkün olmayıb.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Flora Kərimova ‘Şərəf’ ordeni ilə təltif edilib 

Flora Kərimova, oktyabr 2010

Flora Kərimova “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı bu gün, iyulun 31-də Azərbaycan Prezidenti sərəncam imzalayıb.

Sərancamda yazılıb ki, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilsin.

Dövlət başçısının başqa bir sərəncamı ilə Flora Ələkbər qızı Kərimovaya habelə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü də veriləcək.

Flora Kərimovanın bu günlər müsahibələrinin birində Azərbaycan ərazilərinin ötən il işğaldan azad edilməsi ilə bağlı dilə gətirdiyi "Daha müxalifətçiliyə yer qalmayıb" fikiri sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuşdu.

Onunla razilaşanlar və razılaşmayanlar da var idi.

Azərbaycanın estrada, muğam, opera müğənisi, aktirisa Flora Kərimova 1941-ci ildə doğulub.
Onun 13 yaşından bədii özfaliyyət kollektivində fəaliyyətə başladığı deyilir. Flora Kərimova Azərbaycan Dövlət Opera və Balet Teatrında ( “Leyli Məcnun” “Üzeyir Hacıbəyov” ) çıxış edib, “qanun naminə” və bir sıra başqa filimlərə də çəkilib. O, habelə Azərbaycan Dövlət Televiziyasının solisti olub. Uzun illər ictimai fəaliyyət də göstərib.

Azərbaycanda ‘Aİ-95’ premium markalı benzin bahalaşıb 

Arxiv foto

İyulun 31-dən Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti 1,40 manatdan 1,45 manata yüksəlib.

Bu məlumatı “Report”a açıqlamasında “SOCAR Petroleum” qapalı səhimdar cəmiyətinin mətbuat katibi Üzeyir Həbibbəyli də təsdiq edib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır.

O, habelə bildirib ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir:

“Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Azərbaycanda sonuncu dəfə, “Aİ-95” premium markalı benzinin qiyməti bu il iyunun əvvəlində 15 qəpik artaraq 1,40 manat olmuşdu.

Aİ-95 “premium” markalı benzin Azərbaycanda istehsal edilmir. Onun qiymətini də Azərbaycan Tarif Şurası tənzimləmir.

Bu il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı.

Bəzi iqtisadçılar ölkənin "Aİ-95" premium və super markalı benzinlərlə bağlı idxaldan asılı olmasına görə hökuməti tənqid edirlər.

Yanğınsöndürənlər Türkiyəyə çatıb 

Türkiyədə meş yanğınları

Meşə yanğınlarının söndürülməsi məqsədilə Türkiyəyə yola düşən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 nəfərlik ilk qrupu ora çatıb.

Bu barədə bu gün, iyulun 31 -də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Məlumatda yazılıb ki, yanğınsöndürmə qüvvələrinin ilk qrupunu gətirən təyyarə iyulun 31-də Bakı vaxtı ilə saat 00:10 radələrində Muğla Dalaman Hava Limanına enib.

İyulun 30-da Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olmuşdu.

Telefon danışığında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanmışdı.

"Azərbaycan Prezidentinin ... göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək", deyə bildirilirdi.

İyulun 28-i və 29-da Türkiyənin 20-dən çox vilayətində baş verən 60-dan artıq meşə yanğını nəticəsində azı bir neçə nəfərin həlak olduğu bildirilir. Xeyli heyvanın tələf olduğu, bir çox ev, iaşə obyektlərinin yararsız vəziyyətə düşdüyü deyilir.

Deputatla bağlı cinayət işi başlanıb 

Eldəniz Səlimov

Milli Məclisin deputatının polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi iddası ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluq bu gün, iyulun 30-da məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində “Starıy Dvor” restoranında Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb :

" Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. "

Açıqlamaya görə, istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Hələlik, bu açıqlamaya Milli Məclisinin deputatı Eldəniz Səlimov və polisin mövqeyini almaq mümkün olmayıb.

Amma bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Turan" Agentliyinə bildirmişdilər ki, hadisə iyulun 29-da gecə yarısından sonra Xaçmaz rayonunun Nabran qəsəbəsində Səlimovun qohumunun obyektində baş verib

."Eldəniz Səlimov polisin karantin rejiminin ( Koronavirus pandemiyası ilə bağlı ötən ilin martından Azərbaycanda karantindir ) tələbinə uyğun olaraq obyekti bağlamaq tələbindən narazılığını bildirib.Fakt üzrə toplanmış materiallar Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib",- Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Hadisənin bu "Starıy Dvor" restoranda baş verdiyi bildirilir
Hadisənin bu "Starıy Dvor" restoranda baş verdiyi bildirilir

Amma bəzi melumatlara görə, deputatın yaxınları bildiriblər ki, bu hadisə təhrif edilmiş formada təqdim edilir.

1976-cı ildə doğulan Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçkilərinə qatılıb. Onun 55 saylı Xaçmaz şəhər dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi deputat seçildiyi açıqlanıb. O, daha sonra da iki dəfə parlament seçkilərindən qalib kimi ayrılıb.

668 yeni yoluxma qeydə alınıb, 3 ölüm 

Bosniyada xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 178 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 30-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 343216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752-i sağalıb, 5022-ı vəfat edib, aktiv xəstə sayı 54424-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9881, ötən müddət ərzində isə ümumilikdə 4023954 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycan Türkiyəyə 500 nəfər göndərəcək 

Türkiyədə yanğınlar

İyulun 30-da Azərbaycan Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, telefon danışığında meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb :

"Qeyd edilib ki, Azərbaycan Prezidentinin ... göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək"

İyulun 28-i və 29-da Türkiyənin 20-dən çox vilayətində baş verən 60-dan artıq meşə yanğını nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir. Xeyli heyvanın tələf olduğu, bir çox ev, iaşə obyektlərinin yararsız vəziyyətə düşdüyü deyilir.

Davamı

XS
SM
MD
LG