-
Azərbaycanın da bir sıra şəhərlərinin simvolları formalaşıb. Bu şəhərlər sırasına Bakını, Gəncəni, Naxçıvanı aid etmək olar. Ancaq Azərbaycanın bütün şəhərlərinin tarixinə, mədəniyyətinə və ya etnoqrafiyasına uyğun simvollarının formalaşdırılması indiyədək diqqətdən kənarda qalıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Trend-ə bildirib ki, bununla bağlı müəyyən addımların atılmasını məqsədəuyğun hesab edir. Onun fikrincə, şəhərlərin simvollarının seçilməsi ya qanunla, ya da Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirilə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən tarix üzrə fəlsəfə doktoru Firdovsiyə Əhmədova isə Trend-ə bildirib ki, Azərbaycanın qədim, inzibati ərazi vahidləri olan şəhərlərinin müəyyən dövrlərdə simvolları, atributları, gerbləri, şəhər və qala açarları olub.
F.Əhmədovanın dediyinə görə, onların əksəriyyəti ya şəkil təsvirində qorunub, ya da Azərbaycan tarixi muzeyində saxlanılıb: «Ancaq inzibati ərazi vahidi, mərkəz olmayan şəhərlərə bu, şamil edilə bilməz. Çünki bu şəhərlər tarixən mərkəz rolunu oynamayıblar. XX əsrdə yaranan, inzibati ərazisi olmayan şəhərlərin simvolları həmin bölgənin etnoqrafiyası, xalqın məşğuliyyəti baxımından elementlər nəzərə alınaraq tərtib olunmalıdır. Yəni tarixi ənənəsi, tarixi simvolları, atributları olan şəhərlərimiz üçün onların bərpa olunması məqbuldur. Amma yeni yaranmış şəhərlər üçün tarix, etnoqrafiya, mənəviyyat və digər elementlər nəzərə alınaraq simvollar tərtib oluna bilər».