-
Bakı metrosunun yeni tikiləcək stansiyalarında sərnişinlərin təhlükəsizliyi və intihar hallarının qarşını almaq üçün platformlara yaxın yerdə sədlərin tikilməsi istisna olunmur.
Bunu Trend-ə «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun dediyinə görə, sözügedən məsələ bəsit görünsə də, sadə proses deyil:
«Sərnişinlərin təhlükəsizliyi məsələsi mürəkkəb məsələ olduğundan yalnız stansiyaların layihələndirməsi zamanı nəzərə alına bilər. Bizdə də indiyə qədər belə bir layihə olmayıb. Amma gələcəkdə təbii ki, ola bilər. Yəqin ki, bununla bağlı müvafiq qərarlar verilə bilər».
Sentyabrın 5-də metronun «28 May» stansiyasında 30 yaşında bir oğlan özünü hərəkət edən qatarın altına ataraq intihar edib. Bundan öncə də dəfələrlə metrostansiyalarda intihar halları qeydə alınıb.