- Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: “Mənə elə gəlir, Qarabağı alacağıq!”
"Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı; Qana, Kamerun, Seneqal, Fildişi Sahili, Anqola və s."
Oğuz Ayvaz
Gedin yatın, futbol başa çatdı!
Yay aylarından bir gün idi. Məhəllədə futbol oynayırdım. Zədələndiyimdən evə getməli oldum. Anam dizimin yarasına yod çəkib məni əzizlədi. Təxminən 10 yaşım var idi.
Televizorda futbol göstərilirdi. Atam damağında siqaret diqqətlə oyuna baxırdı. 2000-ci il Avropa Futbol Çempionatının qrup mərhələsi çərçivəsində Hollandiya-Yuqoslaviya qarşı-qarşıya idi.
Atamın səsi gəldi:
- Bax bu hollandlara azarkeşlik etmə, Yuqoslaviya komandasına diqqət et!
Atamı dinləyir, ekranda ora-bura qaçan futbolçuları izləyirdim. Hesab 4-0 idi: hollandlar artıq qələbəyə doğru irəliləyirdilər.
- Axı, ata, Hollandiya güclüdür. Niyə Yuqoslaviyaya azarkeşlik edim?
- Hollandiya güclü, inkişaf etmiş bir ölkədir, – atam dedi. - Bir çox turnirlərdə də uğur əldə edib. Ancaq Yuqoslaviya kasıb ölkədir, müharibələr, faciələr görmüş bir xalqdır. Ona görə də mən kasıb, zəif ölkələrə “balet” edirəm.
Oyunun axırına kimi baxdım. Hesab 6-1 Hollandiya millisinin böyük hesablı qələbəsi ilə sona çatdı.
***
Yadıma düşür, uşaq yaşlarımda futbola baxmaq üçün necə də böyük həyəcan keçirdirdim. Buna görə də çox vaxt anam oyunları izləməyi mənə qadağan edirdi. Çox vaxt gecələr yata bilmir, matçların nəticəsi haqqında fikirləşirdim.
Bir dəfə “Çempionlar Liqası” turnirindən “Qalatasaray” və “Real Madrid” oyununa baxırdıq. İlk hissədə “kral klubu” “cimboma” iki qol vurdu. Anam televizoru söndürmək istəyirdi.
- Söndürün, yataq. Onsuz da uduzduq!
Ancaq atamın israrı ilə ikinci hissəyə baxa bildik və türk klubu sözün həqiqi mənasında möhtəşəm çevriliş etdi, hesabı 3-2 etdi, tarixi bir qələbə qazandı. Evdə hər kəsin üzü gülürdü.
***
2002 – ci il Dünya Çempionatında Türkiyənin tarix yazması da mənim uşaqlıq illərimin ən gözəl və unudulmayan bir xatirəsidir. Türkiyə-Brazilya oyununda Hasan Şaşın ilk qolu yadınızdadır?
Yəqin o qoldan sonra ekran qarşısında çığıra-bağıra sevincinizi bölüşmüşdünüz. Hamımız qələbəyə inanmışdıq. Hətta yazıçı Şərif Ağayar öz dostlarını daha da ruhlandırmışdı: “Mənə elə gəlir, Qarabağı alacağıq!” Bütün Avropa türklərdən qorxmuşdu, sanki Osmanlı ordusu yenidən bərpa olunurdu. Bu oyun uşaqlığımın son məğlubiyyəti idi.
***
Bir dəfə soyuq günlərin birində yenə “Qalatasaray”ın oyununa ailəlikcə baxırdıq. Hesab hələ açılmamışdı, amma oyun olduqca həyəcanlı və maraqlı keçirdi. Sonra evimizdə işqlar zəifləməyə, lampa əsməyə başladı.
Atam “zəlzələdir, qaçın” deyə qışqırdı. Televizoru söndürmək o an heç birimizin ağlına gəlmədi. Ev paltarlarımızla özümüzü küçəyə atdıq. Hava olduqca soyuq və küləkli idi.
Kişilər damaqlarında siqaret püfüldədərək, “Qalatasaray”ın oyunundan danışırdı, insanların arasında panika sanki yoxa çıxmışdı. Bu oyuna baxmaq eşqi zəlzələ qorxusunu silib aparmışdı.
Atamın əllərindən tutmuşdum, həm üşüyürdüm, həm də qorxurdum. Daha sonra gecə saatlarında evə gedə bildik. Oyundan isə xəbərimiz yox idi.
***
Atam beynəlxalq futbol çempionatlarına tamaşa edərdi. Həmişə kasıb, iqtisadi cəhətdən zəif ölkələrə daha çox azarkeşlik edərdi və bu sevgini bizə də aşılayardı. Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı; Qana, Kamerun, Seneqal, Fildişi Sahili, Anqola və s.
Bir də yadımdan çıxmayan bir cümləsi var: “Kasıbların futbolu da kasıb olur!”
İndi futbol haqqında xatirələrim yaddaşımda rəqs edərkən düşünürəm ki, burjuaziya öz kirli əlləri ilə futbolun həyəcanını pula bulaşdırdı.
Mənə elə gəlir, uşaqlığımla bərabər, saf, təmiz, unudulmaz futbol da həyatımdan çıxıb getdi...