Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:46

Azərbaycanla bağlı təhqiqat açıqlansın


Bakıya səfər etmiş konqresmenlər.
Bakıya səfər etmiş konqresmenlər.

-

On hökumətə ictimai nəzarət qrupu Nümayəndələr Palatasının Etika Komitəsinə məktub göndərib. «Public Citizen» adlı koalisiya Komitənin sədri Charlie Dent və aparıcı üzvü Linda Sanchez-i Azərbaycanla bağlı Konqres Etikası Ofisinin apardığı təhqiqatın nəticələrini açıqlamağa çağırır. Bu barədə opensecrets.org saytı yazır.

Konqres Etikası Ofisi 2013-cü ildə Konqresin 10 üzvünün Azərbaycana səfərini araşdırıb üzə çıxarmışdı ki, həmin səfərə Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR sponsorluq edib, bütün xərcləri ödənib və üstəlik konqresmenlərə bahalı hədiyyələr verilib. Ofis araşdırmanı Nümayəndələr Palatasının Etika Komitəsinə təhvil vermişdi. Komitə isə bu ayın əvvəlində bildirdi ki, konqresmenlər səhvə yol verməyiblər. Komitə təhqiqatın nəticələrini də açıqlamayıb.

«Konqres üzvləri hələ də təhqiqat altında olduğu bir məqamda Komitənin Etika Ofisinin təhqiqatının nəticələrini açıqlamamaq kimi görünməmiş qərarından narahatıq. Bu qərar həm də ona görə narahatlıq yaradır ki, Komitə özü konqresmenlərin Azərbaycana səfərinə razılıq verib» - məktubda deyilir.

2013-cü ilin mayında konqresmenlərin hər birinin səfərinə Komitə qol qoyub. Məktub müəllifləri də sual edirlər ki, Etika Ofisi bu məsələni də araşdırıbsa, onda təhqiqatın içində olmalıdır və Komitə bunun açıqlanmasını istəmir.

Ancaq konqresmenlərin Etika Komitəsinə təqdim etdiyi anketlərdə tədbirin sponsorunun SOCAR olduğu göstərilməyib.

Konqresmenlərin başqa dövlətin maliyyəsini qəbul etməsi qadağandır. SOCAR-ın tədbirin maliyyəsi üçün iki təşkilatın hesabına 750 min dollar keçirdiyi üzə çıxıb. Ancaq SOCAR sponsorluğunu gizlətmədiyini bəyan edib. Konqresmenlər isə sponsorun kimliyindən xəbərsiz olduqlarını deyiblər.

Jurnalistlərin güllələnməsi anı.
Jurnalistlərin güllələnməsi anı.

Etika Komitəsinin sözçüsü Tom Rust hələlik bu məktuba şərh verməyib.

JURNALİSTLƏRİN QƏTLİ SİLAH ZORAKILIĞINI YENİ HƏDDƏ QALDIRIR

«The New York Times» ABŞ-ın Virciniya ştatında iki jurnalistin canlı yayımda ödlürülməsindən yazır. Bu qətl son illər məktəblərdə, kilsələrdə, kinoteatrlarda, iş yerlərində qətlləri bir daha gündəmə gətirdi. Keçmiş reportyor onu işdən çıxarmış telekanalın əməkdaşlarını təkcə güllələmir, bu cinayəti çəkib sosial mediada yayır.

Yazıda vurğulanır ki, hazırda Amerikada 300 milyon silah əhalinin üçdə birinin əlindədir. Yəni digər ölkələrdən fərqli olaraq, bir nəfərdə 1-dən çox silah var.

«Silah hər yerdə var, əldə etmək də asandır. Bu arada siyasətçilər, özəlliklə də respublikaçılar silah lobbisi qarşısında diz çöküb yalvarırlar ki, silah təhlükəsizliyini sərtləşdirmək əvəzinə zəiflətsinlər. Bilirik ki, heç bir dəyişiklik baş verməyəcək. Son atışmanı xarakterizə edən acı həqiqət isə ondan ibarətdir ki, o, həyəcan doğurmaq əvəzinə gündəlik məişət hadisəsi kimi baş verir. Silahların sayı həddən artıq çoxdur, onlarla bağlı tədbir görmək üçünsə milli iradə azdır».

BORIS NEMTSOV ÜÇÜN KİÇİCİK ƏDALƏT

«The Washington Post» Rusiyada Xalq Azadlığı Partiyasının sədr müavini Vladi­mir V.Kara-Murza-nın məqaləsini dərc edib. Həmin partiya qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsov-la birgə təsis olunub.

Vladimir Kara-Murza və Boris Nemtsov
Vladimir Kara-Murza və Boris Nemtsov

«Rusiya müxalifətinin lideri Borus Nemtsov-un Kremlin yaxınlığında qətlindən altı ay sonra onun qatilləri hələ də ədalət mühakiməsinə çəkilməyib. Təhqiqat dayanmış kimi görünür. Bir-birinin ardınca şübhəlilər ifadələrindən imtina ediblər. Təhqiqatçılar Çeçenistanın yüksəkrütbəli şəxslərini istintaqa cəlb edə bilmirlər».

«Ancaq bu qətlə görə məsuliyyət daşıyanların çoxu bəllidir. Nemtsov-un həyatına son qoyan güllələr boşuna atılmayıb. Onlar Vladimir Putin-in repressiv siyasəti və korrupsiyası, Ukrayna müharibəsinə qarşı çıxanların qorxudulma, nifrət və zorakılığa məruz qaldığı bir mühitdən ürəklənib».

Müəllif Nemtsov-un dövlətin nəzarətində olan televiziyada «xəyanətkar», «beşinci kolon» üzvü, «Rusiyanın düşməni» adlandırıldığını yada salır və bunu jurnalistika deyil, dövlətin sponsorluğu ilə qızışdırma sayır. Kara-Murza-nın fikrincə, ABŞ-ın Sergei Magnitsky Aktı çərçivəsində tətbiq etdiyi sanksiyalar Nemtsov-a qarşı təbliğat aparanlara da şamil olunmalıdır.

«Bu il Rusiyanın keçmiş baş naziri Mikhail Kasyanov ilə birlikdə Konqres liderləri ilə görüşdük. Onlardan xahiş etdik ki, Nemtsov-a qarşı qızışdırıcı hərəkətlərə görə səkkiz televiziyanın əməkdaşları sanksiya siyahısına daxil edilsin. Onlar məsələni Obama administrasiyası qarşısında qaldırmağa söz verdilər».

XS
SM
MD
LG