-
Avqustun 27-də Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun vəsatətinə baxılıb.
Müdafiə tərəfi onun haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirdi. Vəsatət təmin olunmayıb.
Bu haqda AzadlıqRadiosuna Cavid Hüseynovun vəkili Adəm Məmmədov məlumat verib.
«Qəbələ» futbol klubunun keçmiş kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin döyülərək ölməsinə görə həbs olunub. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Jurnalist Rasim Əliyev avqustun 8-də saat 18 radələrində Bayıl qəsəbəsində döyülmüşdü. O çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. Jurnalist aldığı xəsarətlərdən avqustun 9-u səhər saat 5 radələrində xəstəxanada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. 6 nəfər həbs olunub.