Tovuzda dörd qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb. Rayonun ucqar dağ kəndi Çobansıxnaqda aşkarlanan qədim məkanın Qafqaz Albaniyasına məxsus olduğu bildirilir.
Bu barədə yerli tədqiqatçı Calaləddin Qasımov Azərtac-a məlumat verib. Bildirib ki, uzun illər boyu axtardığı Abdal şəhərini ən hündür zirvədə aşkarlayıb. Qədim insanlara məxsus 3 hektara yaxın ərazidə iri sal daşlarla hörülmüş mühafizə divarları, onların zaman-zaman məişətdə işlətdiyi əşyalar maraq doğurur. Bir-birindən 5-7 kilometr aralıda yerləşən qədim yaşayış məskənlərini yüz illər öncə çəkilən araba yolları birləşdirir.
Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının üzvləri ərazidə kəşfiyyat xarakterli iş apararaq Çobansıxdaqda tapılan qədim abidənin albanlara məxsus olduğunu üzə çıxarıb.