Keçid linkləri

Təcili xəbərlər
2023, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Zabratlılara 20 avtobus lazımdır...


Foto illüstrasiya

-

«İndi hamamın yanında düşüb qəsəbənin içərisinə, azı, 3 kilometr yolu payi-piyada gəlirik. Halbuki 2-3 ay əvvələdək avtobuslarımız vardı, yaxşıca da xidmət göstərirdi. Kim barmaq qoydu, niyə xətdən yığışdırıldı, səbəbini bilən yoxdur».

Bakının Zabrat qəsəbəsinin sakinləri bu qəsəbənin içərisinədək hərəkət edən avtobusların xətdən yığışdırılmasından əziyyət çəkirlər. Sakinlərdən Ələddin Hüseynov deyir ki, 198 saylı marşruta çıxan, azı, 20 avtobusdan ikisi xətdə qalıb:

«İNDİ BİRTƏHƏR GEDİB GƏLİRİK, BƏS SONRA?»

«Neçə aydır avtobus qıtlığından üzülürük. Qəsəbənin qoca və uşaqları yollarda qalıblar. O avtobuslar qəsəbənin içərisindən birbaşa «Koroğlu» metrosunadək işləyirdi».

Qəsəbə sakini, 62 yaşlı İxtiyar Məhərrəmovun sözlərinə görə, dəfələrlə bələdiyyəyə, qəsəbə icra nümayəndəliyinə gedib və məsələ qaldırıb ki, bu avtobus problemi həll olunsun. Ancaq ona problemi marşrut xəttini almış sahibkarla çözməyi məsləhət görüblər:

«Sahibkar da deyir, mənlik deyil. Guya hələ oradan-burdan düzüb-qoşub bir avtobus da əlavə edib ki, işimizə yarasın. İndi yaydır, bu yolu birtəhər gedib-gəlirik. Oktyabrın ortalarından Zabratda palçıq dizə qalxacaq. O zaman problem daha dözülməz olacaq».

Sakinlər 198 saylı marşrut üzrə hərəkət edən iki avtobusun ümidinə qaldıqlarını söyləyirlər. Həmin avtobuslar da bir səhər adamların işə gedən vaxtı, bir də axşam işdən qayıdan vaxtı gözə dəyir.

DÖVLƏT XƏTTƏ ƏLAVƏ AVTOBUSLAR BURAXACAQ

İxtiyar Məhərrəmov:

«Qalan vaxtları, dediyim kimi, yola qədər olan 3 kilometr məsafəni piyada gedir, Maştağa, Bilgəh istiqamətindən gələn avtobuslara minirik. O avtobuslarda da günün bütün saatlarında iynə atsan, yerə düşmür. Beləcə, iki aydır yolüstü qarşımıza çıxan avtobusların qapısından sallana-sallana gedib-gəlirik».

Sabunçu rayon İcra Hakimiyyəti Zabrat sakinlərinin problemin həlli üçün onlara müraciətini təsdiqləyir. Məsələ araşdırılandan sonra məlum olub ki, marşrut xəttini işlədən sahibkarda avtobus sayı məhduddur. Bu səbəbdən qurum Bakı Şəhər Nəqliyyat Departamentindən sözügedən marşruta əlavə avtobuslar ayrılmasını istəyib. İcra hakimiyyəti problemin yaxın vaxtlarda həllini tapacağını bildirir.

XS
SM
MD
LG