- D E Y İ M L Ə R
§ İnsan özünün yaratdığını onun özünü yaradandan çox sevir.
§ Adam düşünməyi bacarmayanda qarınqulu olur.
§ Nadanlara hökmən Allah xofu lazımdır.
§ Dilənmək istəyənlərə imamların adlarını əzbərləmək vacib deyil.
§ Şah olub təlxəklik etməkdənsə, şahlara layiq təlxək olmaq yaxşıdır.
§ Xacə olub yüz gözəl-göyçək arvada göz qoymaqdansa, kişi olub bir çolaq arvadla yatmaq məsləhətdir.
§ Süpürgəni zir-zibildən düzəldib zir-zibili də süpürürlər onunla.
§ İtlər zəncirdə bəxtiyardılar.
§ Kişilərin gələcəyi qadınların qucaqlarındadır.
§ Şairlər gecələr gözəlləşirlər.
§ Mürdəşiri də yuyan tapılar.
§ Hər bir insan öz xislətinin şairidir.
§ Kora dedilər: “Hər yan zülmətdir.” Kor dedi: “Gözüm aydın!”
§ O dərəcədə eşşəkdir ki, noxtasını yeyib, palanını hədiyyə verib.
§ Vicdanını qəpik-quruşa satma, yaman gündə lazımın olar.
§ Dolayı yolla haqq qazanan doğru, oğrudan bədtərdir.
§ Arzulamaq-inanmaqdır.
§ Satqınları satmazlar, məhv edərlər.
§ Vicdanına, şərəfinə görə təltif, tərif umanla-vicdansız, şərəfsiz arasında fərq yoxdur.
§ Quyruq bulamağın axırı adam qapmaqdır.
§ Alçağa heç vaxt pislik etmə, o bu pislikdən yüksələ bilər.
§ Allaha bəndəlik et, bəndəyə allahlıq etmə.
§ Kişinin zövqünü onun qanuni arvadı yox, məşuqəsi təyin edir.
§ Əsil kişilər üçün yaşamaq həmişə ölümdən əziyyətli olub.
§ Eşşəyin yük altında nələr çəkdiyini öyrənməkçün noxtalanıb palanlanmaq müdriklik yox, ikiqat eşşəklikdir.
§ Sevmək-məsuliyyət daşımaqdır.
§ Heç bir müsibət insanın xislətini dəyişdirə bilməz.
§ Qoyunlarçın çobanın ağıllı, ağılsız, rəhmli, rəhmsiz olmasının təfavütü yoxdur.
§ Dəyyus da vətəndaşdır, şortu da, amma heç biriylə yoldaş olma.
§ Ən ağıllı qadın belə kişi üçün soyunanda ağlını itirir.
§ Ağıllı adamlara güruhun içində dəli kimi baxırlar.
§ Uzunqulaqlara qəzəl oxumağın ənamı ya anqırtı olar, ya da şıllaq.
§ Sənin olmayanı götürmə! O ki, sənindir-ondan da imtina etməyi bacar, çünki əslində heç nə sənin deyil, heç sən özün də!!!
§ Xalqa ən böyük xidmət - öz peşəni mükəmməl bilmək və peşədə vicdanla çalışmaqdır.
§ İncəsənət sənə xəyanət etməyə hazır olan gözəl və işvəkar bir qadındır ki, başqasının qoynuna atılmaqçın sənin ən xırda xəyanətinə bənddir.
§ Müdrik adamlar bu dünyaya mafənin içindən baxırlar.
§ Ölüm mən yaşda, mənim boyda, mən ağırlıqdadır.
§ Xoşbəxt o adamdır ki, başı öz iş-gücünə elə qarışıb ki, xoşbəxtlik barədə düşünməyə vaxtı yoxdur.
§ Xeyirxahlığın bənövşətək boynu bükük, ömrü qısadır. Bədxahlıq-qara qarğadır, adamın özündən də çox yaşayır.
§ Vücudumuz daima ruhumuzun aşkarlığına qılaf olub. Müdrik adam ruhunun bu qılafdan azad olunmasını ölümün öhdəsinə atmamalıdır, diriykən özü bu qılafı parça-parça etməlidir.
§ Xeyirxah adam Şərə qalib gəlmək istəyirsə daha da xeyirxah olmalıdır.
§ Əsil şairdə üç cəhət var: 1. Don Juan, 2. Hamlet, 3. Don Kixot.
§ Çalış öldürməyəsən dəcəl, məsum cocuğu öz ruhunun bətnində.
§ Hər bir cocuğda gələcəyin gənci, yaşlısı və ahılı yaşadığıtək, hər qocada da keçmişin gənci və cocuğu ömür sürür.
§ Bəd əməllərdən başın ayrılanda ani də olsa qəlbinə nəzər sal, bəlkə insaf, iman toxumları görə bildin; gördünsə - çalış onlar cücərib, şüylənsinlər, çiçəklənsinlər.
§ İnsan mənəviyyatında və əxlaqında heç bir hüdud yoxdur; - yəni müdrikliyin, doğruluğun həddi olmadığıtək cahillik və əyriliyin, nadürüstlüyün də sahili görünməzdir.
§ Rəbbinə qovuşmaq üçün İsa Məsih çarmıxa çəkilməsəydi, Məhəmməd peyğəmbərin risaləti, Həzrəti Əlinin Rəşadəti, İmam Hüseynin şəhadəti olmasaydı, bu dünya qara qəpiyə dəyməzdi.
§ Kamil insan üçün özündən aşağı, özündən yuxarı insan yoxdur...
Kamil insan üçün özündən aşağı qəbr evi, torpağın altı, özündən yuxarı isə Allahın dərgahıdır...
§ Məncə - heç vaxt uduzmayan ən amansız oyunçu-torpaqdır, nəhayətdə hamımızı kamına çəkib udur.
§ Satqınlığın mükafatını alan-ölənəcən satqın, məğrurluğun fərəhini duyan isə qiyamətədək məğrur qalacaq.
§ Hər şey bu saat, bu dəqiqə baş verəcək-sədaqət də, satqınlıq da, cəsarət də, qorxaqlıq da-ölüm də! Bu saat, bu dəqiqə - yüz idən sonra da-bu saat, bu dəqiqə olacaq!
§ Dünyada ən böyük günah (hərgah özünü mömün sanırsansa)-murdar adamı sevindirib-səni ən çox istəyən mömünü pərt etməkdir.
§ Az.dramanı nə Cəbrayıl, nə Mikayıl, nə də İsrafil İsrafilov düzəldə bilər, - ora Əzrayıl lazımdır.
§ Satqınlığın irisi, xırdası olmur.
§ Ölənədək hər şey ola bilər...
Öləndən sonra?..
Hə, öləndən sonra rəhmət və lənət...
§ Allahdan savayı – hər şey, hər şey, ötəri görüntüdür. Hər şey, hətta Misir ehramları da ötəridir. Əbədi var olan, gözə görünməyən, həmişə görünən Allahdır – təəssüf ki, insanlar onu görmürlər.