Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 07:29

Rəhman Əlizadə. Vicdansız (Pyes)


Rəhman Əlizadə
Rəhman Əlizadə

Rəhman Əlizadə

V İ C D A N S I Z

İki hissəli dastansayağı məsxərə

İŞTİRAKÇILAR:

  • AŞIQ
  • VİCDANSIZ
  • KATİBƏ
  • ÇUĞUL
  • DƏLƏDUZ
  • YALTAQ
  • HƏKİM
  • ŞƏFQƏT BACISI
  • ƏYYAŞ
  • POLİS RƏİSİ
  • LEYTİNANT
  • I ÇAVUŞ
  • II ÇAVUŞ
  • ROMA
  • QADIN
  • PROFESSOR
  • OĞUL
  • QIZ
  • TUNQA
  • QUDA
  • XANIM
  • SƏS

BİRİNCİ HİSSƏ

Aşıq musiqisi. Aşıq sinəsində saz gəlir. Musiqi kəsilir.

AŞIQ.

Hörmətli xanımlar, izzətli bəylər,

Xoş gördük, gün aydın!

Qoy ulu göylər

Sizi hər bəladan özü hifz etsin,

Cəmi umulular murada yetsin.

Hə, başuvuza dönüm, ağruvuzu alım, yəqin əlüstü anladız ki, sizə dastan söyləyəcəm. Düz anladız, qadavuzu alım! Hə, onu da bilin ki, ustadlar dastandan öncə ustadnamə deyərlər. Canuvuzu yeyim, mən də deyirəm, qulaq asın.

(Saz çalıb oxuyur)

Çəlpəşikdir gecəmiz, səhərimiz.

Sərgüzəştlə doludur şəhərimiz.

Hər nə görsək biz heyrətə gəlmərik,

Heyrət edib də cürətə gəlmərik,

Cürətlənib də qeyrətə gəlmərik

Gizlindədir müxalif təpərimiz,

Sərgüzəştlə doludur şəhərimiz.

Qəribə xəlq edib bizi yaradan,

Vecmizə də deyil nə cin, nə şeytan,

Qanad açsa mələktək hər şarlatan

Heyran qalmaz buna bir nəfərimiz,

Öyrəşib hər hoqqaya nəzərimiz,

Sərgüzəştlə doludur şəhərimiz.

Hə, qadavuzu alım, qabağınızda ölüm, qayda – qanuna görə aşıqlar ustadnaməni bir kərəm yox, iki kərəm yox, üç kərəm deyərlər, amma indi kimsə qayda – qanun hərləmədiyindən, izn verin, prezidentlərimizdən biri demişkən, mən də qanunun yanından keçim.

Hə, biri vardı, biri yoxdı, yer üzündə aqil azdı, belə ki, azdan da azdı, axmaq çoxdı, belə ki, çoxdan da çoxdı, canım sənə desin – aqillərin əksəriyyəti xaki məzəllətdə, axmaqların da ən axmaqları mötəbər idilər. Belə nəql edirlər ki, dünyada sərgüzəşt macaraya, macara nağıla, nağıl dastana, dastan hap – gopa elə qarışmışdı ki, adamlar heç zada nə heyrətlənirdilər, nə də heyran qalırdılar. Ustadlar belə nəql edirlər ki, elə bir zəmanə gəlib çıxmışdı ki, bəzi şeylər qısalıf yox olurdu, bəziləri də əksinə uzanıf baş alıf gedirdi. Məsələn ömürlər qısalırdı, tamah uzanırdı, həya – abır qısalıf keçi quyruğuna dönürdü, abırsızlıq isə uzanıf, uzanıf pasportsuz – filansız sərhədləri keçmişdi. Vəzifəli adamların etiqadları arvad tumanıtəkin gah qasığacan qısalırdı, gah da uzanıf yer süpürürdü. Nə başuvu ağrıdım, atan yaxşı, anon ondan da yaxşı, sənün də qadavu alım, belə bir əyyamda iri şəhərlərin birində təqaüd vaxtına bir – iki il qalmış bir kişini növbəti hakimiyyət dəyişikliyindən sonra o qədər də zırpı olmayan bir vəzifəyə qoydular. Öz aramızdır, elə indi də, qədim əyyamda da vəzifənin nə zırpısı, nə nazırpısı, ağrınızı alım, vəzifə elə vəzifədir də. Hə, idarənin yaltağı – maltağı, lotusu – potusu toplaşıb elə kabinetdəcə təzə rəislərinin şərəfinə ziyafət düzəltdilər. Necə deyərlər təzə bardaq, sərin su. Hə, indi baxaq görək, qadavuzu alım, bu məclisdə nə oldu, nə olmadı.

(Aşıq gedir)

RƏİSİN KABİNETİNDƏ KEYF MƏCLİSİ. KATİBƏ, YALTAQ, ÇUĞUL və DƏLƏDUZ ƏLLƏRİNDƏ BADƏ RƏQS EDİB OXUYURLAR.

HAMI.

Əziz, möhtərəm rəis,

Mübarəkdir vəzifən.

Vallah, təbrik edirik

Biz səni canı – dildən.

ÇUĞUL.

Bütün sirrər məndədir,

Şeytan mənə bəndədir.

Hamının ciki – biki

Mənim bu sinəmdədir.

DƏLƏDUZ.

Çoxdan qadirəm, qağa,

Min cürə fırıldağa.

Istəsəm lap xoruzlar

Başlar yumurtlamağa.

YALTAQ.

Hüzurunda ikiqat

Duraram vaxtbivaxt.

Meylindən keçsə hərgah

Ollam sənə lap arvad.

KATİBƏ.

Katibən nazsatandır,

Gör necə ağmatandır.

Can deyib can eşitsək

Bu can sənə qurbandır.

RƏİS.

Əziz dostlar, mən sizi

Dinlədim həyacanla.

Söz verirəm çalışam

Vəzifəmdə vicdanla.

HAMI.

Əziz möhtərəm rəis

Mübarəkdir vəzifən.

Vallah, təbrik edirik

Biz səni canı – dildən.

YALTAQ. Bizim çox qədim ənənələri olan idarəmizin həddindən ziyadə beynəlmiləl, insanpərvər, tərəqqipərvər və milli, özü də çox milli yeni rəisinə eşq olsun! Mən bu köhnə kresloda sizdən əvvəl əyləşən üç sabiq rəis görmüşəm, amma bu kreslo sizə yaraşantək heç birinə yaraşmayıb. Ilahi, pərvərdigara, aman allah, ya rəb, o boje, elə bil atanız sizi məhz bu kresloda əyləşmək üçün əkib, ananız da sulayıb cücərdib...

DƏLƏDUZ. Qağa, bəsdir bu qədər yaltaqlandın, nəfəsini dər, biz də özümüzü təqdim edək.

YALTAQ. Nəfəsimi dərə bilmərəm! Hər gün ehtizaza gəlincə sümsünüb yaltaqlanmaqdan mənəvi qida alıram.

DƏLƏDUZ. Qağa, bizim rəisimizə sənin kimi sümsük yox, qaz vurub qazan doldurmağın sirrlərinə bələd olan mənimtək işbaz lazımdır.

ÇUĞUL. Heylə deyil! Öncə bizim rəismizə idarəmizin və idarəmizdə işləyənlərin cikini – bikini bilən mənimtək peşəkar gərəkdir! (Cibindən dəftərçə çıxarıb oxuyur) Bax, bu yaltağın qırx altı yaşı var, hündürlüyü bir altımış beş, oturacağının radiusu iyirmi beş, ayaqları qırx ikidir! Yaltaqdır, son dərəcə yaltaqdır, nəinki insanlara, əşyalara da sümsünüb yaltaqlanır. Sonuncu rəisimizin itini o qədər öpüb yalamışdı ki, yazıq heyvan axırda bunu görəndə yıxılıb çapalayırdı! (Dələduzu göstərir) Bu, fırıldaqçının, dələduzun böyüyüdür!

DƏLƏDUZ. Dayan, qağa, baş alıb getmə! Bizim əziz rəisimizə çuğul, adamsatan yox, işgüzar adamlar lazımdır!

YALTAQ. Çəkil o yana görüm, bizim rəisimizə mən lazımam! (Yaltaqlanır)

ÇUĞUL. Siz öləsiniz! Ona məhz mən lazımam!

(Çuğul, Yaltaq və Dələduz bir – birlərini itələyib hay – küy salırlar. Katibə paltarını qaldırıb buduna bağlanmış qoburdan tapança çıxarır və havaya bir güllə boşalır. Hamı donub qalır. Aşıq tövşərək gəlir.)

KATİBƏ (tapançanı Aşığa tuşlayır). Çal, Aşıq, çal!

AŞIQ (qorxaraq). Nə çalım, ağrun alım?..

KATİBƏ. “Ruhani” çal, Aşıq, “Ruhani”!

Bizim əziz rəisimizə, hamınız yadınızda saxlayın, mən lazımam mən! Indi isə sürüşün burdan, füzul milləti füzul! (Çuğul, Yaltaq və Dələduz tərəddüd edirlər, Katibə tapançanı onlara tuşlayır) Cəld olun, eşşək toxumu! (Çuğul, Yaltaq və Dələduz əlüstü kabinetdən çıxırlar. Aşıq dayanır, Katibə tapançanı yenə də Aşığa tuşlayır) Sən isə çal, Aşıq, çal! (Tapançanı rəisə tuşlayır) Sən isə əzizim, soyun!

RƏİS (qorxaraq). Necə, soyunum?

KATİBƏ (ehtirasla). Ah, bəli əzizim, soyun! Qulaq as, hər hansı bir rəisə ilk növbədə katibə lazımdır! Soyun, əzizim, soyun, rəisliyin proloqu da, epiloqu da katibələrin qucaqlarındadır! (Tapançanı rəisə verir) Al, əzizim, indi sən əmr et! Qoy bu sənin vəzifənin başlanğıcında bir nömrəli əmrin olsun!

RƏİS (qorxaraq tapançanı alır). Nə əmr edim?

KATİBƏ. Əmr et ki, soyun!

RƏİS (astadan). Soyun da...

KATİBƏ. Ah, elə yox, əmr et rəis kimi!

RƏİS. Soyun!

KATİBƏ. Bir qədər zəhmli və qəddar ol, əzizim!

RƏİS. Əmr nömrə bir, soyun, itin qızı!!!

(Katibənin üst paltarları düşür. O artıq ərəb rəqqasələrinin geyimindədir.)

KATİBƏ. Çal, Aşıq, göbəy rəqsi çal!

AŞIQ. Ağrın alım, bacıqızı, bilirəm ki, indi demokratiyadır, aşkarlıqdır, amma sazda göbəy rəqsi nə mənim babam çalıb nə də atam. Qadanızı alım, şam tutmaq lazım deyilsə mən gedim?

KATİBƏ. Get, Aşıq, işində ol! (Aşıq gedir.) Maestro, musiqi! (Musiqi səslənir) Tapançanı cibinə qoy, əzizim, əgər sənə xəyanət edərəmsə, əvvəl özünü öldürərsən, sonra məni!

(Oxuyur)

Dilim baldan da şirindir,

Dodaqlarım gəl – gəl deyir.

Məndən qaçıb qurtulmazsan,

Xoş rəftarım gəl – gəl deyir.

(rəqs edir)

RƏİS (rəqs edərək).

Dodaqların gəl – gəl deyir.

Xoş rəftarın gəl – gəl deyir.

KATİBƏ.

Əndamım eyzən cilvədir,

Yanbızlarım yallı gedir.

Məni görən şivən edir

Zülümkarım gəl – gəl deyir.

(rəqs edir)

RƏİS (rəqs edərək).

Səni görən şivən edir,

Zülümkarın gəl – gəl deyir.

(Katibə rəqs edərək Rəisə yaxınlaşır. Birdən ona sarılıb uzun – uzadı öpür, Rəis onun qoynundan çıxıb çığırır.)

RƏİS. Vay, partladım! Vay ürəyim! Vay yandım! Vay qovruldum! (yıxılıb qovrulur)

(Aşıq canharayı gəlir.)

AŞIQ. Nə oldu?! Nə oldu?! Qızım, ağrın alım neylədin buna yarımcan oldu?!

KATİBƏ. Neyləyəcəm, qucaqlayıb öpdüm, yemədim ki! A, bunun həndəvərindən keçmək sən demə olmazmış.

RƏİS. Vay öldüm! Tez olun təcili yardım çağırın!

KATİBƏ. Bilməmişdim, bir təcili yardım da çağıraram səninçün. Sən yaşda əfəlin birini rəis qoyanın ağlına keçə yamayım. Qadam ağzına, yanından keçməmiş sökülüb tökülürsən ki! Bəs əməlli – başlı qucaqlayıb hövkələyib çalxalasaydım neylərdin?! Alaye!

(Kül eləyib paltarlarını yığışdırıb gedir.)

RƏİS. Vay öldüm! Vay ürəyim! Aşıq, başına dönüm təcili yardım!..

AŞIQ. Qardaş, sən yaxşı qurtarmısan, səndən əvvəlki rəisin canı bunun qucağında çıxdı.

RƏİS. Necə?! Tez, təcili yardım!

AŞIQ. Bu saat, ağrın alım! (Dəstəyi götürüb nömrəni yığır) Allo, qadanızı alım, təcili gəlin, ölən var! Necə? (Qulaq asır) Necə, necə? Ola bilməz? Necə dedin, ağrın alım? (Dəstəyi yerinə qoyur)

RƏİS. Nə oldu, gəlirlər?

AŞIQ. Xeyr, ağrın alım, gəlmirlər, heç gəlmək fikrində də deyillər.

RƏİS. Niyə?! Uf, partladım!

AŞIQ. Qadan alım, deyir; bir maşınımız var, onun iki pakrışkası yırtıqdır, deyir, lap pakrışkalar saz olsaydı yenə gələ bilməzdik, çünki dava – dərmanımız yoxdur, deyir lap dava – dərmanımız da, benzinimiz də, pakrışkamız da olsaydı yenə gələ bilməzdik, çünki gəlməyə bir damcı həvəsimiz yoxdur!

RƏİS. Vay, öldüm!!!

AŞIQ. Ölmə, ağrın alım. Gör aşıq burda sazı sinəsinə basıf nə deyif. (çalıb oxuyur)

Ay həzarat, bir zəmanə gəlifdir,

Adam bilmir ağlasın, yoxsa gülsün.

Hərcmərclik bürüyüfdür aləmi,

Adam bilmir dərdi kiminlə bölsün.

Kimsə tanrısını salmayır yada,

Qanunsuzluq oluf həddən ziyada,

Kasıf – kusuf çaşıf qalıf arada

Bilməyir ki, yaşasın, yoxsa ölsün.

RƏİS. Vay qarnım! Vay öldüm!

AŞIQ. Ağrın alım, söyüş yiyəsi olmaq istəmirsənsə çaşıf ölüb – eləmə, çünki bir meyidin evdən çıxıb torpağa tapşırılması ölü yiyəsinə iki – üç milyona başa gəlir. Yaxşısı budur, qalx ayağa çatdır özünü yaxınlıqdakı xəstəxanaların birinə! Qalx ayağa qadan alım.

(Aşıq əl yetirib Rəisi qaldırır. Rəis ah – ufla qarnını tutub səhnədən çıxır.)

AŞIQ. Allah köməyin olsun. (Tamaşaçılara) Hə, qadavuzu alım, Rəis qarnını tutub üz qoydu öz idarəsinə yaxın olan xəstəxanaya. Rəisin yollandığı xəstəxanada can həkiminin otağı. Can həkimiylə Şəfqət bacısı bekarçılıqdan videoya baxa – baxa rəqs edib oxuyurlar. Canuvu yeyim, maestro, musiqi.

Musiqi səslənir. Xəstəxanada can həkiminin otağı, Həkimlə Şəfqət bacısı televiziyanın qarşısında rəqs edib oxuyurlar.

HƏKİM.

Qaynadır qanı,

Isidir canı,

Sənə tay hanı

Dəhşət, şəhvət

Filimləri, hey!

HƏR İKİSİ.

Dəhşətlidir, hey,

Şəhvətlidir, hey,

Ləzzətlidir, hey

Dəhşət, şəhvət

Filimləri, hey!

ŞƏFQƏT BACISI.

Biri burcudur,

O biri udur,

Maraqlı olur

Dəhşət, şəhvət

Filimləri, hey!

HƏR İKİSİ.

Dəhşətlidir, hey,

Şəhvətlidir, hey,

Ləzzətlidir, hey

Dəhşət, şəhvət

Filimləri, hey!

ŞƏFQƏT BACISI. Bir bax, bir bax, gör necə yeyir bacısını!

HƏKİM. Aha, indi mən də səni yeyəcəyəm!!!

ŞƏFQƏT BACISI. Ay vicdansız, ay padles, adam da şəfqət bacısını yeyər?!

(Rəis ikiqat halda qapıdan boylanır)

HƏKİM. Bu qıtlıqda adam sənintək ağ balığı yeyər də, üstündən bir istəkan ananas şirəsi içər də!

(Şəfqət bacısını qucaqlayıb öpür)

RƏİS. Nuş can!..

ŞƏFQƏT BACISI. Necə, mənə dedin can?! Vaxsey, biabır oldum, şaxsey, biabır oldum! (Hönkürür)

HƏKİM (Rəisi boğazlayır). Cüvəllağının biri cüvəllağı, sənin nə ixtiyarın var gül kimi, həyalı, ismətli, lirik – sentimental, etik – poetik bir el qızını təhqir edəsən?! Utan, qızar yaşından! Atam yaşındasan, yoxsa?!

RƏİS. Burax, burax boğazımı! Düz deyiblər, qara məni basınca, mən qaranı basım!

ŞƏFQƏT BACISI. Nə demək istəyirsən?! Demək istəyirsən ki, biz sənin qarşında üzüqarayıq, gözükölgəliyik?! Demək istəyirsən bu mənim aşnamdır, mən onun maskasıyam! Vaxsey, mənə maska dedi, şaxsey, mənə maska dedi! Adə, ay binamus, atam yaşında olmasaydın cırıb qoyardım, şappalayardım səni!

(Ayaqqabılarını çıxarıb Rəisə hücum çəkir)

RƏİS. Qızım, bacım, mən bura dava – şavaya gəlməmişəm! Dayanıb durduğum yerdə bütün vücudumu kəskin ağrı bürüyüb! Uf, aman allah, gəlmişəm məni müayinə edəsiniz!

ŞƏFQƏT BACISI. Işimiz – gücümüz qurtarıb, hələ bir səni müayinə də edərik!

RƏİS. Necə yəni işimiz – gücümüz qurtarıb? Uf qarnım, vay partladım! Sizin borcunuzdur!..

ŞƏFQƏT BACISI. Şəxsən mənim heç kəsə borcum, filanım yoxdur!

RƏİS. Vay öldüm, vay çartladım! Insafınız olsun, məni, məni müayinə edin!

HƏKİM. Tutaq ki, müayinə etdik, məlum oldu ki, sizə filan – filan dava – dərman, filan – filan iynələr lazımdır!

ŞƏFQƏT BACISI. Əşi, dava – dərman, iynə - miynə nədir, bizdə heç allahın tənzifi də yoxdur!

HƏKİM. Deyilənə görə almanlarla müqavilə bağlanıb, üç – dörd aydan sonra dava – dərman alacağıq!

RƏİS. Necə yəni üç – dörd aydan sonra?! Belə çıxır ki, üç – dörd ay mən belə vəziyyətdə qalacağam?!

ŞƏFQƏT BACISI. Bəli, belə çıxır!

RƏİS. Yox, belə çıxmır! (Tapançanı çıxarır) Əllər yuxarı! Düzlən! Farağat!

HƏKİM və ŞƏFQƏT BACISI. Əşi, bayaqdan belə danış da!

RƏİS. Maestro, musiqi! (Musiqi səslənir) Oxuyun!

(Həkimlə Şəfqət bacısı rəqs edib oxuyurlar.)

HƏKİM və ŞƏFQƏT BACISI.

Əziz xəstə, gözəl xəstə,

Cavab verib gileyinə

Icazə ver, biz arəstə

Edək səni müayinə.

HƏKİM.

Bir söylə ağrayır haran,

Var canında bəlkə yaran.

Hazır edək dava – dərman,

Bəlkə vuraq sənə iynə.

ŞƏFQƏT BACISI.

Əziz xəstə, gözəl xəstə,

Nə istəsən, gözüm üstə.

Xoş əndamlı bu növrəstə

De, yatırmı ürəyinə.

HƏR İKİSİ.

Cavab verib gileyinə,

Qulaq asaq ürəyinə,

Edək səni müayinə,

Bəlkə vuraq sənə iynə.

HƏKİM. Iynə!!!

ŞƏFQƏT BACISI (iynə götürür). Iynə hazırdır!

HƏKİM. Vurun!

ŞƏFQƏT BACISI. Harasına?!

HƏKİM. Harası gəldi!!!

(Şəfqət bacısı şalvarın üstündən Rəisə iynə vurur. Rəis çığırıb yerindən sıçrayır, başlayır otaqda qaçmağa.)

HƏKİM. Dayanın, bura sizinçün cıdır deyil, siz də bədöy at!

RƏİS (qaçaraq). Dayanın demək dildə asandır! Bu iynə sizə batsaydı lap qanad açıb uçardınız!

HƏKİM. Indi siz dayanmayacaqsız?

RƏİS. Mümkün deyil dayanmaq, gözləyin sürətim yavaş – yavaş azalsın! (Qaçır)

HƏKİM. Indiki belədir, qaça – qaça müayinə edək!

ŞƏFQƏT BACISI. Oldu qaça – qaça müayinə eləmək!

Musiqi. Həkim və Şəfqət bacısı qaça – qaça Rəisi müayinə edirlər.

HƏKİM. Qarnı çox yekə deyil.

ŞƏFQƏT BACISI.

Amma ki, piylənməyə

Yamanca meyillidir!

HƏKİM. Üzdən gümrahdır yaman.

ŞƏFQƏT BACISI. Bədəni də qıvraqdır!

HƏKİM. Burnu da görkəmlidir!

ŞƏFQƏT BACISI.

Ağzından əla növlü

Konyak qoxusu gəlir.

Nəbzi qaydasındadır.

Içində nəsə yoxdur.

HƏKİM. Nəsə yoxdur? Ürəyi?

ŞƏFQƏT BACISI.

Ürəyi yerindədir.

Bir balaca piylənib.

HƏKİM. Mədəsi?

ŞƏFQƏT BACISI.

O da vardır.

Özü də dopdoludur.

HƏKİM. Ciblərinə də bir bax!

ŞƏFQƏT BACISI. Cibləri də doludur.

HƏKİM. Onda yaponski aparat!

(Təlaşlı musiqi. Şəfqət bacısı aparat gətirir, Həkim Rəisi müayinə edir.)

HƏKİM. Pərvərdigara, ola bilməz! Dəhşət!!!

AŞIQ (canharayı gəlir). Nə olub ağrın alım? Xərçəngdir?

RƏİS. Necə, xərçəng?! Vay dədə!!!

HƏKİM. Yox!!! Daha dəhşətli!!!

AŞIQ. Spiddir, başına dönüm?

RƏİS. Spid? Vay dədəmin dədəsi vay!

HƏKİM. Yox! Ilahi, dünya tibb tarixində heç bir həkim belə xəstəliklə üzləşməyib!

RƏİS. Həkim, açıq deyin, mənə nə olub, mənim xəstəliyim nədir?

HƏKİM. Itirmisiniz!..

RƏİS. Nəyi itirmişəm?

HƏKİM. Vicdanınızı!

RƏİS. Necə?

Həkim. Bəli, siz vicdansızsız!!!

ŞƏFQƏT BACISI. Vicdansız!.. Vaxsey...

AŞIQ. Ağrın alım, mən də deyirəm görəsən nə olub, indi camaatın həddi – buluğa çatandan əzrayılın çəngində çənə atanatəkinin yetmiş, səksən faizinin vicdanı yoxdur!

HƏKİM. Bu barədə respublika statistika mərkəzinin məlumatı olmasa da mümkündür! Amma məsələ bundadır ki, yer üzündə Adəmdən bu günəcən heç bir vətəndaşın xəstəxana kitabçasında Vicdansız diaqnozu yazılmayıb, bununkinə isə yazılacaq!

VİCDANSIZ. Necə, xəstəxana kitabçasında Vicdansız yazılacaq?

HƏKİM. Əlbəttə! Hələ bu harasıdır, dünyanın hər yerində alimlər, məşhur cərrahlar, terapevtlər, kardioloqlar, qinekoloqlar, hamı, hamı axışıb gələcək bura!

VİCDANSIZ. Necə?!

HƏKİM. Bəli, vətəndaş vicdansız! Hələ müxbirlər!

VİCDANSIZ. Müxbirlər!!!

HƏKİM. Bəli, bəli, müxbirlər!

AŞIQ. Ağrınızı alım, deyəsən axı harda əclaf - əclaf şeylər var bizimçün qalıf!

VİCDANSIZ. Yaxşı, həkim, bu vicdan deyilən şey nədir axı?!

HƏKİM. Qəlblə hiss etmə!!!

ŞƏFQƏT BACISI. Insaf, ədalət duyğusu!!!

HƏKİM. Sufilərə görə - daxili şüur və coşğunluq!

AŞIQ. Ağrın alım həkim, axı sənin dediklərin bizim məmləkətdə çox güman heç bir nəfərdə də yoxdur.

HƏKİM. Çox ola bilər, amma bir vicdansıztək nəinki bizim məmləkətdə, hətta bütün dünyada rəsmi qeydiyyata alınan bu olacaq!

VİCDANSIZ. Yaxşı, harda itirmişəm bu şoğərib vicdanı?!

HƏKİM. Çox təəssüf ki, bunu deyə bilməyəcəyəm, çünki bilmirəm. (Resept yazır) Hər ehtimala qarşı yazdığım həbləri yeməkdən sonra üç dəfə atın.

ŞƏFQƏT BACISI. Bir də çalışın yağlı xörəklər az yeyəsiniz.

HƏKİM. Spirtli içkilər qətiyyən içməyin! Içki itmiş vicdanın qatı düşmənidir, onun yerini yandırır, təzəsinin əmələ gəlməsinə, necə deyərlər, cücərib pərvəriş tapmasına əngəl törədir.

VİCDANSIZ. Necə, təzəsi də cücərə bilər?

HƏKİM. Çox ola bilər ki, təzəsi də cücərsin, köhnəsini də sidq – ürəklə axtarsanız ola bilər tapasınız. Hərhalda naümüd olmayın.

ŞƏFQƏT BACISI. Hə, yeri gəlmişkən sizə xəbərdarlıq edirik, əgər üç gün müddətində vicdanınızı tapıb yerinə qoymasanız biz sizin vicdansız olmağınız barədə tibbi elmi mərkəzlərə məlumat verməli olacağıq.

VİCDANSIZ. Necə?! Üç gün ərzində?! Bütün tibbi elmi mərkəzlərə?! Həkim, bəs əlac nədir?!

HƏKİM. Bircə əlac var, o da itmiş vicdanı tapıb yerinə bərkitməkdir. (Əlini açıb barmaqlarını bir – birinə sürtür) Əlac yalnız budur!

ŞƏFQƏT BACISI. Ya da təzəsinin cücərməsi üçün daxilinizdə optimal şərait yaratmaqdır! (Əllərini açıb barmaqlarını bir – birinə sürtür) Əlac yalnız budur, bu!

AŞIQ. Ağrın alım, anladın? (Barmaqlarını bir – birinə sürtür) Əlac budur, bu!

(Vicdansız cibindən pul çıxarıb əvvəlcə Həkimə, sonra Şəfqət bacısına verir)

HƏKİM. Bu qəpik – quruşu saxla özünçün, saqqız alıb çeynərsən! (pulları onun üzünə çırpır) Vicdansızın biri vicdansız!

ŞƏFQƏT BACISI. Bunları apar ver arvadına semiçka alıb çırtlasın! (pulları onun üzünə çırpır) Vicdansız!

(Həkimlə Şəfqət bacısı hərəsi bir avtomat götürüb Vicdansıza tuşlayırlar)

HƏR İKİSİ. Bas bayıra!!! (Musiqi səslənir. Oxuyurlar)

Burda dayanıb durma,

Cəhənnəm ol yoluna!

Sənintək vicdansızın

Qalmamışıq puluna!

(Musiqi)

AŞIQ (əyilib pulları yığır). Siz allah qan – qada lazım deyil! (pulları cibinə qoyur)

HƏR İKİSİ.

Qismətindən heç zaman

Uzaqlaşa bilməzsən!

Ay vicdansız, bizimlə

Mazaqlaşa bilməzsən!!!

Rədd ol, rədd ol vicdansız!

Rədd ol, rədd ol, vicdansız!

Aha, indi biz sizi yeyəcəyik!!!

(Aşıqla Vicdansıza hücum çəkirlər)

AŞIQ. Həyə, vicdansız gəl çıxaq aradan! Vallah, güc nazirlikləri tutarlı tədbir tökməsələr məmləkətmizdə belə getsə adamyeyənlərin sayı günü – gündən artacaq!

(Aşıqla Vicdansız otaqdan çıxırlar)

ŞƏFQƏT BACISI (avtomatı tullayır). Aha, indi mən səni yeyəcəyəm!

HƏKİM (avtomatı tullayır). Mən də səni parçalayıb yeyəcəyəm!

(Hər ikisi nərə çəkib bir – birinin üstünə atılırlar)

Işıq sönür. Aşıq səhnənin bir tərəfində işıqlanır.

AŞIQ. Hə, əzizlərim, Vicdansız bir təhər canını can həkimiylə onun şəfqət bacısının əlindən qurtarıb kor – peşman gəlif dayandı bir əyyaşın uzanıf yatdığı bir iskamyanın yanında.

(Əyyaşın uzandığı skamyanın yanında dayanmış Vicdansız işıqlanır)

Gözləri yaşardı və Əyyaşın xorultusuna uyuşan xudmani bir monoloq dedi.

VİCDANSIZ. Ilahi, əcəb yerdə ənbərəni verdim suya. Durub dayandığım yerdə özüm – özümçün iş çıxardım! Camaat dəvəni yüküylə yeyir, sarbanı... Bir gün deyildi rəis təyin olunmağım salıb vicdanımı itirdim!

ƏYYAŞ (yuxulu – yuxulu). Xanım Teççer, sizdən yüz dəfə rica etmişəm ki, mən yatanda qulağımın dibində mızıldanmayasız... (xoruldayır.).

VİCDANSIZ. Nə xoşbəxt insandır! Nə idarəsi var, nə nazir – filan hərləyir, nə də vicdanı barədə düşünür. Nazir? Bəlkə məni rəis təyin edəndə nazirin qəbulunda itirmişəm bu şoğəribi! Axı deyəsən minnətdarlıq edəndə qarşısında çox əyildim... Bəlkə onda düşüb itib...

ƏYYAŞ (yuxulu – yuxulu). Bura bax; Napalion, sənə min dəfə demişəm, ölsən də səni özümə müavin etməyəcəm! (xoruldayır)

VİCDANSIZ. Müavin?! Bəlkə nazir müavinin xəcalətindən çıxanda çaşıb vicdanımı da bağışlamışam. Yox, ola bilməz...

ƏYYAŞ (yuxulu – yuxulu). Ay vicdansız, bəsdü də, qoy yataq da!

VİCDANSIZ. Necə, vicdansız?! Əyyaşın biri mənə vicdansız deyir?! Özü də yuxuda! Ah...

AŞIQ. Əyyaşın yuxulu – yuxulu dediyi vicdansız kəlməsi Vicdansızın ürəyini bir ox kimi dəlib keçdi! O məsum – məsum xoruldayan Əyyaşa mənalı – mənalı baxıb yanıqlı – yanıqlı sürəkli bir ah çəkdi.

VİCDANSIZ (mənalı – mənalı baxıb yanıqlı – yanıqlı sürəkli bir “ah” çəkir). Ahhhh...

AŞIQ. Ahın dağlara, ağrın alım! Bu vaxt hardasa həzin bir musiqi səsləndi və Vicdansız göz yaşı axıdaraq oxudu... (ağlamsınır).

Həzin musiqi.

VİCDANSIZ (oxuyur).

Bilmirəm harda axtarım,

Tapım qərib vicdanımı.

Görən harda itirmişəm

Bu şoğərib vicdanımı.

ƏYYAŞ (yuxulu – yuxulu oxuyur).

Bu şoğərib vicdanını...

VİCDANSIZ.

Şəhərdə çoxdur dərbədər,

Hərə sülənir birtəhər,

Küçələri süpürənlər

Bəlkə görüb vicdanımı.

ƏYYAŞ (qalxıb gözlərini ovxalayır).

Bəlkə görüb vicdanını...

VİCDANSIZ.

Adamlar olubdur quduz,

Hər şey baha, vicdan pulsuz.

Ola bilər bir dələduz

Minib sürüb vicdanımı.

Mənim qərib vicdanımı,

Ah, şoğərib vicdanımı!..

(Ağlayır)

ƏYYAŞ (ağlaya – ağlaya).

Sənin qərib vicdanını,

Ah, şoğərib vicdanını!

(Hönkürür)

VİCDANSIZ. Sizə nə olub, niyə ağlayırsız?

ƏYYAŞ. Sizin ucbatınızdan.

VİCDANSIZ. Mənim?!

ƏYYAŞ. Sizin və sizin kimi vicdansızların! Axı nə istəyirsiz bizdən?! Niyə göz verib işıq vermirsiz bizə. Sizin hər şeyiniz var, hər şeyiniz! Üz – gözünüzdən, təhər – tövrünüzdən görünür ki, vəzifə sahibisiz, min hoqqadan, yüz fırıldaqdan çıxıb hər şey, hər şey, mal, dövlət, maşın, mənzil, səfalı yerlərdə bağ, məşuqə, nə bilim nə, nə, hər şey, hər şey qazanmısız! Biz yoluqların isə heç nəyi yoxdur, heç nəyi... Təkcə təmiz vicdanımız var, bir də bu boyda dünyada yazıq, qaragün vətənimiz var. Allahınız olsun, vicdanınız olsun, macal verin yaşayaq birtəhər də! Yox, qoymazsız, macal verməzsiz. Siz elə vicdansız ki, yeyib içəndən sonra, dünyanın yüz ləzzətini görəndən sonra hökmən gəlib dayanacaqsız başımızın üstə və mahnı oxuyub ağlayacaqsız, üstəlik bizi də ağladacaqsız. Axırda məcbur edəcəksiz biz də çıxıb gedək əcnəbi vilayətlərə... (skamyanın yanından çaxır şüşəsini götürüb başına çəkir). Belə getsə, bir kərəm borc – xərc eləyib yerə yıxılanacan içəcəyik və çıxıb gedəcəyik. Bundan sonra qalın bayquş kimi burda, yeyin – için, ulayın özünüz üçün... Vicdansızlar... (gedir).

VİCDANSIZ. Deməli, mən o dərəcədə vicdansızam ki, əyyaşlar belə üzümü görməməkçün, səsimi eşitməməkçün bu məmləkətdən baş götürüb getmək istəyirlər?! Yox, mən buna dözmərəm! (Tapançanı çıxarır) Deməli belə... (tapançanı alnına dirəyir). Bu da axırımız...

Əyyaş gəlir

ƏYYAŞ. Əmoğlu.

VİCDANSIZ. Bəli...

ƏYYAŞ. Əlindəki nədir?

VİCDANSIZ. Tapança...

ƏYYAŞ. Özünü öldürmək istəyirsən?

VİCDANSIZ. Bəli...

ƏYYAŞ. Hayıfın gəlmir?

VİCDANSIZ. Gəlir... Bəs neyləyim?

ƏYYAŞ. Soyun ver mənə.

VİCDANSIZ. Nəyi?

ƏYYAŞ. Kostyumunu. Hayıfdır axı. Titəyi çəkən kimi qana bulaşacaq. Belə bahalı şeyi niyə zay eləyirsən. Soyun ver, heç olmasa bir nəfər rəhmət oxuyar səninçün.

VİCDANSIZ. Düz deyirsən. (Tapançanı Əyyaşa verir) Al, saxla. (Pencəyini çıxarır) Götür...

ƏYYAŞ. Köynəyini də soyun, nəyinə lazımdır.

VİCDANSIZ. Düz deyirsən. (Soyunub verir).

ƏYYAŞ. Əcəb saatdır. O dünyada onsuz da lazımın olmayacaq.

VİCDANSIZ. Doğrudur. (Saatı açıb verir).

ƏYYAŞ. Şalvarını çıxarma, hərhalda yaxşı deyil. Amma bir ciblərinə bax. O dünyada pul nəyinə lazımdır.

VİCDANSIZ (cibindən pul çıxarıb verir). Götür.

ƏYYAŞ. Çox sağ ol. (Tapançanı qaytarır) Sənə yaxşı yol. Qabaqcadan allah rəhmət eləsin. (Gedir, sonra dayanıb durur) Hər şeyini mənə verməyindən duyuram ki, deyəsən çox qiymətli bir şey itirmisən.

VİCDANSIZ. Hə, itirmişəm! Elə bir şey itirmişəm ki, qiymətsizdir.

ƏYYAŞ. Onda ver özünü uqalovnı rozıska!

VİCDANSIZ. Hara?

ƏYYAŞ. Cinayət axtarış şöbəsinə. Həvəsləri olsa axtarıb taparlar. (Gedir).

VİCDANSIZ. Cinayət axtarış şöbəsi? Bayaqdan heç ağlıma gəlmir. Doğurdan a, bizim bölgənin cinayət axtarışı şöbəsinin rəisi mənim dost – doğma dayım oğludur ki. (Əyyaşın ardınca) Dayan!!! Dayan, heç olmasa köynəyimi qaytar! Dayan ay vicdansız!

(Əyyaş gedən tərəfə qaçıb səhnədən çıxır. Səhnənin o biri tərəfindən Aşıq gəlir.)

AŞIQ. Hə, ağrınızı alım, Vicdansız dabanəllialtı qaçdı Əyyaşın dalınca. Haqlayıb heç olmasa köynəyini ondan aldımı, almadımı, bilmirəm. Amma başınıza dönüm, qadanızı alım, qabağınızda ölüm, bunu bilirəm ki, bu yaşa çatmışam, neçə illərdir aşıqlıq edirəm, nə oğru kimi oğru görmüşəm, nə doğru kimi doğru, nə kasıbtək kasıb görmüşəm, nə varlıtək varlı, nə dəli kimi dəli görmüşəm, nə ağıllıtək ağıllı, nə başuvuzu ağrıdım, müxtəsər, əlqərəz, məxləs, öz aramızdır hərəmiz bir cür... Nə isə, lənət şeytana. Nə isə bir duvaqqapma deyim, birinci hissəni başa vuraq, allah kərimdir, ikinci hissədə nə olar, olar.

(Sazı sinəsinə basıb çalır və oxuyur)

Mənim ağlım kəsən gündən

Cahanı belə görmüşəm.

Hamımız çiy süd əmmişik

Insanı belə görmüşəm.

Oğruları bəsləmişik,

Yalanı belə görmüşəm!

Doğruları bizləmişik

Imanı belə görmüşəm.

Qayda – qanun bilməmişik

Divanı belə görmüşəm.

Cahanı belə görmüşəm,

Dövranı belə görmüşəm!

Atsaq bir yana duvağı,

Silsək üzümüzdən boyağı,

Olarıq rişxənd bayrağı,

Işlərimizdir bayağı,

Hərə bir cür cüvəllağı,

Etmişik alim ulağı,

Söndürmüşük min çırağı,

Satmışıq doğma torpağı,

Qardaşımız deyir ağı,

Biz oynayırıq qaytağı,

Vətənimiz qəm oylağı,

Güneyi belə görmüşəm,

Qüzeyi belə görmüşəm.

Bu eli belə görmüşəm,

Bu eli belə görmüşəm!

(Aşıq saz çala – çala səhnədən çıxır.)

İKİNCİ HİSSƏ

Aşıq musiqisi. Aşıq sinəsində saz gəlir. Musiqi kəsilir.

AŞIQ.

Hörmətli xanımlar, izzətli bəylər,

Bayaq dediyimtək, qoy ulu göylər

Sizi hər bəladan özü hifz etsin,

Cəmi umulular murada yetsin.

Bəli, davam edir bizim tamaşa,

Sağ – salamat vurmaqçın onu başa

Mədəd istəyirəm qadir Allahdan.

O bizi hifz etsin hər cür günahdan.

Hə, ağruvuzu alım, davam edək. Vicdansız heç olmasa köynəyini geri qaytarmaqçın Əyyaşın dalınca qaçdı. Baxaq görək onun başına nə gəldi, nə gəlmədi. Nəhəng şəhərlərin birinin polis idarələrinin birində Vicdansızın dost – doğma dayısı oğlunun rəis işlədiyi cinayət axtarışı şöbəsinə girən yerindəcə donuf qalardı, çünki iki çavuş qan – tər içində canfəşanlıqla otaqda nəsə axtarırdı. Rəis isə acıqlı – acıqlı ucadan mahnı oxuyurdu. Həyə, maestro musiqi.

Musiqi səslənir.

RƏİS (oxuyur).

Axtarın onu,

Siz tapın onu.

Biz başa vuraq

Tez bu oyunu.

ÇAVUŞLAR.

Etdik hər yeri

Biz ələk – vələk.

Tapa bilmirik,

Indi neyləyək.

RƏİS.

Axtarın onu

Yerin altında.

Tez tapın onu

Göyün qatında.

I ÇAVUŞ (zildən lirik).

Otaq oldu ələk – vələk,

Tapa bilmirik neyləyək?

RƏİS.

Axtarın tapın,

Axtarın tapın!

ÇAVUŞLAR.

Tapa bilmirik,

Tapa bilmirik...

(Hər iki Çavuş döşəməyə sərilirlər. Rəisin mizinin arxasından Leytinant geyimində qəşəng bir qız çıxır)

LEYTİNANT. Uşaqlar, mən burda!

RƏİS. Utanım yerinizə, əfəllər! Mən bu yaşımda belə ceyranı on kilometrlikdən qoxusundan iyləyib taparam. Qalxın! Gedin, axtarmağı öyrənin! Yadınızdan çıxarmayın ki, siz cinayət axtarışı şöbəsində işləyirsiz! Gedin!

ÇAVUŞLAR. Oldu! (Gedirlər)

RƏİS. Sən də get quzum, zərərdidələri, şikayətçiləri burax gəlsinlər.

LEYTİNANT. Oldu, cigər! (Rəisi öpür)

RƏİS (qızı öpür). Yaxşı ki, sən varsan, yoxsa hər gün bura axışıb gələn heyvərələrin əlindən dəli olardım. Get, quzum, get!

LEYTİNANT. Baş üstə, göz üstə! (Gedir)

RƏİS (onun ardınca bir müddət baxandan sonra). Gərək bu ilin axırında necə olursa – olsun rütbəsini artıram. Zalımın qızı, leytinantdır, özünü lap kapitan kimi aparır.

LEYTİNANT gəlir.

LEYTİNANT. Cənab rəis, bibiniz oğlu gəlib, sizi görmək istəyir. Deyir, güya siz onun dayısı oğlusuz.

RƏİS. Bibioğlu?! Xeyir ola... Burax, gəlsin!

LEYTİNANT. Oldu! (Çıxır)

VİCDANSIZ gəlir.

RƏİS. Xoş gördük, ay bibioğlu, xoş, beş, onbeş! Əşi, bu nə görkəmdir. Kim soyundurub səni?

VİCDANSIZ. Daha demə, ay dayıoğlu! Hal – qəziyyə belə!

Musiqi səslənir. Vicdansız Rəisə nəsə danışır, Aşıq gəlir.

AŞIQ. Hə, Vicdansız dayısıoğluna başına gələnləri əvvəldən axıracan bircə - bircə danışmağa başladı. Vicdansız danışdıqca Rəis tapşırdı, əvvəlcə köynək gətirib onu geyindirdilər, sonra çay gəldi, içdilər, lap axırda məlum şeydir ki, konyak gəldi, onu da yarıyacan içdilər. Nəhayət Rəis sağ əlini bibisioğlunun çiyninə qoyuf dedi. Qadanızı alım, görək nə dedi.

RƏİS. Bibioğlu, yaşda məndən beş – altı il böyük olsan da, incimə, sən allah, incimə, əşi axtarmağa başına şey qəhətdir bu soxasoxda?!

VİCDANSIZ. Niyə ki, dayıoğlu?

RƏİS. Əşi, daha niyəsi yoxdur ki, öz aramızdır, vəzifəli adamsan, nəyinə lazım vicdan? Canım, ciyərim, kiminçün axtarırsan, kimə lazımdır sənin vicdanın?! Vallah, onca dəqiqə mənim kabinetimdə otursan, bura gələn cürbəcür nadürüstü, qurumsağı görsən, nəinki vicdanını axtarmazsan, itirdiyinçün üstəlik aparıb nəzir – niyaz verərsən. Bu saat... (Zəngi basır, Leytinant gəlir.)

LEYTİNANT. Bəli, cənab rəis!

RƏİS. Orda zərərdidələrdən, şikayətçilərdən kim var, burax gəlsinlər.

LEYTİNANT. Bizim uşaqlar talkuçkadan bir qadını yaxalayıblar...

(Bayırdan qadın səsi: Buraxın məni, buraxın! Ölkə dərəbəylikdir bəyəm?! Qayda qanun yoxdur!?

LEYTİNANT. Onun səsidir, bayaqdan uçurur aləmi.

RƏİS. Burax gəlsin!

LEYTİNANT. Baş üstə!

(Leytinant çıxır, elə o dəqiqə Qadın içəri soxulur)

QADIN. Ağa naçalnik, bu təzə lotuluqdur, tutdurmağa başuvuza adam qəhətdir?!

RƏİS. A, köhnə müştəri, xeyir ola bu dəfə niyə xirtdəkləyiblər səni. Yoxsa yenə talkuçkada pilomot satmısan?!

QADIN. Yox, bir ay var hərbi sənayeçilərlə haqq – hesabı çürütmüşəm. Dəyyuslar həlləm – qəlləm çıxdılar. Naçalnik, söz danışıqdan keçər də, elə döyül?

RƏİS. Elədir.

QADIN. Danışmışdıq ki, mən iki vaqon şampanski, bir vaqon da “Kəpəz” konyakı göndərirəm, onlar da əvəzində iki tanq, bir vertalyot, yüz dənə pilamyot göndərsinlər. Nadürüstlər vertalyotla əlli pilamyotun dalına keçdilər. Dedim sizi allah vurmuşdu, bundan sonra içərsiz şampanla “Kəpəz” konyakını. Helə o oldu, bu oldu, çürütdüm haqqhesabı o vicdansızlarla. Bir dənə siqaretindən ver, mənimki qurtarıb.

RƏİS (siqaret verir). Yaxşı bu gün nə satırdın?

QADIN (siqaretini yandırıb qüllab vurur). Fil!..

RƏİS. Necə?

VİCDANSIZ. Fil?! Necə yəni fil?!

QADIN. Fil də, əməlli – başlı, xortumlu, qulaqlı Afrika fili. (Vicdansızı göstərir) Bu kimdir?

RƏİS. Işində ol, özümüzküdür.

VİCDANSIZ. Bacı, fili kimə satırdız?

QADIN. Kimə satacam, müştəriyə.

VİCDANSIZ. Yəni alan vardı?

QADIN. Ikisini bir ay müddətində satmışam, bu üçüncüsüydü, qiymət üstündə çənə döyürdüm ki, bunun uşaqları ablava elədilər. Düz deyiblər mərdiməzar olmasa bağ hasarı neylər.

VİCDANSIZ. Yaxşı filin birini neçəyə satırdın?

QADIN. Sənin pulun çatmaz, çox bahadır.

VİCDANSIZ. Yaxşı, bu filləri alanlar kimlərdir?

QADIN. Naçalnik, bu sualı sual üstündən yağdırır a, birdən yuxarılardan – zaddan olar a!

RƏİS. Işində ol, bibioğludur, bu da mənim kimi rəisdir.

QADIN. Doğurdan, rəisdir?! Lap yaxşı oldu. (Vicdansıza) Müsibət bir cüt Braziliya timsahımı var, erkək – dişidir, bir dənə də sənin boyda Urisyət ayım var, al apar burax bağa, qoy uşaqlar oynayırlar özləriyçün.

RƏİS. Bura bax, burda bazar açma. Özün yaxşı bilirsən ki, mən rüşvət almıram. Amma fikrim var kasıb – kusuba əl tutmaqçın bir xeyriyyə cəmiyyəti açam. Bu gün axşam saat səkkizdə “Qüleybani” restoranında təsis yığıncağımız olacaq. Sən də gələrsən. Necə deyərlər, siftə səndən bərəkət Allahdan.

QADIN. Nə qədər?

RƏİS. Filin birini neçəyə satırsan?

QADIN. On min bəsindir?

RƏİS. Dollarla?

QADIN. Ayıb deyil, naçalnik. (Pul çıxarır)

RƏİS (mizin siyirməsini çəkir). At bura, mən belə xırda – xuruşa əlimi vurmuram.

QADIN (pulu siyirməyə atır). Halal xoşun. Yeri gəlmişkən, mənim Tanzaniyadan bir biznesmen dostum var, zənci olsa da qiyamət oğlandır. Dəyyus atasını da götürüb bura, istəyir gələcək arvadını göstərsin dədəsinə.

RƏİS. Deməli burdan qız almaq istəyir? Yəni bizim qızlardan Tanzaniyaya ərə getmək istəyəni tapılar?

QADIN. Əşi, o qədər dor dibindən qaçmışı var ki. Nəisə... Zəncini də götürüm özümlə?

RƏİS. Gətir gəl, baxaq görək sənin Tanzaniyalı dostun necə oğlandır.

QADIN. Onda axşam səkkizəcən. (Vicdansıza) Siz isə timsahlar barədə fikirləşin. (Gedir.)

RƏİS. Hə, necədir səninçün, bibioğlu, sərbəst bazar iqtisadiyyatı, xoşuna gəlir?

(Leytinant gəlir.)

LEYTİNANT. Cənab rəis, hörmətli alimimiz professor Şəbihicran İsmipünhan ağzı – burnu qanqaysaq içində gəlib sizi istəyir.

RƏİS. Professor Şəbihicran?!

VİCDANSIZ. Mənim müəllimim?! Qanqaysaq içində?!

RƏİS. Tez burax içəri, çay da gətir!

LEYTİNANT. Baş üstə! (Leytinant çıxır.)

AŞIQ gəlir

AŞIQ. Hə, ağrınızı alım, Leytinant bayıra çıxantək görkəmli professor Şəbihicran İsmipünhan başı – gözü, əli – ayağı sarıqlı, qanına qəltan halda içəri girib hönkürür.

Professor Şəbihicran İsmipünhan içəri girib hönkürür.

AŞIQ. Və yanıqlı – yanıqlı oxuyur. (Musiqi)

PROFESSOR (oxuyur).

Çaldı məni, soydu məni,

Zalım fələk, zalım fələk.

Gör nə günə qoydu məni,

Zalım fələk, zalım fələk.

Bu başıma qoydu qapazı

Vurdu üzmə xəkandazı,

Gəldi mənə hər gün bazı

Zalım fələk, zalım fələk.

Sizin ayağınızın altında ölüm, mənə imdad edin!

Qurtarın məni bu müsibətdən, bu qanlı faciədən!

RƏİS. Hörmətli professor nə olub axı, sizi bu hala kim salıb?

PROFESSOR. Kim salacaq, mənim nankor, namərd, vəhşi, yırtıcı, vicdansız oğlum!!!

VİCDANSIZ. Oğlunuz?! Ola bilməz!!!

PROFESSOR. Əşi, necə ola bilməz! Görmürsən qanıma qəltanam! Ah, nankor övlad! Çörəyim burnunun dəliklərindən gəlib tökülsün! Məni bu hala salan əllərin quruyub yanına düşsün!!!

VİCDANSIZ. Axı niyə sizi bu hala salıb? Yəqin bir səbəbi var.

PROFESSOR. Səbəbi puldur, mal – dövlətdir, maşındır! Tamahkarlıqdır, hərislikdir, insafsızlıqdır səbəbi! Namərd hardansa xəbər tutub ki, vəsiyyətnamə yazıb maşını da, bağı da, bankdakı pulları da salmışam analığının adına. Gəlib mənə ağzından çıxanı dedi. Deyəndə ki, ay oğul, sən yekə kişisən, artıq əlli yaşın var, allaha şükür oğlunu evləndirmisən, qızını köçürmüsən, bu gün sabah sən də mənimtək baba olacaqsan, nəyinə lazımdır mal – dövlət, analığın isə körpədir (ağlayır) cəmi on səkkiz yaşı var, hələ həyatda yenicə - yenicə iməkləyib ayaq açır, yazıqdır, gələcəyi qabaqdadır. Elə bunu demişdim ki, ikiəlli başıma bir qapaz salıb çığırdı, ay oğraş, mənə dedi ye, yetmiş səkkiz yaşında ola – ola on səkkiz yaşlı qıza evlənməyin azmış hələ üstəlik mənə öyüd – nəsihət də verirsən! Sonra saldı məni təpiyinin altına, nə yemisən turşulu aş! Baxın, görün məni nə hala salıb! Bədənimdə sağ yer yoxdur! (Hönkürür)

VİCDANSIZ. Vicdansız!!!

PROFESSOR. Bəli, məhz vicdansız! Sizdən xahiş edirəm, yox tələb edirəm, tutub basın onu qazamata. And içib ki, öldürəcək məni! Mən cəhənnəmə, analığını da öldürmək istəyir. (Ağlayır. Bir dürgə pul çıxarıb Rəisə verir) Götürün, bir şey deyil, ola bilsin bu məsələnin bir balaca xərci olsun! Siz allah götürün.

RƏİS. Nə deyim, sizsiz də. (Pulu mizin siyirməsinə atır.)

BAYIRDAN SƏS. Buraxın məni! Buraxın!

PROFESSOR. Odur! Odur! Mənim qəddar, zalım, vicdansız oğlumdur! Siz allah, gizlədin məni! Məni burda görsə hökmən vurub öldürəcək. (Əsim - əsim əsib gizlənməyə yer axtarır.) Gələn kimi üstünə atılıb tutun, çox güman tapançası da var!

RƏİS. Siz heç narahat olmayın.

Oğul içəri girir.

OĞUL. Aha, burdasan?!

RƏİS (tapançanı çıxarıb Oğula tuşlayır). Yerinizdən tərpənməyin!

OĞUL (atasını süzüb ucadan gülür).

VİCDANSIZ. Nəyə gülürsüz? Kişini bu hala salmısız, indi də qahqahla gülürsüz? Utanmırsız? Axı o sizin doğma atanızdır!

OĞUL (ucadan gülür). Siz də bu qoca tülkünün hoqqasına inanırsız? Açın tənzifləri, bədənini müayinə edin, əgər canında bir dənə cızıq olsa nə istəyirsiz eləyin mənə!

VİCDANSIZ. Möhtərəm professor axı niyə belə edirsiz?

OĞUL. Niyə? Indi sizi başa salaram.

Musiqi səslənir. Oğul nə isə deyir Aşıq gəlir.

AŞIQ. Hə qadanızı alım, Oğulun söylədiklərindən məlum oldu ki, hələ bir neçə il əvvəl professor bütün var – dövlətini oğlunun adına keçirib. Amma indi on səkkiz yaşlı bir qızın sevdasına düşəndən fikrini dəyişib. Bu da məlum oldu ki, güya nə qədər professorun yeganə oğlu bu dünyada azad gəzir professorun mal – dövlətindən on səkkiz yaşlı qıza qara qəpik də düşmür. Daha bir şey də məlum oldu ki, qız professorun varidatına sahib olmaqçın ya professorun oğlu ölməlidir, ya da tutulub qazamata salınmalıdır. Nə isə bu məsələ o qədər qarışıq idi ki, nə rəis əməlli başlı bir şey anladı, nə Vicdansız, nə də mən. Onu da deyim ki, Oğul danışdıqca gah professor oğluna qarşı hucuma keçdi, gah da oğul atasına kəkələndi. Hətta Rəislə Vicdansız onları bir – neçə kərəm araşdırmalı da oldular. Nəhayət Rəis iki çavuş çağırdı birini professora, o birini də oğula təhkim edib yola saldı ki, küçədə dalaşmasınlar. Professorla Oğlu gedəndən sonra Rəis üzünü bibisi oğluna tutub dedi.

RƏİS. Hə, bibioğlu, bütün bunları görəndən sonra yenə də vicdanını axtarmaq istəyirsən.

VİCDANSIZ. Hə, istəyirəm, dayıoğlu, istəyirəm. Bütün bunları görəndən sonra vicdanın nə olduğunu öz gözlərimlə görmək istəyirəm. Xahiş edirəm, mənə kömək elə!

RƏİS. Neçə ildir bu xarabada işləyirəm, hələ bu vaxtacan heç kim öz vicdanını axtarmaq barədə mənə müraciət etməyib. Pasportunu, açarlarını, atasını, anasını, ərini, arvadını, itini, pişiyini axtaranlar olub, amma vicdanını... Bu sahədə heç ixtisaslı əməkdaşlarımız da yoxdur.

VİCDANSIZ. Xahiş edirəm, dayıoğlu!

RƏİS. Mənim cins bir tulam var, əgər tapsa – tapsa ancaq o tapa bilər sənin vicdanını. Indi özün görəcəksən. (Barmağından üzüyünü çıxarıb Vicdansıza verir) Kefin harda istəyir gizlət.

(Vicdansız üzüyü gizlədir)

RƏİS. Roma! Roma!

(Həddindən ziyadə qəşəng geyinmiş cavan bir oğlan gəlib Rəisin qarşısında şöngəyir. Sonra Vicdansıza baxıb mırıldayır. Bir – iki ağız hürür.)

RƏİS. Roma, roma, işin olmasın bizim adamdır. Roma, üzüyümü axtar.

(Roma rəisin barmağını iyləyir, sonra başlayır axtarmağa. Gəlib Vicdansızın qarşısında çömbəlir, əvvəlcə mırıldayır, sonra hürür, Vicdansız üzüyü çıxarıb Romaya verir, Roma üzüyü Rəisə qaytarır, rəis onun başını sığallayır.)

RƏİS. Roma yaxşı oğlan, Roma ağıllı oğlan. (Vicdansıza) Hə, necədir səninçin?

VİCDANSIZ. Qiyamətdir!

RƏİS. Bu günlük Romanı verirəm sənin ixtiyarına. Roma, bu kişi mənim bibioğlumdur, yazıq vicdanını itirib, yerin altında, göyün yeddinci qatında olsa belə axtar tap! Bildin?

ROMA (hürür).

(Rəis mizinin siyirməsindən it kəmsiyi götürüb Romanın boynuna bağlayır.)

RƏİS. Bax, bibioğlu, Romanın kəmsiyini verdim əlinə, çalış kəmsiyini əlindən buraxmayasan, əclaf şortunun biridir.

VİCDANSIZ (Romanın kəmsiyini alır). Çox sağ ol, dayıoğlu, sənin bu yaxşılığını heç vaxt unutmaram.

RƏİS. Sənə yaxşı yol, allah eləsin tezliklə tapasan vicdanını. Hə, axşam sən də gəl “Qüleybani” restoranına, istəyirəm təsis edəcəyim xeyriyyə cəmiyyətinin sütunlarından biri də sən olasan! Bizim xeyriyyə cəmiyyətinə sənintək savadlı, vicdanlı adamlar çox lazımdır!

VİCDANSIZ. Hökmən gələrəm!

RƏİS. Romanı da orda təhvil verərsən mənə. Roma, yaxşı – yaxşı axtar a!

ROMA (hürür).

VİCDANSIZ. Roma, getdik!

(Vicdansızla Roma gedirlər).

RƏİS. Vicdan... Vicdan... Vicdanlı olmaq, minlərlə adamlardan seçilmək... Adamlardan seçilmək, hırıltı, məsxərə hədəfinə çevrilmək... Vicdan! Vicdan! Hə, xeyriyyə cəmiyyətinin adı “Vicdan” olacaq! “Vicdan” xeyriyyə cəmiyyəti! Əla səslənir! Aşıq! Ay aşıq!

Aşıq gəlir.

AŞIQ. Eşidirəm, ağrın alım!

RƏİS. Gördün də, aşıq qardaş?

AŞIQ. Gördüm də, eşitdim də!

RƏİS. Bu münasibətlə bir – iki ağız de gəlsin.

AŞIQ. Nırç!

RƏİS. Ə, necə yəni nırç?! Ə, mənə nırç?!

AŞIQ. Ağrın alım, cənab rəis, qarnım ağrıyır.

RƏİS. Ə, necə yəni qarnım ağrıyır, axı sən haqq aşığısan, bəyəm aşığın da qarnı ağrısı olar?

AŞIQ. Qadan alım, Rəis qağa, bu dünyada kimin qarnı varsa, qarnı ağrısı da var.

RƏİS. Bax, bunu doğru dedin. (Siyirməsindən pul çıxarıb verir.) Sağlıqla xərclə.

AŞIQ (almır). Qağa, bundan Fatıya tuman olmaz. O biri siyirmədən ver.

RƏİS. Dollar istəyirsən?

AŞIQ. Hə, qağa, dollar qadasın aldığımdan ver.

RƏİS (siyirmədən dollar çıxarıb verir). Al, dollara olan hərislik çıxacaq bu millətin axırına. Götür, de gəlsin. Hə, axşam səkkizdə “Qüleybani” restoranına sən də gələrsən, qəşəng yığıncağımız olacaq.

AŞIQ (pulları alır). Gələrəm, başuva dönüm, niyə gəlmirəm, yəqin orda sənintək səxavətli oğlanlar çox olacaq. Hə, ağrınızı alım, Aşıq Rəisdən beş yüz dollar alıb cibişdanına qoyandan sonra gözlərinə işıq, dizlərinə təpər, qoluna güc gəldi. Bu vaxt ilham pərisi də qanad açıb başladı başı üstündə süzməyə. Aşıq vəcdə gəlif sazını basdı köksünə, dedi, görək nə dedi. (Saz çalıb oxuyur)

Ay həzarat, bir zəmanə gəlifdir,

Yaxşı nə var itirifdir adamlar.

Nə erkək erkəkdir, nə dişi dişi

Itib namus, həya, abır, etibar.

Eşşək arpa yeyir, at tapmır ələf,

Müdriklər zəlildir, axmaqlar xələf.

Ucuyla birlikdə itifdir kələf,

Itif daş tərəzi, itif hər meyar.

Hə, qadavuzu alım davam edək görək o Vicdansız düdüyün, əyə o Vicdansız padlesin başına nə gəldi. Əyə, bu nədir belə, danışığım, davranışım tamam dəyişdi. Əyə bir yerdə dura bilmirəm, gəzəyən arvadlartək ding – ding dingildəyirəm. Həyə elə bil şiri – nərə dönürəm ə, kimisə tutub döymək istəyirəm. Yəqin bu mənim cibimdəki dolların təsirindəndir. Ürəyim də gup – gup döyünür... Birdən xərifləyərəm a. Pərvərdigara, sən özün kömək ol lüləyini təzəcə görənlərə, qoyma xərifləyif yolumuzdan, izimizdən azaq. Nə isə qadavuzu alım, Vicdansız tutdu Roma adlı tulanın kəmsiyinin ucundan düşdülər nəhəng şəhərin canına, o küçə sənin, bu küçə mənim, o qapı sənin, bu qapı mənim, amma vicdan deyilən şeydən soraq verən olmadı. Vicdansız baxıb gördü ki, şəhərdə ara qarışıb məzhəb itif, it yiyəsini tanımır, buna görə qorxdu ki, Roma da kəmsiyini qırıb qaçar. Həm də bərk acmışdı. Taksiyə minib yollandı mənzilinə. Qonaq otağının qapısını açıb içəri girməsiylə yerində donub qalması bir oldu. Baxıb gördü ki, qapqara zırı bir zənci qızının qarşısında diz çöküb ağlayır, qızı da naz – qəmzəylə oxuyur.

Musiqi. Zənci diz çöküb Qız rəqs edib oxuyur.

QIZ.

Vətənimi, elimi

Ah, Tunqa, Tunqa,

Sənə görə atmaram.

Ah, Tunqa, Tunqa.

Yad evdə, yad eşiydə

Ah, Tunqa, Tunqa

Mən bir gün də yatmaram.

Ah, Tunqa, Tunqa.

AŞIQ. Tunqa üzündən azacıq seçilən diplomant çantasını açıb dürgə - dürgə pulları atdı Qızın qədəmlərinə.

TUNQA.

Gəl mənə nolar!

Sənindir dollar!

QIZ.

Dürgə - dürgə pulları,

Ah, Tunqa, Tunqa,

Tullasan da yollara,

Ah, Tunqa, Tunqa,

Bizim elin qızları,

Ah, Tunqa, Tunqa,

Satılmayır dollara!

Ah, Tunqa, Tunqa!!!

(Tunqa göz yaşı töküb fəryad edir.)

VİCDANSIZ. Qızım, bu zırı meymun kimdir?!

QIZ. Ata, o meymun deyil, Tunqadır! Tanzaniyalı biznesmendir!

TUNQA. Yest, yest, Tanzaniya!

QIZ. Ata, bizim dilimizi də yaxşı bilir.

VİCDANSIZ (barmaqlarını bir – birinə sürtür). Ürəyini sıxma bizim dilimizi elə hamı yaxşı bilir.

QIZ. Ata, Tunqa məni sevir!

TUNQA. Yest, yest, sevir!

QIZ. Mən də onu sevirəm!

VİCDANSIZ. Bunu, bu aranqurtan meymununu?!

ROMA (mırıldayır)

VİCDANSIZ. Sən də az mırılda! Ağəz, bəs bayaqdan deyirsən, atmaram, satmaram, yatmaram!

QIZ. Naz eləyirdim də, ata.

TUNQA. Naz, naz!

ROMA (mırıldayıb hürür).

VİCDANSIZ. Dayan görüm, sən də hövsələmin dar vaxtında mırıldamağa vaxt tapdın! Bəs anan hardadır?

QIZ. Anam bunun, Tunqanın atasının maşınına minib getdi!

VİCDANSIZ. Hara getdi?!

ROMA (hürüb Tunqaya hücum çəkir, Vicdansız onun ipini çəkir).

QIZ. Getdilər firminni mağazadan mənimçün gəlinlik paltarı almağa!

VİCDANSIZ. Necə, gəlinlik paltarı? Deməli evlənməyi qərara almısız?

QIZ. Bəli, ata, bizə xeyir – dua ver.

TUNQA. Yest, yest...

VİCDANSIZ. Heç vaxt! Bəs sənin nişanlın, axı sən nişanlısan!

QIZ. Olmaz mənim nişanlımdan lüt, dilənçi mühəndisin biri. Aylıq məvacibini də vaxtında ala bilmir. Tunqa isə başqa aləmdir; iki mersedesi, üç fordu, mülkləri, imarətləri...

TUNQA. Yest, yest...

VİCDANSIZ. Indi sənə yest, yesti göstərərəm! (Tapançanı çıxarır) Əvvəlcə bu meymunu öldürəcəyəm, (qızına) sonra səni, axırda da özümü!

(Tunqa cəld bir hərəkətlə Vicdansızın biləyindən yapışır, tapança yerə düşür, Tunqa tapançanı götürür.)

TUNQA. Asta ye, boğazında qalar, qaqulya! Sənə də yest, yest deyincə çaşıb cızığından çıxırsan! (Tapançanı qaytarır.) Al, qoy cibinə dar günündə lazımın olar. Özün də tez ol əcərli kostyumlarından birini geyin, bu gün “Qüleybani” restoranında toyumuzdur! (Bir dürgə pul götürüb Vicdansıza verir.) Bunları da qoyarsan cibinə, bəylə gəlini tərif edəndə şabaş verərsən. Qoy görsünlər hatəmdir mənim qaynatam.

Tanzaniya milli ritmləri eşidilir. Aşıq gəlir.

AŞIQ. Elə bu vaxt Tanzaniya milli ritmlərinin sədası altında Vicdansızın xanımıyla Tanzaniya milli geyimində olan, Tunqanın atası Quda, milli geyim deyəndə kişinin əynində təxminən heç nə yoxdı, hay küylə rəqs edə - edə içəri girdilər. Əcayib, hətta mən deyərdim dəhşətli qiyafədə olan Qudanı görən Roma dəlicəsinə hürüb kəmsiyini qırdı və zingildəyə - zingildəyə qaçdı. Deyilənə görə həmən gündən indiyəcən onu şəhərdə kimsənə görməyib. Hə, əzizlərim, axşam səkkizdə “Qüleybani” restoranında bir vur – çatlasın vardı ki, gəl görəsən. Bu gün burda iki şənlik bir – birinə qarışmışdı. Həm “Vicdan” xeyriyyə cəmiyyətinin təsis yığıncağıydı, həm də Vicdansızın qızıyla Tanzaniyalı biznesmen Tunqanın toy mərasimi. Əşi, yeyif içən kim, sağlıq deyən kim, valite oynayan kim, mən də sazımı sinəmə basıf oxuyurdum. (Oxuyur)

Cəmi küsənlər barışıbdır bu gün,

Şənlik şənliyə qarışıbdır bu gün.

HAMI.

Cəmi küsənlər barışıbdır bu gün,

Şənlik şənliyə qarışıbdır bu gün.

AŞIQ.

Bolluq içində yaşamaqçın millət,

Hər gün açırıq təzə bir cəmiyyət,

Göstəririk kasıblara inayət

Göydə ulduzlar sayrışıbdır bu gün,

Şənlik şənliyə qarışıbdır bu gün.

HAMI.

Göydə ulduzlar sayrışıbdır bu gün,

Şənlik şənliyə qarışıbdır bu gün.

AŞIQ.

Təzəbəylə təzəgəlin sağ olsun,

Ürəkləri qüssədən irağ olsun,

Kefləri kök, damağları çağ olsun,

Xonçada şamlar alışıbdır bu gün,

Şənlik şənliyə qarışıbdır bu gün.

HAMI.

Xonçada şamlar alışıbdır bu gün,

Şənlik şənliyə qarışıbdır bu gün.

VİCDANSIZ. Sağ ol aşıq, var ol aşıq! Cənablar, bu gün həqiqətən şənlik şənliyə qarışıb. Bu gün həm “Vicdan” xeyriyyə cəmiyyətini təsis edirik, həm də gözəl nazlı qızımızı Tanzaniyalı gözəl oğlan Tunqaya ərə veririk. Bu nədir? Bu demokratiyanın, müstəqilliyimizin təntənəsidir!

RƏİS. Elədir bibioğlu, elədir! Məhz müstəqilliyimiz və demokratiya bizə hüdudsuz imkanlar veribdir. Məhz belə şeylərin sayəsində biz xeyriyyəçiliklə məşğul ola bilirik. Iki ay bundan əvvəl mən şəhərmizdəki iri bölgələrdən birinin bütün uşaqlarını ucdantutma öz hesabıma müftə sünnət elətdirdim. Bu milli mərasimdən sonra yetmiş yaşlı bir fransız belində fitə qəbuluma gəlib öpüb qucaqladı məni. Ağlaya – ağlaya dedi, mən yetmiş yaşına çatmışam amma iki gün bundan əvvəl əsil ləzzətin nə olduğunu bütün varlığımla duydum!

VİCDANSIZ. Yaşa, min yaşa dayıoğlu, sən əsil xeyriyyəçisən! Buna görə də “Vicdan” xeyriyyə cəmiyyətinin prizdidenti olmağa ancaq və ancaq sən layiqsən.

HAMI. Yaşasın prezident!

VİCDANSIZ. Cənablar, dostlar, təxminən bir – iki saat bundan əvvəl mən bədbəxt idim, axmaq – axmaq şeylər barədə düşünürdüm. Indi isə, Tunqa kimi kürəkən, Qudatək bir quda tapdığıma görə dünyanın ən xoşbəxt adamıyam! Çalğıçılar, bir oyun havası çalın. Mən öz qudamla, öz kürəkənimlə oynamaq istəyirəm.

Musiqi. Vicdansız və başqaları oynayırlar.

AŞIQ. Hə, ağrınızı alım, Vicdansız oynaya – oynaya gözü sataşdı süfrədəki içi doldurulmuş xəşəm balığına. Çox içdiyindən və ac olduğundan elə oynaya – oynaya balıqdan qoparıb yemək istəyirdi ki, balığın qarnında nəyin isə işıq saçdığını gördü. Əvvəlcə gözlərinə inanmadı. Sonra balığı əlinə alıb gözünü dirədi balığın qarnına...

Işıq ancaq Vicdansızın üzündədir.

VİCDANSIZ. Ilahi, odur! Ürəyim nə yaman döyünür! Elə bil döş qəfəsimin içində at çapırlar! Bəlkə o deyil... Axı onun balığın qarnında nə azzarı var?! Görəsən indi neyləyim! Hər halda qoy götürüm onu! (Əlini balığın qarnına soxur) Görəsən necədir onun təhər – tövrü, əndəzəsi? Şoğərib yaman dəcəldir, ovcumun içini qıdıqlayır. Maraqdan az qalır ürəyim dayansın. Görəsən burda tualet hardadır.

AŞIQ (işıqlanır). Vicdansız soraqlaşıb tualetə getdi, içəri girib qapını cəftələdi, balığın qarnından çıxardığını yuyub təmizlədi suya çəkib pakladı. Birdən tualet ilahi nura qərq oldu... Qəribə müqəddəs nəğmə eşidildi...

NƏĞMƏ.

Lay – lay dedim adına,

Haqq yetişsin dadına.

Hər vaxt lay – lay deyəndə

Balam düşər yadıma...

AŞIQ. Bu ana laylaysıydı... Birdən parıldayan şey ağ – appaq kəlağayıya dönüb göyərçintək qanad açıb uçmağa başladı...

VİCDANSIZ. Ilahi, odur, mənim vicdanımdır... Anamın laylaysıtək həzindir, kəlağayısı kimi zərif və təmizdir... Sən mənim vicdanımsan, elə deyil?

SƏS. Bəli, mən sənin vicdanınam.

VİCDANSIZ. Deməli mənim vicdanım var! Deməli tapdım öz vicdanımı.

SƏS. Məni tapmaq asandır, mənə sahib olmaq çətindir.

VİCDANSIZ. Nə demək istəyirsən?

SƏS. Demək istəyirəm ki, hələlik mən sənin deyiləm. Mən qızını dollara satan bir adamın vicdanı ola bilmərəm. Get öncə qızını o meymunun əlindən al, ver halalca nişanlısına.

VİCDANSIZ. Tunqanın?! O məni şilküt elər.

SƏS. Vicdanlı olmaqçın öncə fədakar olmalısan, sənsə qorxaqsan! Səni niyə rəis qoydular? Heç bilirsən?

VİCDANSIZ. Niyə bilmirəm, yaxşı işlədim, böyütdülər vəzifəmi.

SƏS. Yalançının üzünə lənət! Nazir müavini üçün keçmiş iş yerindəki qəşəng qızları kim təşkil edirdi?

VİCDANSIZ. Bura bax, danışığına hədd qoy mən, mən...

SƏS. Hə, sən, sən, həm də oğraşsan!

VİCDANSIZ. Sənin məni ittiham etməyə ixtiyarın yoxdur! Bir də o qızlar onsuz da o yolun adamıydılar!

SƏS. Bəs rüşvət?

VİCDANSIZ. Nə rüşvət?

SƏS. Nazir müavininə verdiyin rüşvət! Öz işçilərindən aldığın rüşvətlər! Onlar necə olsun?

VİCDANSIZ. Kəs səsini, zəhləmgetmiş!

SƏS. Nə oldu, doğru söz xoşuna gəlmir?! Ömrünün qalan hissəsini vicdanlı yaşamaqçın elədiklərinin hamısını gedib məhkəmədə etiraf etməlisən.

VİCDANSIZ. Başına hava gəlib, belə etirafa görə tutub məni ya qazamata salarlar, ya da dəlixanaya.

SƏS. Əvəzində ömrünü vicdanla başa vurarsan.

VİCDANSIZ. Yox, mən bunu edə bilmərəm!

SƏS. Edə bilməzsən?

VİCDANSIZ. Dedim ki, yox, yox!

SƏS. Onda mən edərəm! Mən gedib sənin barəndə bildiklərimin hamısını danışaram. (uçub tualetdən çıxmaq istəyir)

VİCDANSIZ. Yox, sən bunu edə bilməyəcəksən! (Onu tutur)

SƏS. Burax! Burax! Vicdansız! Səni aləmdə biabır edəcəyəm! Kimdən rüşvət aldığını, kimə rüşvət verdiyini, kiminçün aftava apardığını, kiminçün şam tutduğunu, kimlərin evlərini yıxdığını, nə bilirəmsə hamısını aləmə car çəkəcəyəm!!!

VİCDANSIZ. Kəs səsini, kəs səsini fahişə!

(Kəlağayını bürmələyib tualetin çalasına soxur. Çaladan gur işıq süzülür.)

SƏS. Məni susdura bilməyəcəksən vicdansız!

(Vicdansız tapançanı çıxarır)

VİCDANSIZ. Susduracağam! Susduracağam!

(Çalaya bir – neçə güllə boşaldır. Çaladakı gur işıq qızarır, sonra tədricən sönüb yox olur. Oyun havası eşidilir. Oyun havası güclənir. Vicdansızın üzündən işıq yox olur. Səhnə işıqlanır. Restorandakıların hamısı rəqs edir. Vicdansız gəlir. Əlini cibinə atıb pul çıxarır.)

VİCDANSIZ. Gəlin başına şabaş, ay şabaş!

(Pulları gəlinlə bəyin başına atır.)

AŞIQ (oxuyur).

Cahilləri, nadanları neylərdin, ilahi,

Zəhlə tökən hədyanları neylərdin, ilahi.

Bir kimsədə qeyrət və hünər olmayacaqmış,

Bəs cəng etməyə meydanları neylərdin, ilahi.

Bərbad olacaqmış bu vətən əllərimizlə,

Bəs körpəcə fidanları neylərdin, ilahi.

Insan satacaqmış paraya namusu, arı

Hakimləri, divanları, neylərdin, ilahi.

Karvanı yüküylə yeyəcəkmiş qoluzorlu,

Satqın, gəda sarbanları neylərdin, ilahi.

Hər sərsəm özün tanrıya yavuq tutacaqmış,

Tövratları, quranları neylərdin, ilahi.

Vicdansız olanlar bizə təlim edəcəkmiş,

Insafları, vicdanları neylərdin, ilahi...

XS
SM
MD
LG