Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:53

Vəziyyət dəyişdikcə insanlar, insan dəyişdikcə həqiqət dəyişilir


Dalğa Xatınoğlu
Dalğa Xatınoğlu

- Yəqin Kundera da, Qüstav Floberin ideyasını qulağına əbədi sırğa edib : "Yazar yaratdığı xarakerin arxasında mənliyini gizlətməlidir".

Dalğa Xatınoğıu

Kunderanın variantları

Qısa desəm, durumun dəyişgənliyinin insan xarakterində buraxdığı etgini uzmanca göstərən yazardır.

Başqa sözlə, bir az bəsit desəm, Milan Kunderanın yaratdığı xarakterlərin vücudu, situasiyadan yaranan və ondan asılı olan variantlardırlar, sadəcə variant.

O, gerçəklik haqda, insanların vücudu haqda deyil, sırf varlıq haqda danışır.

Xarakterləri haqqında da çox cüzi məlumat verir, onun üçün xarakterlərin özü yox, varlıqları maraqlıdır.

Bir neçə məqaləsini, müsahibəsini oxudum, özünə də romanlarındakı xaratketrlər kimi davranır, yəni özü haqda, keçmişi ilə bağlı danışmaqdan boyun qaçırır.

Yəqin Kundera da Qüstav Floberin ideyasını qulağına əbədi sırğa edib : "Yazar yaratdığı xarakerin arxasında mənliyini gizlətməlidir".

Bioqrafiyası ilə əsərlərindəki xarakterləri qarşılaşdırsaq, xaratkerlərin hamısı Kunderanın vücudunun bir variantıdır, təkcə durumlar fərqli olduğu üçün çeşidli xarakterlər ortaya çıxıb.

Buna görə, Kundera heç vaxt həqiqiəti göstərmək, yoxsa incələməyə çalışmayır, çünki durum dəyişdikcə insanlar dəyişilir və insan dəyişdikcə, həqiqət də dəyişilir.

Zarafat (The Joke) romanında açıq görürük ki, bir insanın faciəsi, nəinki başqasının zarafatından yarana bilər, hətta başqalarına zarafat kimi də görünə bilər.

Alman filosofu Fredrix Nitsçe demişkən, hər kəsin öz həqiqəti varsa, demək, sonsuz həqiqətlər var, yəni mütləq həqiqət yoxdur.

Bu növ baxış, bu gün sadə və çoxlarına bəlli bir mövzu kimi görünür, ancaq dərin baxanda, Kunderanın bu baxımdan yazıya yanaşması, bütünlüklə modern ədəbiyyatın söykəndiyi təməlləri sarsıdır.

Modern ədəbiyyatda, insan mərkəzdədir, onun keçmişi, hissləri, nə düşündüyü, onun çatdığı həqiqətlər, onun əzabı və sevinci olduqca incələnib çözülür, ancaq Kunderanın əsərləində hər xaratker sırf hansısa bir durumdan yaranan və asılı variantdır.

Postmodernizm. Dəqiq demək olmaz, yəni təzadlı faktlar çoxdur, ancaq məncə, Postmodernizm Modernizmin içində yaranmış və tərkib hissəsində olan bir axındır.

Rene Dekart-ın "Düşünürəm, deməli, mövcudam" sözündən tutmuş İmmanuel Kantın idraka (subyekt) olan güvəncinə qədər, - 19-cu əsrdən başlayaraq, sarsıldı.

Ziqmund Freyd və Karl Qustav Yunq alt-şüur faktını ortalığa qoydular. Bizim düşüncəmiz, xarakterimiz və idrakımız az qala tamamilə özümüzün nəzarətimizdə olmayan alt-şüurun təsiri altındadır.

Fəlsəfə sahəsində, Nitşe həqiqətin üstündən tamamilə qırmızı xətt çəkdi: Həqiqət yoxdur, hər kəs gəlib öz əfsanəsini yaradıb, gedir.

Digər tərəfdən, İkinci Dünya Müharibəsində idrakın yaratdığı modern mif və mövhumata çevrilmiş sistemin, müharibələrdə necə insanın özünə qarşı yönəldiyini açıq-aşkar görənlər, yəqin ki, həyatı sırf ağıl üstündə qurmağın sonunu gördülər.

Modernizm insanları bir insana çevirməyə, fərqləri aradan qaldırmağa çalışdı, çünki onların fikrincə, ağıl eynidir, yaponlunun ağlı amerikalı ilə eynidir.

Modern musiqini götürək, pop dünyanın hər yerində eyni cür ifa olunur, şəhərləri götürək, modern memarlıq dünyanın hər yerində eynidir, Honq Konq-dakı binalar ABŞ-dan seçilmir.

Axırda iki dünya müharibəsi və bir Soyuq Müharibədən sonra başa düşdük ki, ağıl minlərlə element kimi, sadəcə bir vasitədir. Məqsəd deyil.

Keçən əsrdə yazarların modern sistemə qarşı üsyanını açıq görürük, Kunderanın yazıb yaratmaq motivi olan Franz Kafkanın Qəsr romanının xarakterinin adı K-dır, yalnız bir variantı, bir seçimi var: özünü sistemə uyğunlaşdırsın və tabe olsun.

Sonra diqqətlə individuallığa, fərdiyyətə yönəldi. 19-cu əsrin romanlarına baxsaq, xarakterlər haqda uzun məlumatlar verilir. Ancaq bu proses də işə yaramadı.

20-ci əsrin bir çox romanlarına baxsaq, xarakter romanın içində birdən peyda olur, bəzən hətta xarakterlərin adı yoxdur, bəzən də Kundera kimi xarakter tamamilə kölgədə qalır və əsas mövzu onların kimliyi deyil, varlığıdır.

Bundan əvvəl də, məsələn A.Kamyunun “Yad” romanında, əsas xarakter heç cür modern sistemin prinsiplərinə uyğun deyil, bir anti-qəhrəmandır, anasının ölüm günü eşqbazlığa gedir, anasının tabutuna baxanda anası deyil, tabuta vurulmuş mismarı düşünür, başına gün vurduğu üçün qətl törədir və s.

Sammuel Bekketin "Qodonu gözlərkən" romanında iki insan bir Qodonu hər gün gözləyirlər, o qədər gözləyirlər ki, zaman anlayışı, ölçüsü əllərindən çıxır.

Alman filosofu Martin Haydegger deyirdi: "Artıq tam qaranlıq bir dalana gəlib çıxmışıq, haraya getməyimizi bilmirik".

Kafka da eyni fikirdədir, roman yazmaqla bağlı deyir: "Roman yazmaq qaranlıq bir dalan kimidir, birdən bir xarakter peyda olur, necə yarandığını özün də bilmirsən".

İkinci Dünya Müharibəsinə qədər bir çox modern yazarlar, modernizim özünə qarşı radikal və inqilabi mövqe tutaraq, əsərlər yaratdılar.

Ancaq 60-ci illərdən sonra vəziyyət dəyişildi, artıq inqilabi deyil, yumoristik əsərlər yarandı, acı yumor. Amerikan şairi T.S.Eliot bir şerində deyir: "Dünya partlayışla deyil, sızıltı ilə bitəcək".

Yalnız ədəbiyyatda deyil, həm də digər sahələrdə, əsasən postmodernizm "Soyuq muharibə"-dən sonra daha qabarıq özünü göstərdi.

O zaman ki, nüvə silahları ilə dünyanın məhv ediləcəyi, həyatın partlayışla bitəcəyi qorxusu aradan qaldırıldı. İndi tarixin ən rahat və təhlükəsiz erasıdır, dinclik erasıdır, dəyərlər demokratiya, azad bazar və insan haqları üzərində qurulub.

Postmodernizmdə artıq Ceyms Coysun insanın daxili dünyasını çözmək cəhdi, Tomas Manın əsərlərini miflərlə yükləməsi və həyatı izah etmək çabası, Çexov, Heminquey, Flober, Balzak kimi gerçəkliyi göstərməyə çalışmağa can atmaq yoxdur.

Postmodern yazar həqiqəti göstərməyə deyil, düşündürməyə daha meyillidir.

Kunderanı ən çox təsirləndirən avstraliyalı Herman Brox deyir ki, romanda varlığın bir gizli aspektini göstərə bilməmək, ən azından əxlaqdan kənar mövqedir.

Romanın işi həqiqətin diktəsi deyil, oxucunun fikir üfuqlərini genişlətməkdir.

Postmodern romanların yaranmasında oxucunun da yazar qədər rolu var, bir çox əsərlərin hətta sonu yoxdur, əsərin necə bitməsi oxucunun özünə buraxılıb.

Yeri gəlmişkən, sənətin dəyəri onun təmsil etdiyi məktəbə görə deyil, indi də çox güclü müasir sürrealist, realist və hətta romantik yazarlar var.

Markesin "Vəba illərinin eşqi" tamamilə romantik əsərdir, baxmayaraq ki, "Yüz il tənhalıq" bir postmodern əsərdir. Xulio Kortasar fransız sürrealistlərdən böyük təsir alıb, Oktavio Paz sürrealistdir, J.D.Selincer əsərlərini şəxsiyyət və xarakter üzərində qurub və hələ də, Salman Rüşdinin romanları sankı qədim bir əfsanənin rəvayətidir.

Demək istəyirəm ki, hansı üslubda yazılmasından asılı olmayaraq, əsas məsələ güclü bir əsərin yaranmasıdır və postmodern olub-olmamaq göstərici deyil.

Kunderanın əsərlərinə ümumi baxış

Kunderanın keçmişinin detalları haqda danışmaq səmərəsizdir, qısa desəm, Çexyada doğulub, Kommunist partiyasından qovulub və canını götürüb Fransaya qaçıb.

Onun həyatı haqda bu qədər bilmək kifayət edər, baxmayaraq ki, bütün əsərləri təxminən SSRİ-nin Çexiyanı işğal etməsi ilə bağlıdır, ən azı bu günlərdən bəhs edir.

Milan Kundera
Milan Kundera

Onun özü ilə bağlı məncə ən əsas məqam budur ki, atası musiqiçi olub, özü də yeniyetmə yaşlarınadək musiqi ilə məşğul olub.

Sonra şeir yazıb və nəhayət, roman yazmağa başlayıb.

Kunderanın əsərlərinin çoxu 7 hissəyə bölüyür, hər hissə bir musiqi notu kimidir, musiqi dili ilə desək, hər roman bir polifonik (çoxsəslili) əsərdir.

Romanlarının dili tamamilə şairanə, hətta musiqi dilidir.

Örnək üçün, onun birinci yazdığı roman olan Zarafat (“The Joke”) yeddi hissədən ibarətdir, hər hissədə bir xarakter danışır (bütövlüklə 4 xarakter var), ikinci hissədə ikinci xaraketr danışanda, görürük ki, həqiqət başqa şey imiş, digəri danışanda görürük, əslində həqiqətin hamısı öncə danışan xarakterlərin sözlərində deyilmiş və axıra kimi roman gedir və nəhayət, oxucu başa düşür ki, həqiqət bunların heç birinin dediklərində deyil, özünün gəldiyi qənaətdədir.

Dedim ki, postmodern romanlarda oxucu da yazar qədər romanın yazılışında iştirak edir, bu da bir nümunə.

32 yaşında Çexyada yazdığı bu romanın qısa mesajını Kunderanın öz dilindən desək: "Bizi həyata bağlayan ən güclü ip zamanla əriyib məhv olur və adama qalan, axırda yalnız bir bəlirsiz nostalgiyadır".

Onun "Varlığın dözülməz yüngüllüyü" romanı da (“The Unbearable Lightness of Being”) yeddi hissədən ibarətdir. Həmçinin “Ölməzlik” (“Immortality”), "Gülüş və unutmaq" romanları 7 hissədən ibarətdir.

Onun hətta ədəbi tənqid əsərləri, "Roman yazmaq sənəti" və "Sənət və unutmaq" yeddi hissədən, həmçinin qısa hekayələr toplusu olan "Gülməli sevgilər" də 7 hekayədən ibarətdir.

Dediyim kimi, Kundera romana bir musiqi bəstəsi kimi baxır, heç vaxt musiqi həqiqəti izah etmir, yəni bir musiqiyə qulaq asıb, onu arqumentlərə və fəlsəfi düşüncəyə çevirmək olmaz, ancaq musiqi adamı düşündürür, adam hiss edir ki, hansısa həqiqətə çatıb və öz həqiqətini yaratmağa başlayır.

Təxminən bütün əsərləri üzdə siyasi və ictimai temaya malikdir, ancaq dərindən baxanda, onun əsərləri sırf bir zarafatdır, acı bir yumor.

“Zarafat” əsərində qız dostu ilə ideoloji bir zarafat üstündə oğlanın həyatı məhv olur, həbsə düşür.

Yaxud rəsmi iclasda ciddilik nümayiş etdirən, tualetə getmək üçün iclası tərk etməyən, axıra kimi iştirak etməyə qərar verən birisinin sidikliyi partlayıb ölür.

Ciddiliyin bu qədər rüsvayçı, gülünc vəziyyətlə qurtaracağını, yaxud adi bir zarafatın faciə ilə bitəcəyini Kundera qədər yaxşı göstərən yazıçı çətin tapmaq olar.

Onun ən əsas əsəri "Varlığın dözülməz yüngüllüyü"-dür. Roman yüngüllük və ağırlıqla başlayır, həyat laqeydliklə keçirsə, insan yerdən və özündən uzaqlaşır, yüngülləşir, ancaq nəyəsə bağlı bir insan yük kimidir, ağırlaşır, yerə daha yaxın olur və özü ilə daha kipləşir.

Hekayənin gedişi ardıcıl hadisələr deyil, bəzən Kundera şəxsən ortaya çıxıb, oxucu ilə birbaşa monoloqa başlayır, fəlsəfi qavramlarla doludur, kitabın yarısında əsas xarakterlərin öləcəyini əvvəlcədən danışır, it öldüyü an yiyəsinə (Tumanın qadını Tereza) elə baxır ki, qadın hiss edir, ömründə heç kim bir daha ona belə baxmayacaq. O, bir baxış növünün son dəfə şahidi olur.

İtin ölüm səhnəsi, insanların acı taleyindən daha acı təsvir olunub. Həmişə bu fraqment yadıma düşəndə bir tərəfdən, Nitsenin şallaqlanan atın boynunu qucaqlayıb ağlamasını xatırlayıram, digər tərəfdən də Dekartın heyvanları "təbiətin canlı maşınları" adlandırması beynimə gəlir.

Kundera Dekartın qənaəti üzərindən daha qalın qələmlə qırmızı xətt çəkə bilib.

Kundera romandakı itə ad da verib: Karenin. Heç vaxt dəyişilməyən, müxtəlif durumlara düşərkən xarakterində dəyişiklik yaranmayan bir it, ümumiyyətlə dəyişilmək istəməyən bir it.

Karenin sözü Tolostoyun “Anna Karenina” əsərindəki Aleksis Aleksandroviç Karenini yadınıza salmırmı?

Bu romanın sonu musiqi ilə bitir, həqiqətən musiqi ilə bitir. Sonuncu cümlə belədir: "Aşağıdan piano və skripka səsi uzaqdan gəlirmiş kimi eşidilirdi."

XS
SM
MD
LG