Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:43

Məşhur bəstəkarın “ölüsü” uğrunda savaş


Sergey Vasilievich Rachmaninoff, 1936
Sergey Vasilievich Rachmaninoff, 1936

Moskva Sergei Rachmaninoff –un nəşinin ABŞ-dan Rusiyaya gətirilməsini istəyir. Bəstəkarın varisləri bu ideyanı rədd ediblər.

Məşhur pianoçu və bəstəkar Sergei Rachmaninoff-un varisləri bildiriblər ki, onun nəşinin Birləşmiş Ştatlardakı məzardan çıxarılıb Rusiyaya köçürülməsi ideyasını rədd edirlər.

Onlar deyirlər ki, Rusiya mədəniyyət naziri Vladimir Medinsky-nin təklifini icra etmək bəstəkarın vəsiyyətini pozmaq demək olardı.

Bəstəkar qohumları ilə. Rusiya 18 avqust 1912-ci il
Bəstəkar qohumları ilə. Rusiya 18 avqust 1912-ci il

Ölümündən 70 il sonra məşhur rus bəstəkarının son məzarı barədə məsələ az qala siyasi debata çevrilib.

Rusiyanı 1917-ci il inqilabının dərhal ardınca tərk etmiş Rachmaninoff –un törəmələri Moskvanın “onun vətənə qaytarılması” barədə yeni təklifini rədd ediblər.

“Biz onun vəsiyyətini pozmaq fikrində deyilik, odur ki, onun nəşi dəfn olunduğu yerdə qalacaq” – deyib bəstəkarın kötükcəsiSusan Sophia-Volkonskaya-Wanamaker.

“Meyitin siyasiləşdirilməsi”

Rachmaninoff-un rusiyalı pərəstişkarları çoxdandır ki, “böyük həmvətənlərinin vətənə qayıdışını” arzulayırlar, lakin ölümündən az əvvəl, 69 yaşında ABŞ vətəndaşlığı almış bəstəkar 1943-ci ildə elə orada da dəfn olunub.

Vladimir Medinsky: Amerikalılar utanmadan Rachmaninoff adını özəlləşdiriblər

Amma bir sıra müşahidəçilər qeyd edirlər ki, rusların hazırkı təklifi daha çox Moskva və Qərb arasında münasibətlərin gərgin vaxtına təsadüf edir.

Onun qalıqlarının Rusiyaya qaytarılması təklifi də bu dəfə mədəniyyət naziri Vladimir Medinsky-dən, həm də çox siyasi bir tərzdə gəlir.

"Amerikalılar utanmadan Rachmaninoff adını özəlləşdiriblər, - deyib nazir, - onlar inqilabdan sonra taleyin hökmü ilə yad ölkəyə düşmüş onlarca və yüzlərcə rusun adları ilə də eyni cür davranıblar”.

Nazir gileylənib ki, Rachmaninoff ABŞ-da “Rusiya mənşəli amerikalı” kimi təqdim olunur.

Medinsky Nyu Yorkdakı Kenziko qəbirstanlığının administrasiyasını da tənqid etməyi lazım bilib. O deyib ki, bəstəkarın məzarı çox pis vəziyyətdədir.

Rusiya diplomatlarının lobbiçiliyi

Medinsky Rachmaninoff-un nəşinin onun Novqoroddakı malikanəsində tikilməkdə olan dəbdəbəli xatirə kompleksinə köçürülməsini təklif edib.

Novqorodun qubernatoru Aleksandr Smirnov deyib ki, ABŞ-dakı Rusiya diplomatları bu iş üçün böyük lobbiçilik fəaliyyətinə başlayıblar.

Novqoroddakı ev-muzeyi
Novqoroddakı ev-muzeyi

Lakin Rusiyada heç də hamı mədəniyyət naziri kimi düşünmür. Elə Mədəniyyət Nazirliyinin özündə ictimai şuranın rəhbəri, prezidentin mədəniyyət üzrə müşaviri, pianoçu Denis Matsuev deyib ki, “məzarın köçürülməsi çox incə məsələdir”.

O xatırladıb ki, Rachmaninoff-un mərhum nəvəsi Aleksandr da onun nəşinin İsveçrədəki Villa Senara köçürülməsini istəmişdi.

Rachmaninoff özünün ən parlaq əsərlərindən bir çoxunu məhz buradakı malikanəsində bəstələyib.

Bioqrafları bildiriblər ki, bəstəkarın özü də belə bir vəsiyyətdə bulunmuşdu. Lakin 1943-cü ildə, İkinci Dünya Müharibəsinin qızğın çağında bunu etmək qeyri-mümkün idi.

XS
SM
MD
LG