-
Ukraynanın Odessa şəhərində gey hüquqlarının müdafiəçiləri deyiblər ki, onlar yerli məhkəmənin qərarından sonra gey-parad festivalı keçirmək fikrindən daşınıblar.
«Məhkəmənin qərarı qeyri-qanunidir və bizim konstitusion hüquqlarımızın pozulmasıdır», - «Odessa Pride» qrupunun sözçüsü Kyrylo Bodelan avqustun 15-də bildirib.
Bodelan deyib ki, qrup bunun əvəzində şəhərdə gey hüquqları hərəkatının tarixi barədə ictimai diskussiyalar aparacaq.
Avqustun 13-də məhkəmə gey-paradın zorakılıqlara yol açacağını əsas gətirərək aksiyanı qadağan edib.
Mart ayında Kiyevdə lesbiyan, gey, biseksual və transseksualların kiçik marşında nümayişçilərə hücum edilmişdi. Gey hüquqlarını dəstəkləyənlər ümid edirdilər ki, 13-16 avqust tədbiri Odessa vilayətinin yeni, Qərbyönümlü qubernatoru Mikheil Saakashvili tərəfindən müdafiə olunacaq.