Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Əlilsənsə, kafeyə girə bilməzsən...


Natalia Vodianova
Natalia Vodianova

-

Rusiyada supermodel Natalia Vodianova-nın aurizm sindromlu bacısı kafeyə buraxılmayıb. Supermodel Rusiyada əngəlli şəxslərin hüquqları uğrunda müzakirə başladıb.

Hadisə Nijni Novqorod şəhərində baş verib. Avqustun 12-də Vodianova «facebook» səhifəsində yazıb ki, 27 yaşlı bacısı Oksana dayəsi ilə birlikdə bir gün öncə kafedən çıxarılıb.

Oksana-ya autizm və serebral iflic diaqnozu qoyulub. O, dayəsi ilə qızmar günəşdən qorunmaq üçün yer axtarırmış. Kafeyə girib qəlyanaltı sifariş ediblər. Bu zaman kafenin sahibi onlara yaxınlaşıb:

«Niyə getmirsiniz? Bütün müştərilərimi qorxudursunuz. Əvvəlcə get özünü və uşağını müalicə elətdir, sonra camaat arasına çıx».

DƏLİXANAYA ZƏNG HƏDƏSİ

Vodianova-nın anası kafeyə gedib məsələyə müdaxilə etmək istəyəndə təhlükəsizlik xidməti hədələyib ki, kafeni tərk etməsələr, dəlixanaya zəng edəcək və onları oraya yerləşdirəcək.

Anası Oksana və dayə ilə kafedən çıxanda onlara polis yaxınlaşıb, deyib ki, xırda xuliqanlığa görə saxlanırlar.

33 Vodianova Rusiyada əlilliyi olan uşaqlara xeyriyyə işlərində iştirak edir.

Polis «Interfax»a deyib ki, münaqişə tərəfləri bir-birinə qarşı iddia qaldırıblar və polis insidenti araşdırır.

Vodianova-nın «facebook» statusu sosial şəbəkələrdə və ənənəvi media orqanlarında müzakirə doğurub. Hüquq müdafiəçiləri Rusiyada əngəlli şəxslərin çoxsaylı maneələrlə üzləşdiyini qeyd edirlər.

«MƏNƏ ÇƏTİNDİR»

Nyu-Yorkda mənzillənən «Human Rights Watch» (HRW) bildirir ki, Rusiyada əlilliyi olan şəxslər mütəmadi olaraq işəgötürənlər tərəfindən ayrı-seçkiliklə üzləşir, müalicələri zəif gedir, təhsil imkanlarından yararlana bilmirlər.

Vodianova hazırda Parisdə yaşayır. «Calvin Klein» və «Gucci» kimi brendləri reklam edib. Ötən il ABŞ-ın «Glamour» jurnalına deyib ki, anası Oksana-dan imtina etməyib və o da model karyerası hesabına ailəsinə kömək edir.

Modelin insidentlə bağlı statusu 13 min dəfədən çox paylaşılıb və 34 mindən çox «like» toplayıb.

«Təəssüf ki, xüsusi qayğıya ehtiyacı olan uşaq böyüdən ailələrdən çoxu bu reallıqla üzləşir. Mənə bunu müzakirə etmək çətindir. Ancaq anlayıram ki, bu, cəmiyyət üçün həyəcan zəngidir və eşidilməlidir».

XS
SM
MD
LG