Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 05:00

Rasim Əliyev və “Qruz - 200”


Günel Mövlud
Günel Mövlud

- "Rasimin hakim rejimin bəslədiyi bir futbolçu, idman adamının fətvası ilə vəhşicəsinə döyülməsi, öldürülməsi Balabanovun süjetini bir daha keçirdi gözlərimin qarşısından."

Günel Mövlud

Rejimlərin yetişdirdiyi qatillər…

Balabanovun "Qruz - 200" adlı filminə hər kəs baxmalıdır, məncə. Xüsusilə bu gün jurnalistin belə harınca, manyakca öldürülməsindən sonra.

“Qruz 200” anlayan insan üçün bir çox mətləbləri bütün iyrəncliyi, çılpaqlığı və heç bir etiraz edə bilməyəcəyin gerçəkliyi ilə açır.

Sovet İttifaqı son illərini yaşayır. Onilliklər boyu totalitar, qəddar, amansız və bütün bunlarla yanaşı, yarıtmaz rejimin yetişdirdiyi, tərbiyə elədiyi toplum mənəvi böhran keçirir.

Çünki totalitar rejimlərin qəddarlığı, yarıtmazlığı belə effeklər verməyə məhkumdur. İstəkləri, arzuları, şəxsi, yaradıcı, cinsəl, sosial azadlıqları illərlə basdırılmağa məhkum olan cəimyyət manyaklaşır.

Gün gəlir, ölkə, insanlar, cəmiyyətin güclü və qarşısıalınmaz deqradasiyası, mənəvi çöküşü başlayır.

Total depressiya, ümidsizlik insanları bürüyür. Qanunlar, qaydalar, mənəvi kodekslər elə orqanik şəkildə pozulmağa başlayır ki, biri mütləq o birini gətirir, cinayətlər, özbaşınalıqlar zəncir halını alır.

Balabanov illər uzunu insan azadlığını, rahatlığını, seçim haqqını zəncirləyən qaydalara nifrətini cəmi 1 saat 29 dəqiqəlik filmdə bütün ikrahı, iyrənməyi ilə püskürür ekrandan.

“Qruz 200” azad bir yaradıcı insanın qadağalara, buxovların gətirdiyi manyakal depressiyaya, mənəvi çöküşə püskürdüyü öyümə, qusuntudur.

Bu, onilliklər boyu aparılan siyasət, idarəetmə tərzi, zorla aşılanan dəyərlər, şərtiliklərin doğurduğu sənətkar refleksidir.

Yanlış siyasətin, yanlış idarəetmənin, yanlış təhsilin, yanlış qurulan münasibətlərin hamısı bir gün bumeranq effekti ilə rejimin özünə qayıdacaq.

“Qruz 200” qəddar olduğu qədər də ədalətli bir həqiqəti çırpır adamın üzünə.

Cəmiyyətin gəlib çıxıdığı bu mərhələnin təsiri, onu bü günə salanlardan yan ötə bilməz.

Rejimin sayəsində yetişən narkobaron bir gün narkotiki rejimin öz balasına satacaq. Rejimin yetişdirdiyi seksual manyak bir gün rejimin öz balasını zorlayacaq.

Yetişdirdiyi qatil bir gün rejimin öz balasını bıçaqlayacaq. Yanlış siyasətin, yanlış idarəetmənin, yanlış təhsilin, yanlış qurulan münasibətlərin hamısı bir gün bumeranq effekti ilə rejimin özünə qayıdacaq.

Bəyəm rektor qızının gecəyarısı iki qoluzorlu tərəfindən vəhşicə döyülməsinin şahidi olmadıqmı biz? Kim idi o qızı döyənlər? Öz “kruq”ları, öz çevrələri, öz dostları…

Küçədə Faiq Ağayevi bıçaqlayan kimlər idi? Öz fanatları, öz dinləyiciləri.

Nazir qudasını kim güllələdi? Öz işçisi, öz bağbanı.

Gün gələcək, rejimin bir yolu qalacaq. Yetişdirdiyi yarıtmaz həkim onu müalicə etməsin, yarıtmaz müəllim onun uşağına dərs deməsin, bərbad qaydalarla idarə olunan yollarda balaları qəza etməsin, keyfiyyətiz tikililər balalarının başına uçmasın deyə, bütün balalarını bu ölkədən qaçırmaq…

Rasimin hakim rejimin bəslədiyi bir futbolçu, idman adamının fətvası ilə vəhşicəsinə döyülməsi, öldürülməsi Balabanovun süjetini bir daha keçirdi gözlərimin qarşısından.

Bəli, indi ölkə son iyirmi beş ildə ən mənəviyyatsız, ən deqradasiyalı, ən manyakal, ən depressiv dövrünü yaşayır.

Zorlamalar, qətllər, intiharlar, aqressiya, döymələr, didişmələr…

Bu ölkə hələ heç vaxt belə aqressiv, belə manyakal, belə depressiv olmayıb.

Heç nə nəticəsiz ötmür, keçmir. İyirmi il nəyi bəsləsən, o böyüyür. Nəyə yatırım etsən, o inkişaf edir. Nəyə investisiya qoysan, onun inkişafına nail olacaqsan.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG