Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:29

Əzrayıl uşaq paylayır?


Avropa Oyunlarının ərəfəsindən başlayaraq Azərbaycan mediasında bir şayiə dolaşır: Qarabağı qaytarırlar

Avropa Oyunlarının ərəfəsindən başlayaraq Azərbaycan mediasında bir şayiə dolaşır və bu gün də dolaşmaqda davam edir. Subyekti üçüncü şəxslə və ya şəxssiz söz birləşməsi ilə ifadə olunan bu şayiələr “Qarabağ qaytarılır”, “Qarabağı qaytarırlar” kimi sərlövhələrin altında təqdim olunur.

Bu şayiələr artıq o qədər əsassız səslənir ki, əslində onların harada, kim tərəfindən və niyə “istehsal” olunduğu da maraq kəsb eləmir. Amma buna baxmayaraq, “Qarabağ qayıdır” kimi xəbərlərin mahiyyətinə varmağa (heç olmasa bir dəfə) dəyər.

Hamı qaytarır, amma o qayıtmır

Belə xəbərlərdən sonuncusu, avqustun 4-də çap olunub.

“Qarabağ azad edilir: Bakının bir ay vaxtı var” xəbəri onunla fərqlənir ki, bu dəfə Qarabağı qaytaran sehirli əl Birləşmiş Ştatlar olmalıdır.

“Vaşinqton Dağlıq Qarabağı qaytarır? ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Moskva səfərindən sonra “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır” deyə konkret mövqe nümayiş etdirməsi bir sıra suallara yol açdı” deyilir bu xəbərdə.

Bəli cavablara yox, məhz suallara yol açdı. Daha sonra oxuyuruq:

“Ötən həftə baş verən proseslər də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni proseslərin baş verdiyini göstərir. Xüsusilə iki səfər diqqət çəkdi. Azərbaycan müdafiə naziri Zakir Həsənov Moskvaya səfər etdi. Bakı ilə Moskva arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir və bu cür səfərlər normal hal hesab olunur. Lakin Rusiyanın forpostu olan Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın eyni ərəfədə Vaşinqtona getməsi diqqətlərdən yayınmadı”.

Yenə də “hansı yeni proseslər”dən söhbət gedir? Məgər Azərbaycanın müdafiə naziri Moskvaya, onun erməni həmkarı Vaşinqtona birinci dəfədirmi gedirlər?

BMT üçün “nələrsə” hazırlanır

Köhnə şayiəni təzə bükümdə təqdim edən “Bakının bir ay vaxtı var” cümləsidir. Bakının nəyə bir ay vaxtı var? Sən demə BMT-nin Baş Assambleyası üçün “nələrsə” hazırlanır:

“Hazırlanan nələrsə məhz sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə qədər razılaşdırılmalıdır”.

Bir ay məsələsi bəlli oldu. Keçək o biri xəbərlərə. Martın 30-da mötəbər saytlardan birində belə bir məlumat gedib: “Apreldə 7 rayon qaytarıla bilər”.

“İrəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər” – deyilir xəbərdə.

Yenə də guya bu vaxtadək Putin Sarkisyanla heç görüşməyib.

“Çox dərin müzakirə”

Daha sonra xəbərdə deyilir: “Rusiya Dövlət Dumasının İrəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutski...bildirib ki, aprel ayına nəzərdə tutulan səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin Serj Sarkisyanla Qarabağ məsələsini dərindən müzakirə edəcək”.

Rusiya prezidenti Vladimir Putin Yerevanda
Rusiya prezidenti Vladimir Putin Yerevanda

Məsələ burasındadır ki, Putin indiyədək Qarabağı dəfələrlə “çox dərin müzakirə” edib. Elə dərin ki, nə vaxtsa onun ordan çıxacağına ümid də qalmayıb.

Bundan da maraqlısı odur ki, sizinyol.com adlı sayt elə eyni xəbəri yerləşdirib, amma sərlövhəni daha dramatik edib: “Ermənilər Qarabağı qaytarır”. Yəni eyni xəbərin bir saytdan o biri sayta köçürülməsi əsnasında Putin Sarkisyanla “dərin müzakirə”dən sonra ona elə bir təzyiq göstərib ki, artıq Qarabağı Putin yox, elə ermənilərin özləri qaytarırlar.

İstinadlar istinadı, mənbələr mənbəyi

Bütün bunlar inandırıcı da görünə bilərdi, amma “ermənilər Qarabağı qaytarmağı” hələ 2013-cü ildə vəd etməsəydilər.

İnternetdə 12 noyabr 2013-cü il tarixi ilə belə bir xəbər yayılıb: “Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Türkiyənin nüfuzlu Todays Zaman qəzeti diplomatik mənbələrə istinadən yazır ki, oktyabrın ortalarında İsveçrəyə səfəri zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isveçrəli rəsmi şəxslərə Ermənistanla münasibətlərin normallaşmasına hazır olduqlarını bildirib. Bu zaman türkiyəli nazir vurğulayıb ki, İrəvan əvvəlcə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmalıdır”.

Ermənistan prezidenti Serzh Sarkisian tez-tez Dağlıq Qarabağa baş çəkir
Ermənistan prezidenti Serzh Sarkisian tez-tez Dağlıq Qarabağa baş çəkir

Bunu türkiyəli nazir deyib. Onda sayt niyə öz xəbərinə “Ermənilər işğal olunmuş rayonları qaytarmağa razılıq verdilər” başlığı qoyub? Sən demə, bunu ermənilər yox, türk qəzetinin adını çəkmədiyi mənbəsi verib:

“Qəzetin mənbəsinin sözlərinə görə, İrəvan ən azı 7 rayondan beşini azad edərsə, Azərbaycan Türkiyənin Ermənistanla sərhədləri açmasına etiraz etməyəcəyini bildirib.İrəvan da həmçinin beş rayonu tərk etməyə hazır olduğunu bəyan edib” – deyə, qəzetin mənbəyi bildirib.

Muştuluqlu xəbərlər

2014-cü il də belə “muştuluqlu” xəbərlərlə zəngin olub. 30 iyun tarixli xəbər belə adlanır: “Erməni politoloq: “Kreml rayonları Azərbaycana qaytarır””.

Hətta belə gurultulu adla da kifayətlənməyən sayt alt sərlövəhəsində əlavə edir: “Ermənistanda yaxşı anlayırlar ki, Rusiyanın istəklərinə qarşı çıxmaq olmaz”.Axı, Qarabağı Azərbaycana qaytarmaq Rusiyanın nə vaxtdan istəyi olub?

Bu xəbərdəki “təhlil” bundan ibarətdir ki, Putin Azərbaycanı Avrasiya İttifaqına çəkmək üçün Ermənistana təzyiq göstərib, rayonları geri alacaq və təbii ki, Bakıya bağışlayacaq.

Bu xəbərdən iki həftə əvvəl dərc olunmuş məlumatda isə artıq ölkənin rəhbəri “şərlənir”: “İlham Əliyev Qarabağı geri qaytarır – Putinlə razılaşma” adlanır bu xəbər.

Davalı ssenari

Burada isə artıq “təhlil” yox, Hollivud ssenaristlərinin qibtə edəcəyi boyeviklə tanış oluruq: “Bu arada “Yeni Müsavat ” qəzeti hərbi mənbələrdən sensasiya doğuracaq məlumat əldə etdiyini yazıb. Məlumatda deyilir ki, bir neçə gündür, Azərbaycanın işğal olunmuş ərazilərində cəbhə xətti boyunca ermənilər mina təmizləmə işlərinə başlayıblar. Neçə illərdir basdırılan minaları çıxarmaqdadırlar”.

Qarabağ separatçılarının lideri Bako Sahakian bu yaxınlarda Rusiya ordeni ilə təltif olunub
Qarabağ separatçılarının lideri Bako Sahakian bu yaxınlarda Rusiya ordeni ilə təltif olunub

Bəlkə elə köhnə minaları çıxarıb təzələrini basdırırlar? Görun nə qədər vaxtdır torpağın altındadır bu minalar.

Amma, ssenarini başqa bir anonim təhlilçi davam etdirir:

“Qəzetin danışdığı təcrübəli ekspertlərdən biri bununla bağlı maraqlı izah verib: “Ola bilsin, Ermənistan rəhbərliyi Azərbaycanın hansısa rayonlarından geri çəkilmək məcburiyyətindədir və hətta bunun üçün Kremldən gizli mesaj da alıb. Serj Sərkisyan təbii ki, heç vaxt xalqın qarşısına çıxıb “Rusiyanın göstərişi ilə filan rayonları Azərbaycana qaytarıram” deməyəcək. Kremlin göstərişini Sərkisyan başlanacaq müharibəni uduzmaqla həyata keçirə bilər. Az itki üçün minalanmış ərazilər əvvəldən təmizlənir, Azərbaycan ordusu hücuma keçir müharibə başlayır və onsuz da güclü olan Azərbaycan ordusu konkret rayonları geri qaytarır. Ermənistan prezidenti isə xalqın qarşısına çıxaraq “1990-cı illərin əvvəlində biz qalib gəlmişdik, bu dəfə isə güclənmiş Azərbaycana qalib gələ bilmədik. Müharibədə qalib gəlmək kimi məğlub olmaq da var” tipli izahat verir. Bax, ssenarinin bu cür olması istisna deyil”.

Politoloqun “əgər”i

Nəhəyət 2014-cü ilin oktyabrına aid bir xəbər də var: “Ermənistan 7 rayonu qaytarır?” Burda heç olmasa sual işarəsini qoymağı unutmayıblar.

Xəbərin mahiyyəti isə başqa bu qəbildən “informasiyalar”dan fərqlənmir:

Rusiyalı biznesmen German Sterligov Qarabağın seyrinə çıxıb
Rusiyalı biznesmen German Sterligov Qarabağın seyrinə çıxıb

"Əgər Ermənistan 7 rayonu 5-6 ay ərzində qaytarılmasına razılıq versə, danışıqlardan müsbət irəliləyişlər gözləmək olar.

Əgər politoloqun proqnozu “əgər”lə başlayırsa məntiqlə onu oxumaqda davam etməmək də olar.

Reallıq ağlamalı olmasaydı...

Bütün bu “təhlilli xəbərlər”, “muştuluqlu sensasiyalar” gülüş də doğura bilərdi, reallıqda əsl vəziyyət acınacaqlı olmasa idi.

Moskva sadəcə olaraq dahi qrossmeyster kimi gözlərini şahmat taxtasına zilləyib Azərbaycanın Qarabağsız da onun ağuşuna atılacağı vəziyyətin yaranacağını gözləyir

Vəziyyət isə bundan ibarətdir ki, Rusiya Bakı-Supsa kəmərini, Bakı-Ərzrum dəmir yolunu ata malı kimi çəpərləyir, Azərbaycanın Xarici İşlər Nazirliyi isə dılğır Sterliqovla, Putinin Qarabağa səfər edən “Gecə canavarları” – təkərli xuliqan dəstəsi ilə çarpışır. Reallıq bundan ibarətdir ki, Gazprom Azərbaycanın Avropadakı enerji arzularının üstündən xətt çəkmək istiqamətində konkret addımlar atır.

Və Rusiya Azərbaycanı Avrasiya İttifaqına çəkmək üçün çoxgedişli planlar da qurmur. Moskva sadəcə olaraq dahi qrossmeyster kimi gözlərini şahmat taxtasına zilləyib Azərbaycanın Qarabağsız da onun ağuşuna atılacağı vəziyyətin yaranacağını gözləyir.

Bu arada Rusiya nəyisə qaytarır söhbəti, Əzrayıl uşaq paylayır məsəlinə daha çox oxşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG