Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 13:42

Gəlini çıldağa aparırlar...


Şəbnəm Sadıqova
Şəbnəm Sadıqova

- "...bakirə olan birindən uşaq doğmaq tələb olunur, halbuki, hələ ilkin mərhələlərdən keçə bilməmişdir."

Şəbnəm Sadıqova

Psixoterapevt

İnsanları maarifləndirmək, müalicə etmək əvəzinə onları istismar edirlər

Toyundan 4 gün öncə 18 yaşı tamam olmuşdu Günelin (ad şərtidir). Özündən 13 yaş böyük bir kişiylə evlənəcəkdi. Və toy günü onu ikinci dəfə görmüş olacaqdı.

Günel ailənin 3 uşağından ilkidir. Atası taksi sürücüsü, xasiyyətcə çox mülayim, demək olar, bütün günü iş başında olan biridir.

Anası isə müəllimdir, heç vaxt işləməyib. Balaca yaşlarından 2 qızına təhsil almaları üçün şərait yaratmaq yerinə, onları ev-məişət üçün amansızca işlədib.

Bacılar ikisi də səhər ən geci 7-də yuxudan oyanıb bütün evin, həyətin işlərini görməli və balaca qardaşlarına baxmalı idilər.

“Anam hədsiz tələbkar və heç vaxt güzəştə getməyən bir insandır. Nə iləsə maraqlanmaq, arzulamaq, xəyal qurmaqla yanaşı, narazı olmaq, etiraz etmək də bizə uzaq olan anlayışlar idi.

Çox ağır cəzalandırılmışdıq ilk dəfələrdə. Səbəblərdən biri də gecə gizlicə kitab oxumağım olmuşdu” - dedi Günel.

El adətlərinə uyğun qapaz

Evlənəcəyi adam da anası tərəfindən seçilmiş, bu haqda onu istəməyə gəldiklərində xəbər tutmuşdu və ilk dəfə onu darvazanın yanında dayanan görmüşdü. Heç ünsiyyət qurmaq şansı yox idi.

Günel: “Yaxşı insandır, öyrəndiyimə görə. Görünüşcə də xoşuma gəldi. Deyirlər, işi-gücü var, siqareti-içkisi yoxdur. Ailəsi üçün çalışan, ciddi adamdır” toy ərəfəsindəki ilkin düşüncələrim bu idi Heydər (ad şərtidir) haqqında. “Bu, itaətkarlığımı bəzəməkdən başqa bir şey deyildi”.

Və toy bitdi

Günel, 18 illik həyatı kimi, toy gecəsi də iradə və kontrolundan kənarda baş verən hadisələri yaşayacaqdı. Şiddətli ağrılar, dəhşət dolu düşüncələr, əzələlərindəki idarə edə bilmədiyi kilidlənmələr ondan tələb olunanı yerinə yetirməyinə izn vermədi.

Son xatırladığı an Heydərin onun başına vurduğu zərbələr idi. Günelin huşunu itirməsindən yararlanan Heydər qapının arxasında ondan nəticə gözləyənləri razı sala bilmişdi.

Güneli o halda görənlər, anası da daxil olmaqla, heç kəs nə baş verdiyi ilə maraqlanmır. Əksinə, işıldayan gözlərlə gülümsəyirlərmiş.

Günel ayılanda sifətindəki şişkinliklər və göyərtilərdən dəhşətə gəlmişdi.

El adətlərinə uyğun toyun səhərisi günü qonaqlıq təşkil olundu.

Burada vacib bir məqam daha baş verir:

Güneli o halda görənlər, anası da daxil olmaqla, heç kəs nə baş verdiyi ilə maraqlanmır.

Əksinə, işıldayan gözlərlə gülümsəyirlərmiş. Sanki, qızın üzündəki göyərtilər gecənin uğurlu keçdiyinə dair bir mesaj idi onlar üçün.

Valideynlər, qohumlar belə kritik bir məqamda nə olduğunu araşdırmaq, dəstək olmaq, gərginliyin keçməsinə şərait yaratmaq yerinə tələbkarlığı seçirlər.

Bu tələblər olmasaydı, bəlkə də Heydər Günelə qarşı daha anlayışlı və səbrlə yanaşardı. Ondakı panikanın, kilidlənmələrin səbəbini adekvat şəkildə öyrənməyə və ona dəstək olmağa çalışardı.

Yeni evlilər arasındakı boşanmaların əsas və az bilinən səbəblərindən biri cinsi problemlərdir. Uşaqlıq dövründən başlayaraq, cinsi tərbiyənin, maarifləndirmənin olmaması, tabular, qadağalar, yersiz ayıblamalar yeniyetmələrin sağlam cinsi inkişafını əngəlləyir.

Yeniyetmələrin cinsi yöndən nəinki üzləşdikləri problemlərə, hətta bu mövzulara dair suallarına qarşı belə ailədəki tolerantlıq sıfıra enir.

Ailələr cinsi tərbiyəyə önəm vermədikləri və ya çətin olduğunu düşündükləri üçün övladlarını erkən yaşda evləndirməyin doğru və asan seçim olduğu qənaətinə gəlirlər.

Beləliklə də, erkən yaşında evləndirilən qız və ya oğlanlar (ailələri tərəfindən hazırlaşdırılmadıqları üçün) çətin situasiyalarla üzləşirlər. Bunlardan biri də “Vaginizm”dir.

Əks cinsə qarşı gücləndirilmiş müdafiə mexanizmi

Qızlarını böyüdərkən əks cinsə qarşı gücləndirilmiş müdafiə mexanizmi, ilk gecə ilə əlaqəli ətraflarında özlərindən öncə evlənmiş qızlardan eşitdikləri qulaqdan dolma yanlış və qorxunc məlumatlar (dəhşətli ağrı, yırtılma, qanaxma və s.), öz bədənini tanımamaq, qarşı cinslə ünsiyyət əksikliyi, cinsi məlumatsızlıq və digər yanlışlıqlar toy gecəsi zamanı anidən fərqli simada özünü göstərir.

Bütün qorxuları cəm şəklində qızın zehninə, bədəninə hücum çəkir. Qeyri-iradi olaraq kilidlənir və ərini itələməyə başlayır. Ərin verəcəyi reaksiya qarşıda yaşayacaqları hadisələri müəyyənləşdirə bilir.

Bir tərəfdən qapının arxasında ondan nəticə almaq üçün alışıb-yanan qohumlar və qarşısında isə onu itələyən, gözləri bərəlmiş, qorxudan kilidlənən həyat yoldaşı.

Rayon camaatı daha sərtdir

Bu problemlərə yanaşmada rayon camaatı daha sərtdir. İlk gecədə ondan gözləniləni etməyən, özünü “şübhəli” aparan qızın onu nəyin gözlədiyinə dair ən xırda fikri belə, yoxdur.

"Bir tərəfdən qapının arxasında ondan nəticə almaq üçün alışıb-yanan qohumlar və qarşısında isə onu itələyən, gözləri bərəlmiş, qorxudan kilidlənən həyat yoldaşı."

Yaşadığı şokdan bunları düşünməyə yönələ bilmir beyni.

Üstəlik, əri və ya ailələr tərəfindən şiddət görərək, şər atılaraq günahlandırılır:

“Məni istəmirsən, ağlın başqasındadır", "bakirə deyilsən" və s.

Qapının arxasındakılara nəticə vermək üçün tələsən ər təcavüzə belə, baş vura bilir.

Yanlış müalicələr, fiziki və psixoloji travmalar, ailədə zorakılıqlar, uzun illər evli olsa da, hələ də bakirə olan birindən uşaq doğmaq tələb olunur, halbuki, hələ ilkin mərhələlərdən keçə bilməmişdir.

Əri ilə birlikdə rastlaşdıqları ictimai qınaq və basqılar ucbatından “heç olmasa uşağımız olsun” deyərək, süni mayalandırma müalicəsinə baş vururlar.

Lakin bu problemi həll etməməklə yanaşı, daha da ağırlaşmasına səbəb olur.

Göz necə qırpılırsa

Vaginizm: vaginal əzələlərin qadının iradəsindən kənar, özündən asılı olmadan kilidlənərək, cinsi birləşməni mümkünsüz hala gətirən, əksər hallarda psixoloji kökənli psixosomatik cinsi problemdir.

bizim iradəmizdən kənarda göz qapaqlarımız qorunma məqsədi ilə anidən qapanır və kənardan gələn yad cismin gözlə təması əngəllənir. Vagizimdə də bu tip bir dinamikadan söhbət gedir.

Bu vəziyyəti daha sadə yolla anlamaq üçün: kənardan gələn hər hansısa qıcıq qarşısında gözlərimizi refleks olaraq yummağımızı misal gətirə bilərəm.

Belə ki, bizim iradəmizdən kənarda göz qapaqlarımız qorunma məqsədi ilə anidən qapanır və kənardan gələn yad cismin gözlə təması əngəllənir. Vagizimdə də bu tip bir dinamikadan söhbət gedir.

Vaginal əzələlər ilə qadının bədəni də sinxronizə olur və cinsi birləşməni bir təhlükə, qorxu, ya da ağrı hiss ediləcək bir proses olaraq qavrayır və cinsi bərabərliyi özündən asılı olmadan rədd edir.

Vaginizm cinsi disfunksiyalar arasında ən asan və qısa müddətdə müalicə edilən psixoloji problemdir.

Qadının vaginizmin hansı mərhələsində olduğunu müəyyən etdikdən sonra psixoterapiyaya başlanılır və ərin dəstəyi və iştirakı ilə müalicə edilir.

Qızı toy günü çıldağa aparırlar...

Bundan xəbərsiz, nəyin baş verdiyini anlaya bilməyən, çıxış yolu tapmayan və ya yanlış cəhdlər edərək bu problemdən qurtulacağını zənn edən cütlüklər təəssüf ki, əksər hallarda molla, cinçıxardan, çıldaqla yanaşı bəzi həkimlərin də səhv yanaşmasına məruz qalırlar.

Bəziləri də yüksək məbləğdə pullar alaraq onları hipnoz yolu ilə sağaldacağına dair vədlər verir.

Bəziləri onlara himenotomiya, yəni, əməliyyat yolu ilə qızlıq zərinin çıxarılmasını məsləhət görür, bəziləri qadına ümumi anesteziya verildikdən sonra ərinin onunla cinsi əlaqəyə girməyini tövsiyyə edir.

Bəziləri də yüksək məbləğdə pullar alaraq onları hipnoz yolu ilə sağaldacağına dair vədlər verir.

Cinsi disfunksiyalarla bağlı uzun illərdir tədqiqatlar aparılır və cinsi terapiya metodları inkişaf etdirilir.

Lakin ölkəmizdə bu sahədəki ciddi boşluqlarla, bu boşluqlardan istifadə edənlərin sayı bir-birinə düz mütənasibdir. İnsanları maarifləndirmək, müalicə etmək əvəzinə onları istismar edirlər.

Cinsi mövzulardakı problemlərin və xəstəliklərin aradan qaldırılması üçün maariflənmə şərtdir. Buna xüsusi diqqət ayırmaq və üzərində məsuliyyətlə işləmək lazımdır. Valideynlərlə yanaşı təhsil ocaqlarında da əvvəlcə müəllimlər öyrədilməli, sonra yeniyetmə və gənclərlə maarifləndirici işlər aparılmalıdır.

Onanizm edən uşaqlar döyülürsə...

Nə qədər ki anatomiya dərslərində oğlanlarla qızlar ayrı siniflərə göndəriləcək, onanizm edən azyaşlı uşaqlar döyüləcək, sevgililər öpüşdüyü üçün öldürüləcək, bu ölkədə sağlam cinsi inkişafdan söz gedə bilməz.

Konfidensiallıq prinsipinə əsasən haqqında yazdığım pasientdən bu yazını yazmağım və nəşri üçün icazə aldım.

Bu yazının başqalarına nə isə öyrədəcəyinə və özü ilə eyni problemləri yaşayanlara kömək edəcəyinə inandığını söylədi. Gizliliyi tam qorunsun deyə bəzi məlumatlarda dəyişiklik edilmişdir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG