Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:52

Rafiq Tağı və Samir Sədaqətoğlunun azadlığa buraxılması tələb olunur


ABŞ-da yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Məhəmməd peyğəmbəri təhqir etməkdə təqsirləndirilərək barələrində həbs-qətimkan tədbiri seçilmiş yazıçı Rafiq Tağı və «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun dərhal azadlığa buraxılmasını istəyir.

Rafiq Tağı «Sənət» qəzetində dərc olunmuş «Avropa və biz» adlı məqaləsində Məhəmməd peyğəmbərlə bağlı bəzi ifadələr işlədib, eyni zamanda müsəlman Şərqinin geridə qalmağını İslamla bağlayıb. Yazıçı dini, irqi və etnik düşmənçilik yaratmaqda ittiham olunur və onun haqqında cinayət işi qaldırılıb. Məqalə müəllifi təhqirə yol vermədiyini bildirsə də, redaktor oxuculardan yazının dərcinə görə üzr istəyib.


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin yaydığı bəyanatda deyilir ki, məqalədəki fikirlər Azərbaycanda bəzi insanların qəzəbinə səbəb olsa da, heç kimi fikrini ifadə etdiyi üçün cəzalandırmaq olmaz.


Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev isə bildirir ki, baş verənləri azad sözə təzyiq kimi qiymətləndirmək düz deyil. Əksinə, bu, söz azadlığından sui-istifadə etmək və başqalarının inancına toxunaraq ədavət yaratmaqdır.


Noyabrın 17-də isə Bakının Nardaran qəsəbəsinin sakinləri «İdeal» qəzetindəki «Xoşbəxtliyin süqutu və yaxud Allahın utanan üzü varmı?» sərlövhəli yazıyla bağlı etiraz aksiyası keçirib, yazının müəllifi Aydın Canıyevin və qəzet redaktorunun cəzalandırılmasını, nəşrin bağlanmasını tələb ediblər. Eyni tələblə Qafqaz Müsəlmanları İdarəsi məhkəməyə müraciət edib. Aydın Canıyev isə məqalədə təhqirə yol vermədiyini deyir:


«Həmin məqalədə «Allahın utanan üzü varmı?» təsdiqləyici formada deyil, sual kimi qoyulub. Məhkəmə və Dilçilik İnstitutu araşdırar, baxarıq».


Nəsimi rayon Məhkəməsi bu işə noyabrın 21-də baxacaq. Dini Qurumlarla İş üzrə Komitənin sədri Hidayət Orucov isə bir müddət qabaq bu yöndə baş verənləri belə qiymətləndirmişdi:


«Heç kəsin insanın heysiyyətinə, şəxsiyyətinə toxunmasına icazə verilmir. Mətbuatda dini, peyğəmbəri, Tanrını təhqir edirlər. Bunlar əlbəttə, yolverilməzdir».


Rafiq Tağı Azərbaycanda milli, irqi və dini düşmənçiliyin təbliğinə yönələn hərəkətlərə görə ittiham olunun ilk yazıçıdır.


XS
SM
MD
LG