Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 07:56

«Bank Technique» müflis oldu


«Bank Technique»
«Bank Technique»

-

«Yeni Müsavat» qəzeti ««Bank Technique» müflis oldu» adlı məqalədə yazır ki, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin ikinci bankı tam müflisləşib, əməkdaşları kütləvi şəkildə öz hesablarına məzuniyyətə göndərirlər, bankdan heç bir əmanətçi pulunu ala bilmir:

«Bir vaxtlar Azərbaycanın özəl bankları arasında ən qüdrətlilərindən olan «Bank Technique» iflas olub. Bankdan «Yeni Müsavat»a verilən məlumata görə, gələn həftənin 1-ci günündən etibarən əksər əməkdaşlar ərizə yazaraq öz hesablarına məzuniyyətə göndəriləcək. Hər şöbədən minimum 5-6 əməkdaş işdən çıxarılıb. Artıq xeyli vaxtdır əmanətçilər bankdan pul ala bilmirlər. Bütün əməliyyatlar dayandırılıb».

YENİ REPRESSİYA DALĞASI İQTİDARA NƏ VƏD EDİR?

Bu sərlövhə altında «Azadlıq» qəzeti ölkənin ictimai-siyasi həyatında baş verən son olayları «Turan» Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə müzakirə edib. Mehman Əliyev deyir ki, Azərbaycana qarşıdan böhran gəlir və ölkəni ciddi sosial gərginlik gözlədiyindən hakimiyyət repressiyaları artırır. O hesab edir ki, Azərbaycana qarşı sanksiyaların gündəmə gəlməsinə rəğmən, onun tətbiq edilməməsi hakimiyyətin əl-qolunu açır. Amma Azərbaycan hakimiyyətinin daxildə repressiya siyasətini gücləndirməsini təsadüfi saymayan M.Əliyev vurğuladı ki, hakimiyyət preventiv addımlar atmaqla cəmiyyətdə aktivliyin qarşısını almağa çalışır:

«Hakimiyyət cəmiyyətdə aktivlik edən adamlara qarşı repressiyanı artırır. Bu da təsadüfi deyil. Çünki, Azərbaycana qarşıdan böhran gəlir. Ölkəni ciddi sosial problemlər gözləyir, sosial gərginlik artacaq. Hakimiyyət sadəcə olaraq addımları ilə toplumu qorxutmağa, onları iqtidara qarşı fəaliyyətdən çəkindirməyə çalışır».

Aptek
Aptek

DƏRMANLARIN QİYMƏTİ ENDİ, BƏS KEYFİYYƏTƏ NƏZARƏT OLACAQMI?

«Bizim yol» qəzeti bir neçə gündür mətbuatın əsas mövzularında olan dərmanların qiymətini məsələsinə başqa rakursdan baxıb: keyfiyyət necə olacaq?

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədri Azər Mehtiyev «Bizim Yol»a bildirib ki, qiymətlərlə yanaşı, keyfiyyətinin və təhlükəsizliyin də tənzimlənməsinə ehtiyac var: «Ölkəyə gətirilən dərmanların təhlükəsizlik məsələsi də gündəmdə saxlanmalıdır. Digər məsələ onların molekul tərkibinin təsnif olunmasıdır ki, bu, çox önəmli əhəmiyyət daşıyır. Ona görə ki, eyni molekul tərkibli olan, sadəcə olaraq müəyyən qatqılar əlavə etməklə müxtəlif firma dərmanları hazırlayırlar. Bir çox hallarda həkimlər pasiyentləri firma dərmanları almağa məcbur edirlər. Onların isə qiymətləri olduqca baha olur. Düşünürəm ki, həkimlər resept yazarkən, ilk növbədə molekul tərkibinə görə dərman yazmalıdırlar. Ümumiyyətlə, icbari tibbi sığorta olarsa, həkimlərin apardıqları müalicə və müayinələri də tənzimləmək mümkün olacaq. Çünki məsuliyyət yaracaq, müalicə və müayinələrə qarşı tələbkarlıq yüksələcək».

«AZAL-IN ADINI ÇOXAL ETSİNLƏR!

«Adam öz ölkəsinin şirkətinə fayda vermək istəyir, ancaq öz şirkətimiz bizlərə bu imkanı heç cür vermək istəmir».

Fazil Mustafa
Fazil Mustafa

modern.az saytının məlumatına görə, bunu deputat Fazil Mustafa son günlər aviabiletlərlə bağlı «qiymət blefi» ilə məşğul olan «Azərbaycan Hava Yolları» QSC (AZAL) haqda deyib.

F.Mustafa daha sonra deyib: «Bir dostumuz oğlunu Londona dil kursuna göndərir. Təyyarə bileti üçün AZAL-a müraciət edir. Uşağın 16 yaşı tamam deyil. Prezidentin göstərişindən sonra nisbətən ucuzlaşan bilet qiymətlərinin yerinə maraqlı hoqqa düşünülüb. 16 yaşdan aşağı sərnişinlər valideynsiz gedərsə, bilet puluna 300 AZN də əlavə ödəməlidir. Guya, onu müşayiət edən şəxsə verilmək üçün. Halbuki hüquqi qayda belədir ki, valideynlərinin hər ikisinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi varsa, aviaşirkət buna problem yaratmamalıdır. Demək 520 manat üstəgəl 300 manat. Vətəndaş «British Airlines» hava şirkətinə müraciət edir və bildirirlər ki, onlar bu qaydanı yalnız 5-12 yaşarası uşaqlar üçün tətbiq edirlər. Demək, vətənpərvərlik göstərib AZAL-dan bilet almaq istəyinə baxmayaraq, xeyrini ingilis şirkətinə verməyə məcbur qalır. Üzülürsən, ancaq nə edəsən, prezidentdən də yuxarı instansiya yoxdur ki? Prezident camaatın ürəyindən keçəni söylədi, bunlar isə yenə də öz ürəklərindən keçəni edirlər. Bu nüansları nəzərə alarsaq, AZAL şirkətinin adını ÇOXAL olaraq dəyişmək daha məntiqli olmazdımı?».

Heydər Əliyev
Heydər Əliyev

BİZİM ÖZ DİLİMİZ VAR

Avqustun 1-i ölkədə Ana dili kimi qeyd edilir və «Azərbaycan» qəzeti də bununla bağlı məqalə dərc edib. Yazı müəllifi hesab edir ki, Azərbaycan dilinin inkişafında mərhum prezident Heydər Əliyevin əvəzsiz rolu var: «Xüsusilə də Azərbaycan əlifbası və Azərbaycan dilinin inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə özünün çiçəklənmə dövrünü yaşamışdır.

... «Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun» söyləyən ümummilli lider ana dilini sadəcə öyrənmək yox, onu ürəkdən sevməyi də tələb edirdi.

Ulu öndər deyirdi: «Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Biz daha keçmişdəki kimi sovet imperiyasının daxilində deyilik ki, rus dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış soydaşlarımız da bilsinlər ki, bizim öz dilimiz var və biz öz dilimizdə də danışırıq».

XS
SM
MD
LG