Keçid linkləri

2025, 14 İyun, şənbə, Bakı vaxtı 18:16

Avropa Parlamenti İranda insan haqlarına dair qətnamə qəbul edib


Avropa Parlamenti 60 səs lehinə olmaqla İranda azlıqların hüquqlarının müdafiəsinə dair qətnamə qəbul edilib
Avropa Parlamenti 60 səs lehinə olmaqla İranda azlıqların hüquqlarının müdafiəsinə dair qətnamə qəbul edilib
Avropa Parlamentinin noyabrın 16-da keçirilən plenar sessiyasında İranda azlıqların hüquqlarının müdafiəsi və dini azadlıqlara dair qətnamə qəbul edilib.

Qətnamə 60 səs lehinə, 0 əleyhinə və 3 nəfər bitərəf qalmaqla qəbul edilib. Qətnamədə deyilir ki, 2005-ci ilin iyun ayında prezident Mahmud Əhmədinejadın hakimiyyətə gəlməsindən sonra İranda insan hüquqlarının vəziyyəti daha da pisləşib. Sənəddə hər bir vətəndaşa mülki hüquqların və siyasi azadlıqların verilməsi istənilir.


Avropa Parlamenti İranın ratifikasiya etdiyi beynəlxalq konvensiyalara sadiq qalacağına ümid edir. Sənəddə dini azlıqların etiqadlarına hörmətlə yanaşılması, habelə kürd, azərbaycanlı, ərəb və bəluclar kimi etnik azlıqlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvinə çağırılır.


Avropa Parlamentinin üzvləri İran azərbaycanlılarını müdafiə edən və iyunun 14-dən yoxa çıxan vəkil Saleh Kamraninin taleyi ilə bağlı narahatlıqlarını bildiriblər. Parlamentarilər eyni zamanda, İran hökumətindən qadınlara qarşı təzyiq və ayrı-seçkiliklərə son qoyub «Beynəlxalq qadın hüquqları konvensiyası»nı imzalamasını istəyir.


Avropa Parlamenti İran universitetlərindən liberal və dünyəvi düşüncəli professorların qovulmasını pisləyir və dövlət başçısından onların vəzifələrində bərpa edilməsini tələb edir.


Qətnamənin yekununda Avropa Parlamentinin İran üzrə Komissiyasının bu ölkədəki insan hüquqlarını yaxından izləyəcəyi və Avropa Birliyinin İranla ticarət və iqtisadi münasibətlərinin birbaşa bu müşahidələrin nəticəsindən asılı olacağı bildirilir.



İranda Azərbaycan fəallarına qarşı davam edən təqib-təzyiqlərə dair başqa bir bəyanatı «Amnesty International» beynəlxalq insan hüquqları təşkilatı yayıb. Təşkilat noyabrın 17-də verdiyi son bəyanatında itkin düşən Ərdəbil universitetinin tələbəsi Əsgər Əkbərzadənin işgəncə təhlükəsi qarşısında olduğunu bildirir. Əkbərzadə oktyabrın 31-də təhlükəsizlik xidməti əməkdaşları olduqları zənn edilən mülki geyimli şəxslər tərəfindən tutulub. «Amnesty»nin verdiyi məlumata əsasən, rəsmi şəxslər onun harada saxlanıldığı və ya tutulub-tutulmadığı haqda məlumat verməkdən imtina edirlər.


Əsgər Əkbərzadə ilk dəfə «İran» qəzetində çap olunan karikaturalara qarşı Ərdəbil əhalisinin kütləvi etirazlarından iki gün əvvəl – mayın 25-də həbs edilmiş və 12 gün Ettalaatın [Təhlükəsizlik Nazirliyi] təcridxanasında saxlanılmışdı. Tələbənin mənzilində axtarış keçirilsə də heç bir sənəd tapılmayıb. «Amnesty International» Əsgər Əkbərzadənin saxlanıldığı yerin açıqlanmasını, onun işgəncələrə məruz qalmadığının sübuta yetirilməsini və qanunla cinayət işi açılmadığı halda onun azadlığa buraxılmasını tələb edir.


XS
SM
MD
LG