Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:15

Amerika şiəpərəstdirmi?


ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif Cenevrədə
ABŞ dövlət katibi John Kerry və İranın xarici işlər naziri Mohammad Javad Zarif Cenevrədə

Tanınmış jurnalist, “New York Times” qəzetinin sütunyazarı Roger Cohen yazır ki, ABŞ-ın İraqdakı müharibəsindən sonra Səudiyyə Ərəbistanı məhz bu qənaətdədir.

Roger Cohen “New York Times” qəzetində dərc olunmuş “Bir konqresmenin İranı” başlıqlı məqaləsində yazır ki, Konqresin yəhudi veteranlarından miçiqanlı demokrat millət vəkili Sander M. Levin, “bu həftə çox mühüm bir bəyanat verib”.

İranla sazişi dəstəkləyən deputat deyib ki, hər hansı bir məsələ barəsində ictimai mövqe tutarkən dərin faktlara əsaslanmaq lazımdır.

“İsrailin dostu” İranı dəstəklədi

Jurnalistin fikrincə, Sander M . Levin-in bəyanatı iki nöqteyi-nəzərdən çox mühümdür.

Bunlardan biri odur ki, konqresmen gözlənilmədən İranla əldə edilmiş nüvə razılaşmasını dəstəkləyib. İkincisi isə bu bəyanat Konqresdə “İsrailin dostu” sayılan qocaman yəhudinin dilindən çıxıb.

İki nazirin Cenevrə küçələrində qoşa gəzməsini İran mühafizəkarları da tənqid etmişdilər.
İki nazirin Cenevrə küçələrində qoşa gəzməsini İran mühafizəkarları da tənqid etmişdilər.

Roger Cohen yazır ki, Levin-in mülahizəsi onu ayıq, sağlam və dəqiq nəticəyə gətirib çıxarıb.

Bu nəticə ondan ibarətdir ki, saziş İranın nüvə silahı istehsal etməsinin qarşısını almağın “ən yaxşı yoludur”. Nəticədə nəinki bütün Yaxın Şərq, elə İsrailin özü üçün də daha təhlükəsiz şərait yaranacaq.

Bu düşüncəni mühüm və ciddi dövlətlər - Rusiya, Çin, Britaniya, Fransa və Almaniya da bölüşürlər.

Məqalədə deyilir ki, saziş İranın nüvə anbarını 97 faiz ixtisar edir, uranın 3, 67 faizdən yüksək dərəcədə zənginləşdirilməsini qadağan edir, ən pis halda İranı nüvə silahı əldə etmək üçün 1 il geri atır. Halbuki, sazişdən əvvəl bu müddət cəmi iki ay idi.

İsraillə Səudiyyənin ortaq marağı nədir?

Cohen yazır ki, Konqresə sazişə baxılması üçün 60 gün vaxt verilib. Onun fikrincə Konqresin sazişi rədd edəcəyi və buna isə Obama-nın veto qoyacağı qaçılmazdır. Lakin Barack Obamanın vetosunun üstündən xətt çəkməyə Konqresin gücü çatmayacaq.

Obama-nın "iranpərəst" siyasətindən demarş kimi Səudiyyə kralı onunla görüşə öz yerinə şahzadələri göndərmişdi
Obama-nın "iranpərəst" siyasətindən demarş kimi Səudiyyə kralı onunla görüşə öz yerinə şahzadələri göndərmişdi

Məqalədə deyilir ki, İranla sazişə sağlam düşüncə ilə yanaşan bir çoxları Levin-in nəticəsinə gəliblər. Jurnalist xatırladır ki, ABŞ-ın İsraildəki 5 keçmiş səfiri açıq məktub yazaraq Senat və Konqresi İranla sazişi dəstəkləməyə çağırıblar.

“Maraqlıdır ki, - yazır Cohen, - İsrail və ABŞ respublikaçıları ilə yanaşı sazişi ən böyük haray-qışqırıqla tənqid edən Səudiyyə Ərəbistanı olub”.

Səudiyyəlilər İranla sazişi “Amerikanın acizliyi” adlandırmaqla kifayətlənmirlər. Onlar İraqa müdaxilədən bəri əmindirlər ki, Birləşmiş Ştatlar şiəpərəst mövqe tutub.

“Onlar İranın antisünni imperiya xəyallarından o qədər çəkinirlər ki, Yəməni ağına-bozuna baxmadan bombalamaq kampaniyasına başlayıblar” – deyilir məqalədə. Yəməndə qiymaçı şiəməzhəb husiləri bir çoxları İranın əlaltıları kimi görürlər.

Səudiyyə kimi müttəfiqdənsə...

“İndi də gələk Ameirikanın müttəfiqi səudlara, - yazır Cohen, - İran hazırda düşmən qüvvə sayılır və gözlə görünən yaxın gələcəkdə də belə olaraq qalacaq. Amma bizim “müttəfiqlərimiz” Birləşmiş Ştatlar üçün nə ediblər? Onlar öz mədrəsə və başqa vasitələri ilə vəhabi İslamını təbliğ ediblər ki, onun da qatı antiqərb təlimi əl-Qaedanın, Talibanın, son vaxtlarda isə İslam Dövlətinin yaranmasında maya olub. Onlar neft qiymətlərini süni şəkildə aşağı salıblar ki, Amerikanın xilaskar enerji inqilabını əngəlləsinlər, şist neftini rəqabət gücündən məhrum etsinlər”.

“İndi də gələk Ameirikanın müttəfiqi səudlara...Onlar Birləşmiş Ştatlar üçün nə ediblər? Onlar öz mədrəsə və başqa vasitələri ilə vəhabi İslamını təbliğ ediblər ki, onun da qatı antiqərb təlimi əl-Qaedanın, Talibanın, son vaxtlarda isə İslam Dövlətinin yaranmasında maya olub.

Jurnalist Cohen ABŞ üzərinə 11 sentyabr terror basqınlarının “canlı qüvvəsinin də Səudiyyədən gəldiyini” yada salıb.

Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı nəinki Amerikanın monarxiyanın neft asılılığından qurtarmasını istəmir, üstəlik, Vaşinqtonun Yaxın Şərqdəki strateji imkanlarını məhdudlaşdırır.

Cohen-in fikrincə bu imkanlardan biri də İslam Dövlətinə qarşı ABŞ-İran müttəfiqliyidir.

“New York Times” qəzetinin təhlilçisi bu qənaətə gəlir ki, məsələyə “Levin kimi cəsarətlə” baxdıqda, düşünrsən: Kim bilir, Vaşiqntonun “öz müttəfiqinin” narazılığına baxmayaraq “öz düşməni” ilə saziş bağlaması, bəlkə bütün Yaxın Şərqdəki vəziyyəti Amerikanın milli maraqlarına uyğun şəkildə dəyişə bilər.

XS
SM
MD
LG