Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:31

40 il elmi metod əleyhinə


Paul Karl Feyerabend
Paul Karl Feyerabend

- "Rasionalizm – Tanrı sözünün gücünə inanmağın sekulyar formasıdır”

Bu günlərdə Analitik Fəlsəfə Avropa Cəmiyyəti bir sıra Avropa universitetlərində "Feyerabend - 2015", "40 il Elmi metod əleyhinə" adlı tədbirlər seriyası keçirib.

Avstriya filosofu Paul Karl Feyerabend elm filosofu, Kaliforniya Universitetinin fəlsəfə professoru idi. O, elmə anarxik baxışlarına görə tanınır. Elm də daxil olmaqla, hər hansı universal metodoloji qaydaların mövcudluğunu inkar edirdi.

Bəs nədir indi onu aktual edən?

Çağdaş universitet professorları bəzi dövlətləri (ABŞ, Rusiya) elmlə əməkdaşlığı gücləndirdiyinə, dövlətləri elmi tədqiqatlara pul ayırmasına görə, tənqid edirlər Feyerabendin nəzərindən.

Feyerabendin mövqeyini birdəfəyə çatdırmağın ən yaxşı yolu onun “Metod əleyhinə”, “Cəmiyyəti elmdən necə müdafiə etməli”, "Elm tirainyası", “Azad cəmiyyətdə elm” kimi elmi metod əleyhinə kitablarından seçmələr təqdim etməkdir:

“Rasionalizm – Tanrı sözünün gücünə inanmağın sekulyar formasıdır”

“Aramızda elələri var ki, elmdən başqalarına gülmək üçün istifadə edir.”

“Azad cəmiyyət bütün ənənələrin güc mərkəzlərinə bərabər hüquqları və girişləri olan cəmiyyətdir”

“Hər bir peşənin bir ideologiyası var və o, hakimiyyətə can atır, demokratiyanın vəzifəsi bu ideologiyaları kontrol altında saxlamaq olmalıdır. Elm də bunlardan biridir, demokratiya onu da kontrolda saxlamalıdır.”

“Biz anlamalıyıq ki, fiziki aləmin vahid nəzəriyyəsi yoxdur.”

“Vahid doğru yol olduğunu iddia edən elm də bir ideologiyadır. Bir vaxtlar din dövlətdən ayrıldığı kimi, elm də dövlətdən ayrılmalıdır, təhsildən də bir qədər ayrılmalıdır.”

“Kilsə və dövlətin ayrılması prosesi dövlətin və elmin ayrılması ilə tamamlanmalıdır. Elm ən son, ən aqressiv, ən ehkamçı dini institutdur”

“Qiymət sistemindən və məğlubiyyət qorxusundan istifadə edən müəllimlər bir zamanlar malik olduqları təxəyyülü son damlasına qədər itirsinlər deyə, gənclərin beynini qəlibə tökürlər.”

“Dildən yanlış istifadə olmadan hər hansı kəşf, hər hansı proqres mümkünsüzdür.”

“Mənim niyyətim bir qrup ümumi qaydaları başqa qrup ümumi qaydalarla əvəz etmək deyil: mənim niyyətim oxucuları bütün, hətta ən açıq-aydın metodologiyaların da öz məhdudiyyətləri olduğuna inandırmaqdır. Bunun ən yaxşı yolu oxucuların ən əsas qayda sayaraq riayət etdikləri qaydaların belə, öz irrasional limitləri olduğunu onlara göstərməkdir. “

“Elm cəmiyyətdəki hörmətli yerinə layiq deyil. Elm cəmiyyətə liberallıq gətirməkdənsə, repressiv ideologiya ola bilər. Pluralist cəmiyyət elm tərəfindən həddən artıq təsirə məruz qalmaqdan qorunmalıdır. Necə ki, cəmiyyət dini və ya radikal millətçi ideologiyalardan qorunur.”

“Elm həqiqəti monopoliyaya alıb, necə ki, bir vaxtlar din edirdi; elmin cəmiyyətdəki avtoritar statusu sorğu-suala çəkilməlidir.”

“Elmin inkişafı yeni ideyalardan və intellektual azadlıqdan keçir. Elmi irəli aparan - kənar admalardır. Bohr və Einstein də özlərini kənar adamlar sayırdılar.”

Doğrudur, Feyerabend elmi dinlə, başqa mədəni ənənələrlə müqayisə etdiyinə görə, radikal hesab olunur. Tutalım, Qalileyi bugünkü elmə qarşı duran üsyankar kimi təsvir etməsi mübahisəlidir. Çünki bugünkü elm Qalileyin teleskopundan sonra inkişaf edib.

Amma Feyerabendin “elmin cəmiyyətdə istifadəsi hər zaman faydalı olmur”, "plüralist demokratiya dövlətləri elmi tədqiqatlara bu qədər dəstək olmamalıdır" deyən elmi imperializm əleyhinə ideyaları, epistemoloji anarxizm hələ də aktual müzakirədədir.

XS
SM
MD
LG