Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:34

«Newsweek» Rusiya və İranın qonşularından yazır


Ermənistanda etirazlar - 25 iyun 2015
Ermənistanda etirazlar - 25 iyun 2015

-

«İrana sanksiyaların qaldırılmasının mümkünlüyü Cənubi Qafqazdakı qonşularına – Ermənistan, Azərbaycan və Gürcüstana iqtisadi faydalar gətirə bilər. Ancaq bu, regionda dərindən kök salmış zəiflikləri, etnik gərginlikdən tutmuş hökumət korrupsiyası, davamlı yoxsulluğu ört-basdır edə bilməz».

«Newsweek» dərgisində Denis Corboy, William Courtney və Richard Kauzlarich-in imzasıyla dərc olunmuş «Rusiya və İranın qonşularıyla münasibətlərə yenidən başlayaq» başlıqlı məqalədə belə deyilir.

«Gələcəkdə İran nüvə sazişini icra edərkən Qərb zəif nöqtə olan Cənubi Qafqazla işləməyi unutmamalıdır. İran sazişi hər üç ölkə üçün tarazlığı pozur və yəqin ki, yeni imkanlar da açır», - müəlliflər yazır.

Ermənistan Rusiya və İrandan asılıdır və narahat durumdadır. Ötən ay küçə etirazları başlanıb. 2013-cü ildə Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişindən imtinaya və Avrasiya İqtisadi Birliyinə qoşulmağa məcbur edilib. Ölkə hərbi baxımdan da Rusiya ordusunun dəstəyindən asılıdır. Eləcə də Rusiyadakı diasporun göndərdiyi pullar iqtisadiyyata kömək edir.

MOSKVAYA DOĞRU

«Enerjiylə zəngin, ancaq korrupsiyaya uğramış Azərbaycanda istibdad güclənir. Araşdırmaçı-jurnalist Xədicə İsmayıl və 90-dan çox fəal və jurnalist həbsdədir. Buna reaksiya verən Qərbi Avropa liderləri ötən ay Bakıda keçirilən Avropa Oyunlarını boykot edib».

«Azərbaycanı idarə edənlər Qərbin dəyərlərə əsaslanan tərəfdaşlığını hakimiyyətlərinə təhdid kimi görürlər. Azərbaycan qazı AB-nin ambisiyalı «Cənub» qaz dəhlizi layihəsinə axacaq, ancaq Rusiyanın təklif etdiyi «Türk Axını» layihəsinin rəqabəti ilə üz-üzədir».

ABŞ-Gürcüstan hərbi təlimləri - 2013
ABŞ-Gürcüstan hərbi təlimləri - 2013

«İnsan haqları pozuntularına görə Qərbin tənqidləri ilə üzləşən Bakı Moskvaya doğru balans yaratmağa başlayıb. Rusiya silahlarının böyük həcmdə alışı bu seçimi daha da gücləndirir. İranla gələcəkdə müdafiə və enerji ixracı xətləri isə Bakının seçimlərini artıra bilər».

GÜRCÜSTAN

Müəlliflər Gürcüstanın Cənubi Qafqazda ən liberal dövlət olduğunu yazır. Məsələn, Dünya Bankının biznes qurmaq indeksində Gürcüstan Kanadadan da yuxarıda durur. Dünya Ədliyyə İnstitutunun hüququn aliliyi indeksinə görə isə, İtaliyadan üstün mövqedədir. Ölkənin Rusiya ilə ticarət və səyahət əlaqələri yaxşılaşsa da, diplomatik münasibətlər gərgin olaraq qalır.

«Cənubi qafqazlılar rejimə təhlükə yaratmayan geosiyasi plüralizmdə maraqlıdırlar. Onlar Rusiyanın getdikcə artan inadından və Qərbin Ukraynanın özünümüdafiəsinə kömək göstərməkdə tərəddüdündən narahatdırlar. Cənubi qafqazlılar narahatdırlar ki, Vaşinqton Qərbin Şərqi Avropa üçün məsuliyyətini daha çox Avropa Birliyinə ötürüb. Onlar ümid edirlər ki, Çin və, ola bilsin, İran regionun enerji və nəqliyyat infrastrukturuna sərmayə qoyacaq».

Müəlliflərin fikrincə, İranla qarşıda daha sıx təmaslar və Rusiyanın daha əmin mövqeyi Qərbin Cənubi Qafqaz strategiyasını yenidən formalaşdırmasına gətirməlidir.

«Qərb Ermənistanın vətəndaş cəmiyyəti ilə daha çox əlaqə yaratmalıdır. Adambaşına ÜDM-si Paraqvaydan da az olan ölkədə iqtisadi islahatları təşviq etmək lazımdır».

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi, 13 iyul 2006
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi, 13 iyul 2006

DAHA GÖZARDI ETMƏNİN YERİ YOXDUR

«İndiyədək Azərbaycanın enerji resursları və strateji mövqeyi Qərbin insan haqları və siyasi azadlıqlar uğrunda işini məhdudlaşdırıb. İndi dəyişilmiş durum pozuntuların gözardı edilməsinə haqq qazandırmır. İnsan haqlarına daha yaxşı hörmət qoyulanadək AB Azərbaycanın «Şərq Tərəfdaşlığı»nda iştirakını dayandırmalıdır. ABŞ-ın 16 senatorunun bu yaxınlarda göndərdiyi məktubda müəlliflər Amerikanı Bakıya təzyiq göstərməyə çağırırdı».

Müəlliflər Qərbi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk prosesini canlandırmağa çağırır. Mümkün həll variantlarının araşdırılması üçün xalq diplomatiyası gücləndirilsin. «Türkiyəni çağırmaq lazımdır ki, Ermənistanla yaxınlaşmaq üçün yeni təşəbbüs hazırlasın. Ankaranın sərhədi bağlaması Ermənistanın İrandan asılılığını artırır».

Yazıda gürcülər üçün AB-yə vizasız səyahətin prioritet təşkil etməsi vurğulanır. «Assosiasiya sazişi vasitəsilə AB Gürcüstanda islahatları stimullaşdırmalıdır. Bu ölkənin adambaşına ÜDM-si Ermənistandan da aşağıdır».

QƏRB NƏ VAXT DƏSTƏK GÖSTƏRSİN

«Tarixən İran, Rusiya və Qərb Cənubi Qafqazda nüfuz savaşı apardığı bir vaxtda müstəqillik, azadlıqlar və firavanlıq bu regiondan qaçaq düşüb. Tbilisi, Bakı və Yerevan bu məqsədlərin ardınca gedirsə, Qərb dəstəyi artırmalıdır. Bu baş vermirsə, özəlliklə də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə işgüzar əlaqələr qurula bilər».

«Ancaq eyni zamanda, irəlidə də Cənubi Qafqazın elə zəif mövqedə qalacağı görünür. Qərb qeyri- müəyyən İran və daha inadkar Rusiya ilə münasibətlərdə Cənubi Qafqaza kömək üçün daha qəti və praktik strategiya aparmalıdır».

Denis Corby Avropa Birliyinin Ermənistan və Gürcüstanda, William Courtney ABŞ-ın Gürcüstan və Qazaxıstanda, Richard Kauzlarich isə ABŞ-ın Azərbaycan və Bosniya Herseqovinada səfiri işləyib.

XS
SM
MD
LG