Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 05:04

Testlə buraxılış imtahanları məktəblərə nə verir?


Gələcəkdə buraxılış və qəbul imtahanlarının vahid imtahan şəklində keçirilməsi nəzərdə tutulur
Gələcəkdə buraxılış və qəbul imtahanlarının vahid imtahan şəklində keçirilməsi nəzərdə tutulur

2006-2007-ci tədris ilindən Səbail və Sumqayıtın orta məktəblərində də buraxılış imtahanları test üsulu ilə olacaq. Təhsil Nazirliyindən deyirlər ki, bu metod səmərəli olduğundan növbəti illərdə bütün məktəblərdə tətbiq ediləcək. Azad Müəllimlər Birliyi, həmçinin bu metodun birinci tətbiq edildiyi İmişli və Xətai məktəblərinin bəzi müəllimləri isə iddia edirlər ki, bu, rüşvəti daha da artırır, testin cavabları imtahandan əvvəl şagirdlərə satılır.


Test üsulu ilə imtahan götürmək sahəsində ixtisaslaşmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirmədiyi bu imtahanlara etimad o qədər də yüksək deyil. Bəs Təhsil Nazirliyinin test üsusi ilə keçirdiyi buraxılış imtahanlarının yaxşı və pis cəhətləri hansılardır?


«Buraxılış imtahanlarının testlə olmağı yaxşıdır, bu həm işimizi asanlaşdırır, həm də kodun yazılması, düzgün variantın işarələnməsi baxımından bizi qəbul imtahanına hazırlayır»-


bu fikirdə olan Cəfər Sumqayıt şəhərindəki 23 nömrəli məktəbin 11-ci sinfində oxuyur. Deyir ki, onun kimi sinif yoldaşları da bu ildən buraxılış imtahanlarının test üsulu ilə aparılacağına sevinirlər. Şagirdlər testlə imtahan verməyi yazılı və ya şifahi imtahandan daha asan hesab edirlər. Şagirdlər Azərbaycan dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya və xarici dil fənlərindən testlə imtahan verəcəklər. İmtahanların nəticələrini isə xüsusi proseduralar və texniki vasitələrlə Təhsil Nazirliyinin mütəxəssisləri qiymətləndirəcəklər.

«Qəbul imtahanları zamanı ən yüksək nəticə göstərmiş 10 məktəbdən 5-i Xətai rayondakı məktəblərdir. Məhz bu göstərici eksperimentin yaratdığı məsuliyyətdən irəli gəlir. Belə nəticə əldə etdiyimizə görə, gələcəkdə bu metodu bütün məktəblərdə tətbiq edəcəyik»
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov deyir ki, ötən il bu yeniliyin tətbiqi üçün kifayət qədər hazırlıq işlərinin görülməməsinə baxmayaraq, ali məktəblərə tələbə qəbulunun nəticələri bu metodun müsbət nəticə verdiyini göstərdi: «Bu metodun tətbiqində əsas məqsəd müəllimlərdə, şagird və valideynlərdə məsuliyyət hissini artırmaqdır. Qəbul imtahanları zamanı ən yüksək nəticə göstərmiş 10 məktəbdən 5-i Xətai rayondakı məktəblərdir. Məhz bu göstərici eksperimentin yaratdığı məsuliyyətdən irəli gəlir. Belə nəticə əldə etdiyimizə görə, gələcəkdə bu metodu bütün məktəblərdə tətbiq edəcəyik».


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə iddia edir ki, ötən il İmişli və Xətai rayon məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında testlərin cavabları əvvəlcədən şagirdlərə məlum idi, imtahanda isə əksər şagirdlərə şişirdilmiş qiymətlərin verilməsi, sonradan imtahan qiymətlərinin düzəldilməsi halları olub. Məlahət Mürşüdlünün fikrincə, bu cür neqativ halların səbəbi lazımi səviyyədə maarifləndirmə işinin aparılmamasıdır: «Bu il də həmin nöqsanlar olacaq. Bu islahatın aparılması üçün ciddi hazırlıq mərhələsi olmalıdır, ictimaiyyət maarifləndirilməlidir. Nazirlik isə hələ də ötən il keçirilən imtahanların rəsmi nəticələrini açıqlamayıb. Biz hələ də bilmirik ki, bu metodun tətbiqi nəticəsində təhsilimiz, məktəblərimiz nəyi qazanıb, nəyi itirib. Əgər belə davam edərsə, onda bu il də həmin nöqsanlarla üzləşəcəyik».


Tənqidlərinə baxmayaraq, Məlahət Mürşüdlü hesab edir ki, orta məktəblərdə buraxılış imtahanlarının test üsulu ilə keçirilməsi təhsil sistemində irəliyə doğru addımdır və gələcəkdə buraxılış və ali məktəblərə qəbul imtahanının vahid imtahan şəklində birləşməsi ilə nəticələnməlidir. Hazırda mövcud olan nöqsanları isə imtahanların təşkilini bu sahədə ixtisaslaşmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə etməklə aradan qaldırmaq olar.


Test suallarının cavablarının şagirdlərə satılması iradı ilə razılaşmayan Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun sözlərinə görə, ötən ildən fərqli olaraq, bu il yeni metodun tətbiq olunacağı məktəblərdə daha ciddi hazırlıq işləri görüləcək, məktəblərə imtahan keçiriləcək fənlərdən müvafiq sual, test və təlimat nümunələri paylanacaq. Fərzəli Qədirov deyir ki, gələcəkdə buraxılış və qəbul imtahanlarının vahid imtahan şəklində keçirilməsi də nəzərdə tutulur.


XS
SM
MD
LG