Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:12

Hasarlanan çimərliklər, bahalı aviabiletlər, Borjomi ilə Şəkinin fərqi


-

İyulun 26-da Azərbaycan mediası yayın bu qızmar günlərində daha çox istirahətlə bağlı mövzulara geniş yer ayırıb.

HASARLAR ARXASINDA QALAN ÇİMƏRLİKLƏR...

Çimərliklərin hasara alınmasından illərdir az qala hər yay mövsümü yazılır. Bu dəfə bu məsələyə rəsmi “Azərbaycan” qəzeti də yer ayırıb. Qəzet yazır ki, Bakı çimərliklərində dəniz sahili elə hasarlanıb ki, mat-məəttəl qalırsan. Hələ ki, təkcə dəniz suyu satılmır.

“Qalan nə varsa, hər şeyə qiymət qoyublar. Giriş də pulludur, çıxış da. Bir nəfərin hasarlanmış əraziyə daxil olması ən azı beş manata başa gəlir. Sonra digər xərclər başlayır. Çətir pulu, çay pulu... Bir çaynik çaya 10 manat tələb edirlər, bir dənə qarğıdalı qıçası 2 manata. Bir stəkan sərin suya bir manat qiymət qoyublar. Bir halda ki o boyda milli sərvətimiz - minillərin dənizi qarış-qarış bölünüb hasarlanır, onda o hasarın içərisində, gizli yerdə nə desən satmaq olar”.

ŞƏKİLİLƏRİN QƏBƏLƏ HƏSƏDİ...

“Azadlıq” qəzeti bu günkü sayında istirahət üçün Gürcüstanın Borjomi şəhəri ilə Şəkidəki qiymətləri müqayisə edir. Qəzet yazır ki, Borjomidə bir gecənin qiyməti 12 manat, Şəkidə isə hələ tanışlıqla 30 manatdır:

"Burda taksilərin üç manata apardığı yolu Borjomidə bizim pulla bir manata gedirlər. Bazarda kimsə turistə bir qəpik bahasına məhsul satmır, bunu özünə yaraşdırmır. Ətraf rayonların içində şəkililər ən çox qəbələlilərə həsəd aparırlar. “Bizim nazirlər (Baş nazirin müavini, Ədliyyə naziri) onların naziri (Fövqəladə hallar naziri) kimi olsaydı nə dərdimiz vardı”- deyirlər. Kimsə inanmaq istəmir ki, uzaqdan görünən sadəcə ilğımdır. Qəbələlilərin də dərdi özlərinə dəvədir”.

AZAL MÜŞTƏRİLƏRİNİ QAÇIRIR?

Modern.az saytı bu suala cavab axtarır. Sayt yazır ki, dövlət hava limanını inşa edib pay veribsə, təyyarələr alıb pay veribsə, əlbəttə qiymət artımı əsassızdır. Bunu AZAL-ın sabiq prezidenti Ədalət Əliyev deyib. O da AZAL-da aviabiletlərin həddən artıq baha olduğu fikrindədir:

"Azərbaycanda il ərzində 13 min sərnişin yalnız Türkiyəyə getmək üçün Gürcüstan vasitəsilə qardaş ölkəyə uçur. Bu da bahalığın sadə bir sübutudur. AZAL qiymətləri qaldırmaqla müştəriləri özündən qaçırır. Bu həm də ölkəyə gələn turist sayına mənfi təsir göstərir”.

AZƏRBAYCANDA HOTELLƏR UCUZLAŞIR...

“Bizim Yol” qəzeti yazır ki, Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov bildirib ki, artıq əksər otellər müəyyən endirimlər edib. Qiymətləq azı 20-30 faiz ucuzlaşdırılıb. Assosiasiya sədri deyib ki, brend hotellərin fəaliyyətinin koordinasiyası Bakıdan olmadığı üçün yalnız yerli - Bakı və regionlarda yerləşən otellərdə qiymət siyasətinin dəyişdirilməsi üçün danışıqlar aparılır:

"Qiymətlərin aşağı salınması elə də asan məsələ deyil. Çünki otellər şirkətlərlə müqavilə bağlayır və fəaliyyətlərini bu istiqamətdə qururlar. Bu müqavilələr dəyişdirilməlidir”.

XS
SM
MD
LG