Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:37

Telişlidə kompensasiya tələbi...


Arxiv fotosu
Arxiv fotosu

-


İmişlinin Telişli kənd sakini İmran Qurbanov AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət edir ki, 3 il əvvəl baş vermiş sel-sular yaşadığı kürsülü evini yararsız hala salıb. Ancaq qəzalı vəziyyətdə olan evə rayonun fövqəladə hallar komissiyası indiyə qədər bircə dəfə də baxış keçirməyib:

"PUL VERSİNLƏR, DAXMA TİKƏK"

"5 ilin hər gününü aldana-aldana yaşamışıq. Bu gün ev tikiləcək, sabah ev tikiləcək, hələ də tikilib qurtarmır. Ailəlikcə xəstəliyə tutulmuşuq, qapılarda qalırıq. Qohumlar da artıq bizə yiyə durmur. Ya evimizi tikib versinlər, ya da pul versinlər özümüzə daxma tikək. Mən onun-bunun qapısında üç azyaşlı uşaq böyüdürəm, məktəbə də getmirlər, aqibətləri necə olacaq, bilmirəm".

"MÜLKÜ YARARSIZ HALA DÜŞÜBSƏ, MÜTLƏQ DÜZƏLDİLİB"

Şikayətçi deyir ki, ötən illər ərzində Fövqəladə Hallar Nazirliyindən və yerli icra hakimiyyətindən gəlib evinə azı 25 dəfə baxış keçiriblər. Amma…

"Bir dəstə kişi gəlir, yalandan yazır-pozur, gedir. Qonşularımın da evinə baxış keçiriblər, eləsi var mənim kimi qapılarda qalıb, eləsi var ev veriblər. Eləsi də var ki, evini təmir ediblər. Camaata niyə ayrı-seçkiliklə yanaşırlar, bilmirəm".

İmişli rayon İcra Hakimiyyətindən bildiriblər ki, daşqın nəticəsində zərər çəkmiş evlərin bərpası, yaxud sakinlərə yeni evlərin tikilib verilməsi dövlət proqramı çərçivəsində həyata keçirilir. Mülkü yararsız vəziyyətə düşmüş hər hansı rayon sakininin yardımdan kənarda qalması mümkün deyil:

"Çox vaxt vətəndaşların müraciətləri özünü doğrultmur. Bəzən gedirsən, görürsən ki, vətəndaşın dediyinin əksidir, evində qəza-filan yoxdur".

Şikayətçi isə deyir ki, evinin qəzalı vəziyyətdə olduğunu evə gəlib baxış keçirən komissiya da təsdiqləyib. Ancaq İcra Hakimiyyətinə gedəndə ona deyirlər ki, get, gözlə:

"Gözləməyə isə taqətimiz qalmayıb. Məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Yoxsa bu gözləmələrlə uşaqlarımı da yad qapılarda böyütməli olacağam".

XS
SM
MD
LG