Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

“Harvey Nichols” Bakıdan niyə qaçır?


.

Retail-week.com saytında dərc olunmuş xəbərdə deyilir ki, kişilər və qadınlar üçün lüks malları satan “Harvey Nichols”un Bakıdan getmək qərarına lisenziya şəriki ilə yaranan ixtilaf səbəb olub.

Azərbaycanda cəmi bir neçə ay əvvəl keçirilən təntənəli açılışdan sonra məşhur dizayn taciri Bakıdakı 7 mərtəbəli meqamağazanı tərk edir.
Bakının Nəsimi rayonundakı Globus Plaza ticarət mərkəzində böyük sahəni icarələyən “Harvey Nichols” ötən mart ayında açılmışdı.

Univermaq tipli bu mağazada 500-dək dizayner brendinin kişi, qadın və uşaq geyimləri satışa çıxarılırdı.

Buraya həmçinin saç düzümü, gözəllik salonları, restoran daxil idi.
Bu barədə məlumatlarda deyilir ki, “Harvey Nichols” müştərək müəssisə barədə sazişi tərk etməzdən əvvəl yerli tərəfdaşına 2 ay öncədən xəbərdarlıq verməli idi.

“Pərtlik” nədən yaranıb?

Vəziyyətlə yaxından tanış olan mənbə bildirib ki, baş verən hadisə “Harvey Nichols” üçün “pərtlik” yaradıb.

“Harvey Nichols” mağazasının sözçüsü deyib:

“Harvey Nichols”, Bakı mağazasının əməliyyatçısı ilə lisenziya sazişini dayandırır. Buna müvafiq şəkildə Bakı mağazası artıq “Harvey Nichols” brendini təmsil etmir. Hüquqi səbəblərə görə biz bundan artıq şərh verə bilmərik”.

Retail-week.com saytı yazır ki, “Harvey Nichols”un Bakıdakı lisenziya partnyoru General Construction investisiya qrupuna daxil olan Perfomans şirkətidir.

Sayt həmçinin yazır ki, hazırda sözügedən binada alış-veriş davam edir, lakin bunların “Harvey Nichols”a aid mallar olub-olmadığı bəlli deyil.

Mağazanın işlə təmin etdiyi 500 nəfərlik heyətin bundan sonrakı taleyi də bəlli deyil.

Azərbaycan Türkiyə, Honq Konq, Səudiyyə, Küveyt və Dubaydan sonra “Harvey Nochols”un Britaniya xaricində mağaza açdığı 8-ci ölkədir.
Mağaza Azərbaycandakı fəaliyyətinin dayandırılmasına heç bir səbəb göstərməyib.

Azərbaycan boyda General Construction

Maraqlıdır ki, bu xəbərdə xatırladılan “Performans” şirkətinin adı son bir-iki ildə Azərbaycan mediasının diqqət mərkəzində olub.

Buro247.az adlı sayt bu ilin martında "Harvey Nichols"-un Bakı filialının açılması barədə reklam xarakterli yazısında “Performans” şirkəti haqqında da məlumat verib:

“Perfomans (“Harvey Nichols”un Azərbaycanda eksklüziv lisenziatı) yerli iqtisadiyyatın inkişafında aktiv şəkildə iştirak edən Azərbaycanın aparıcı investisiya qruplarından biri olan General Construction-ın filialıdır”.

Xəqani Bəşirov
Xəqani Bəşirov

Tanış Panama, tanış şirkətlər…

Təxminən həmin vaxtlarda hakimiyyətə yaxınlığı ilə tanınan virtual.org saytı adı çəkilən şirkət haqqında yazırdı:

“Bu dəbdəbəli markanı (“Harvey Nichols”u) Azərbaycana gətirən “General Construction” şirkətinin adı yaxın keçmişdə, 2011-ci ildə Beynəlxalq Bankdan 100 milyonlarla dollarlıq vəsaitin kredit şəklində çıxarılması və geri qaytarılmaması ilə bağlı qalmaqalda çəkilmişdi. “General Construction” 2001-ci ildə Panamada qeydiyyatdan keçmiş “Oceanstream İNC” adlı offşor şirkət tərəfindən təsis olunub. Həmin təsisçi şirkətin sahibi azərbaycanlı iş adamı Xəqani Bəşirovdur”.

Sayt daha sonra yazır ki, Azərbaycan qanunlarının yol verməməsinə rəğmən ikili – Fransa-Azərbaycan vətəndaşlığına malik Xəqani Bəşirov həm də Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining plc” şirkətinin səhmdarlarından biridir (16,5%).

Virtual.org-un məlumatına görə baş prokuror Zakir Qaralovun Xəqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanılmasına dair verdiyi təqdimatda göstərilmişdi ki, o, Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat (təqribən 230 milyon dollar) kredit alıb və qaytarmayıb.

“Harvey Nichols”u qaradinməz edən nədir?

General Construction şirkəti haqqında xeberinfo.com saytı lap bu yaxınlarda yazıb.

Saytda dərc olunmuş məqalədə bildirlir ki, “məlum 19 may yanğın faciəsi və “kredit qalmaqalı” ilə bağlı xəbərlərdə General Construction şirkətinin də adı keçir.

Lakin xeberinfo.com daha sonra yazır: “Əslində Xəqani Bəşirov bu məsələlərdə yalnız formal rol alıb. Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kreditin Xəqani Bəşirovun adına rəsmiləşdirilməsi planlı şəkildə olub və onun ölkədən qaçması da həmin planın tərkib hissəsidir. Necə deyərlər, hədəf yoxdu, problem də yoxdu.

Məlumatlı şəxsin “xeberinfo.com”a bildirdiyinə görə, əslində bu işlər tamamilə başqa adamların nəzarətində olub. Onlar bu kreditlə həm də bəzi müsəssiləri ələ keçirə biliblər”.

Necə olursa-olsun, “Harvey Nichols”un Bakı filialı ilə bağlılığı olan şirkətlərin bir çoxunun hakim elitanın nəzarətində olması barədə yerli və xarici mətbuat dəfələrlə yazıb.

Məntiqi nəticə isə bu ola bilər ki, “Harvey Nichols” qovğası çox yuxarılarda baş verir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG