Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:16

Bu ölkədə ahıllar gənclərdən çox cinayət törədir


Yaponiya hökuimətinin yenicə açıqlanmış hesabatına görə ölkədə ahıl yaşlılar arasında cinayətkarlıq yeniyetmələr arasında olduğundan daha geniş yayılıb.

Yaponiya Milli Polis Agentliyi bildirir ki, bu ilin yanvar-iyun ayları arasında yaşı 65-dən yuxarı olan 23 min 656 vətəndaş barəsində polis tədbiri görülüb. Həmin dövr ərzində xəta və cinayət törədən yeniyetmələrin sayı 19 min 670 olub.

1989-cu ildən bəri ilk dəfədir ki, yaşlı əhali gənclərdən daha çox qanun pozuntusu törədib.

Xırda oğurluqdan qətlə

Bloomberg saytının məlumatına görə Yaponiyada 2003-2013-cü illər arasında ahıl yaşlı qanun pozanların sayı iki dəfə artıb, 2011-ci ildə barəsində cinayət təhqiqatı başlananların 16 faizini ahıl yaşlılar təşkil edib.

Bu, 20 il bundan əvvəlki göstəricilərdən 6 dəfə çoxdur.

Yaponiya hökumətinin 2012-ci ildə tərtib etdiyi “ağ kağız” hesabatına görə yaponiyalı qocaların törətdikləri əsas cinayət dükan və mağazalardan xırda oğurluq əməlidir.

Lakin iş xırda oğurluqla bitmir. Qocalar 2011-ci ildə 1992-ci illə müqayisədə 50 dəfə çox qətl törədiblər.

Yaponların sayı 35 ildə 25 faiz azalacaq

Japan Times qəzeti yazır ki, yaşlılar arasında cinayətkarlığın artması pensiyaçıların yoxsulluğu və sosial təminat sahəsindəki vəsait ixtisarları ilə bağlıdır.

Təhlilçilər bildirirlər ki, bütün bunlar ölkə əhalisinin qocalması və azalması kimi daha böyük problemin tərkib hissəsidir.

Yaponiya Əhalinin Qeydiyyatı Bürosunun məlumatına əsasən ölkə əhalisi növbəti 35 ildə 25 faiz azalacaq.

Buna səbəb kimi ömür uzunluğunun və sonsuzluğun artması göstərilir.

Həbsxanada da dost tapılır, yemək də...

Hazırda Yaponiya həbsxanalarındakı hər 5 məhbusdan biri yaşı altmışı ötən şəxslərdir.

Alimlər bunu da əlavə edirlər ki, yaşlıların cinayət törətmələrinə bir səbəb də onların tənhalıq və təcriddən əzab çəkmələridir.

Ryukoku Universitetinin professoru Koichi Hamai bilidirir ki, “həbsxanada yoldaş da var, yemək də, qayğı da...”

Pensiyaçılar çox vaxt bunları azadlıqda tapa bilmirlər.

XS
SM
MD
LG