Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 14:57

İlan yuvasına sığınan ailə...


Arxiv fotosu
Arxiv fotosu

-

"Bir də görürsən çarpayıya ilan sarılıb. O gün xalçanı açdıq havaya verək, arasından ilan fışqırdı".

HARA ÇEVRİLİRSƏN, İLAN BOYLANIR

Qazaxın Çaylı kəndində Ağdam köçkünü Nadir Abbasovun məskunlaşdığı evi ilan basıb. Deyir, istilər düşəndən elə bil kənddəki bütün ilanlar bu ünvanı seçiblər.

"Qapını açıb evə girə bilmirik. İlanlar başımızın üstündən asılır. Bir də görürsən evin ortasında ilan qıvrılıb yatıb. Xaçlanı qaldırırsan, ilan... Yataq otağına keçirsən, çarpayının altında ilan... Mətbəxə keçirsən, əl-üz yuyanın arxasında ilan..."

Köçkünün narazılığı "Qaçqınkom"dandır:

"Bu evlərdə yaşamaq mümkün deyil, o vaxtlar bizdən əvvəl bu evdə yaşayanlar da eyni səbəbdən evi qoyub qaçıblar. Biz onsuz da bura qaçıb gəlmişik, buradan harasa qaçmağa yerimiz yoxdur. İstədiyimiz budur ki, "Qaçqınkom" vəziyyətimizi nəzərə alsın, bizə bir çarə etsin".

"KƏNDDƏ ADIMIZI "İLANBOĞANLAR" QOYUBLAR"


Köçkünün həyat yoldaşı gileylənir:

"Yeri sementdir, gəvəni qaldırırsan, yerdən su çıxır. Yay-qış divarlardan su axır. Yayda vəziyyətimiz lap acınacaqlı olur. Evin tavanı sökük-sökükdür, aralardan ilanlar sallanır. Özüm keçən yay evdə 3 dənə ilan öldürmüşəm. Qorxudan bütün yayı evə girmirik. Kənddə adımızı "ilanboğanlar" qoyublar. İşimiz-gücümüz ilan öldürməkdən ibarətdir. Bir sözlə, yayda göydən ilan, qışda yağış-qar yağır başımıza".

"QAÇQINKOM" KÖMƏK EDƏ BİLMİR

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi isə deyir ki, yeni tikilən evlər köçürülməsinə zərurət yaranan obyektlərdə məskunlaşan köçkünlər üçün nəzərdə tutulub. Bu aksiya hələlik mənzillərdə məskunlaşan köçkünlərə aid deyil.

Köçkün ailəsi razılaşmır:

"Həyat yoldaşım 76, mən 64 yaşındayam. Yoldaşım ağır xəstədir, 4 ildir ki, yataq xəstəsidir. İnfarktdan və xərçəngdən əziyyət çəkir. Özüm də tez-tez pnevmoniya oluram, nəmişlikdə bronxlarım, ciyərlərim sıradan çıxıb. Nə qədər ömrümüz qalıb ki, adımızın nə vaxt siyahıya düşəcəyini, bizim də normal evlərə yerləşdiriləcəyimizi gözləyək?"

"Qaçqınkom" isə köçkün ailəsinə gözləməkdən başqa çarə təklif edə bilmir.

XS
SM
MD
LG