Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:52

«Azadlıq» blokunun növbəti piket cəhdi


Polis piketçiləri metronun «Bakı Soveti» stansiyasına sıxışdırdı, 16 Noyabr 2006
Polis piketçiləri metronun «Bakı Soveti» stansiyasına sıxışdırdı, 16 Noyabr 2006

Noyabrın 16-da «Azadlıq» siyasi blokunun bir qrup üzvü Prezident Aparatının qarşısında piket keçirməyə cəhd etdi. «Azadlıq» qəzetinin yerləşdiyi binadan çıxarılması cəhdlərinə etiraz edən piketçilərin qarşısını polis yaxınlıqdakı metronun «Bakı Soveti» stansiyasının qarşısında kəsib onları stansiyanın içərisinə sıxışdırdı. Başqa istiqamətdən gələn piketçilərin ikinci dəstəsi isə «Bakı Soveti» stansiyasının qarşısında «Azad Söz», «Azadlığa azadlıq» şüarları səsləndirirdilər. Bundan sonra əlavə polis qüvvələri gətirildi və onlar bu qrupu da metronun içinə qədər sıxışdırdılar. Piketçilər metronun eskalatorunda olanda da şüarlar səsləndirirdilər. Polis yarım saat ərzində aksiyanı dağıtdı, bir neçə nəfəri isə saxladı. Piketçilərdən iki nəfəri xəsarət aldı.


Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Kamil Seyidlinin verdiyi məlumata görə, ictimai asayişi pozduqlarına görə piketçilərdən 6 nəfəri saxlanıb: «Piketçilər burada asayişi pozmaq istəyirdilər. Biz onların qarşısını qətiyyətlə aldıq. Bu bizim borcumuzdur. 5-6 nəfər bölməyə aparıldı. Araşdırılandan sonra tədbir görüləcək».


3 saylı Təcili Tibbi Xəstəxananın həkimi Nazim Məhərrəmovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, piketdən sonra iki nəfər xəsarət aldığı üçün xəstəxanaya müraciət edib. Qafqaz Məmmədovda sol əlinin kəsilmiş yarası, Fuad Qəhrəmanlıda isə bədənin aşağı hissələrinin zədəsi qeydə alınıb.


Bundan əvvəl də «Azadlıq» blokunun üzvləri və jurnalistlər «Azadlıq» qəzetinin yerləşdiyi ünvandan çıxarılmasına etiraz olaraq bir neçə dəfə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və Prezident Aparatının qarşısında etiraz aksiyaları keçirməyə cəhd edib. Polis aksiyaların qarşısını alıb.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi icarə haqqını ödəmədiyini əsas gətirərək «Azadlıq» qəzetinin «Xəqani-33» ünvanındakı ofisdən çıxarılmasını ilə bağı 1 saylı İqtisad Məhkəməsində iddia qaldırıb. Məhkəmə isə tərəflərə barışığa gəlmək üçün vaxt verib. «Azadlıq» qəzetinin redaksiyasında qəzetin yerləşdiyi binadan çıxarılmasına və azad sözə təzyiqlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçirilir.


XS
SM
MD
LG