Keçid linkləri

2024, 21 Aprel, bazar, Bakı vaxtı 05:49

İŞİD-in "Ramazan qətliamı"nda azı 100 nəfər həlak olub


İslam Dövləti adlanan təşkilatın İraqın Bəni Saad şəhərində törətdiyi avtomobil partlayışı nəticəsində azı yüz nəfər həyatını itirib.

Xəbər verilir ki, İŞİD-in indiyədək törətdiyi ən böyük terror aktlarından biri sayılan bu partlayış bir neçə binanı yerlə yeksan edib.

İraq polisi bildirir ki, bu binalarda müqəddəs Ramazan bayramını qeyd etməyə toplaşan onlarla insan xarabalıqların altında qalıb.

Həlak olanların arasında uşaqlar da var. İŞİD-in yaydığı Tvitter mesajında deyilir ki, təşkilat 3 ton partladıcıdan istifadə edilmiş bu intihar aktı ilə İraqın şimalındakı Havija şəhərində qətlə yetirilmiş sünni müsəlmanların qisasını alıb.

Qrup həmçinin bildirib ki, Diyala əyalətində törədilmiş bu partlayışın hədəfi “inkarçılar” olublar.

İŞİD adətən şiə müsəlmanları belə adlandırır.

Polis xəbər verir ki, partlayış qurbanlarının sayı arta bilər, çünki uçmuş binaların xarabalıqları hələ tam təmizlənməyib.

XS
SM
MD
LG