Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:44

Mənzil alarkən ortaya çıxan əngəllər...


Arxiv fotosu
Arxiv fotosu

-


Səbayel rayonu, Badamdar yolu ev 17–də yaşayan Mahirə Eyvazova qəribə hadisə ilə üzləşib. Onun yaxın qohumu Tahirə Ağasıyeva deyir, Mahirə Eyvazova ikinci qrup əlildir. Ayaqları tutulduğu üçün yeriyə bilmir. Üstəlik, ürəyində də problemlər yarandıqdan sonra mütəmadi olaraq rayondan Bakıya müayinə-müalicəyə gəlməli olub. Bu üzdən o, qohumlarının məsləhəti ilə 2003-cü ildə Bakıya köçüb və yuxarıdakı ünvanda göstərilən evi alıb.
Alqı-satqı zamanı evin əvvəlki sahibəsi, yəni mülkünü aldığı adam - İsgəndərova Xalidə Aslan qızı Mahirə Eyvazovadan xahiş edir ki, onun qızı Ayselə hələlik burada qeydiyyatda qalmağa icazə versin.

ALDIĞI MƏNZİLDƏN YAŞAYIŞ QEYDİYYATINDAN ÇIXARA BİLMİR

Tahirə Ağasiyeva danışır:

“Xalidə xanım deyib ki, 3 aydan sonra gəlib qızını qeydiyyatdan çıxaracaq. Qadını inandırmaq üçün heç bir niyyəti olmadığını deyib, atasının, anasının goruna and içib. Ancaq Xalidə İsgəndərova bu 10 ilə ərzində qızını həmin ünvandan qeydiyyatdan çıxarmayıb. 2 ay bundan öncə isə Mahirə xalaya dəymək adı ilə onun evinə gəlir və çox absurd bir söz deyir: “Mahirə bacı, biz də burada qeydiyyatda olduğumuz üçün evi satanda ata mülkümüzdən bizim də payımızı vermək yadından çıxmasın. Özüm də gəldim bir ata mülkümə dəyim, görüm nətərdi. Evi söküb təzədən tikmisən, sağlığına qismət. Ancaq satanda bizi yaddan çıxartma”.

Mahirə Eyvazova da bundan sonra üz tutur 3 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil Kommunal İstismar sahəsinə. MİS-də aydın olur ki, sən demə, bu ünvanda 7 nəfər qeydiyyatda imiş. Hələ üstəlik, Mahirə Eyvazova 10 il ərzində bu 7 nəfərə görə kommunal xərclər də ödəyirmiş. Onu da öyrənir ki, kommunal xidmət haqqı adambaşına 30 qəpikdir. Deməli, o, ayda 3 manat 60 qəpik ödəməli imiş. Amma ondan bu illər ərzində MİS əməkdaşları hər üç aydan bir gəlib 14 manat alıblar.

"MİS-in rəisi Qismət Rüstəmov dedi, gərək evi alanda pulunun hamısını verməyəydin, qeydiyyatdan çıxanda qalan məbləği ödəyəydin. Deyib ki, sən savadsızsansa, biz nə edə bilərik".

HÜQUQŞÜNAS DEYİR, ÇIXIŞ YOLU VAR

Mahirə Eyvazova bundan sonra Səbayel Rayon Məhkəməsinə müraciət edib. Ancaq məhkəmə işçisi onun ərizəsini özünə qaytararaq belə məsələlərin MİS-də həllini tapdığını bildirib. İndi Mahirə Eyvazova nə edəcəyini bilmir. O, hər ay mənzildə yaşayış qeydiyyatında olanlar üçün də kommunal ödənişlər edir. Üstəlik, tanımadığı bu insanlara görə əmlakını risk altında hiss edir.

Hüquqşünas Fuad Hüseynov vəziyyətdən çıxış yolunu izah edir:

"Mahirə Eyvazova həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün əvvəl yaşayış qeydiyyatı üzrə Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə rəsmi müraciət etməlidir. Şöbə ona rəsmi imtina sənədi verəcək. Həmin sənədlə ərazi üzrə İnzibati İqtisad Məhkəməsinə müraciət etməlidir. İddianı da həmin şöbəyə qarşı qaldırmalıdır. Məhkəmə qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin üzərinə həmin şəxslərin yaşayış qeydiyyatından çıxarılması ilə bağlı öhdəlik qoyacaq".

XS
SM
MD
LG