Britaniyalı gənc sosial elmlər alimi, jurnalist Lawrence Alexander “Global Voices” analitik portalında yazır ki, bu ilin əvvəllərində AzadlıqRadiosu və “The Guardian” qəzeti вштабе.рф internet saytı barədə məlumat dərc edib.
Bu saytda böyük şəkil qalereyası da var. Qalereyadakı şəkillərin əksəriyyəti ABŞ, Qərb və Ukrayna siyasətçilərini lağa qoyan, Rusiya prezidenti Vladimir Putini isə qəhrəmanlaşdıran karikatura və şarjlardan ibarətdir.
İnternet və sosial mediadan siyasi məqsədlər üçün istifadəni araşdıran Lawrence Alexander yazır ki, sözü gedən sayt material müəlliflərini və dizaynerlərin adlarını göstərmir. Bu anonimlikdən maraq duyan Alexander mümkün olan informasiyanı əldə etmək üçün Maltego open-source intelligence software proqramından istifadə edib.
Maltego proqramından istifadə göstərib ki, sözü gedən sayt Google Analytics internet alətindən faydalanır. Bu proqram sayt sahibinə ziyarətçilər barədə statistik və başqa məlumatları toplamağa imkan verir.
Lakin bu alət “ikibaşlıdır”. Beləki o, həm də başqalarına sayt sahibinin “hara” və ya “kimə” bağlı olduğu barədə sirri aça bilər.
“Rus matryoşkası”
Lawrence Alexander yazır ki, bu sistemdən FTB də daxil bir çox təhlükəsizlik xidmətləri kibercinayətlərə qarşı mübarizədə istifadə edirlər. Jurnalist Alexander isə bu metodun köməyi ilə вштабе.рф saytnın başqa saytlara da sahib olub-olmadığını yoxlayıb və aşkar edib ki, bəli, söhbət burada daha 7 saytdan gedir.
UA (Ukrayna) və RU (Rusiya) kimliklərindən istifadə edən bu saytlar Ukrayna siyasətçilərinə və Qərbəqarşı gözdən salan materiallar dərc edir.
Lawrence Alexander-ın apardığı çox uzun təhqiqat haqqında qısaca bunu demək olar ki, o, ayrılıqda hər saytdan “rus matryoşkası” kimi onlarca saytın çıxdığını aşkar edib və bu saytlara bağlı email ünvanlarını öyrənib.
Jurnalist bunu da üzə çıxarıb ki, sözü gedən saytlardan bir çoxu Rusiyanın yarımrəsmi internet resurslarına bağlı imiş.
Nikita Podgorny
Məlum olub ki, bu saytlar Google Analytics-dən başqa Yandex Metrika, Yandex Verification və Nginx serverlərindən istifadə edirlər.
Burada email domenləri də istisna təşkil etmir. Jurnalist Alexander tezliklə VKontakte saytının arxivi vasitəsilə konkret insana bağlı ünvana çıxa bilib.
Bu adlardan biri də Nikita Podgorny olaraq istifadə edilir.
Podgorny-nin Facebook profili onun Worldsochi domeninə bağlı olduğunu göstərib.
Beləliklə də, sözü gedən Podgorny-nın Rusiyanın “trol” fabrikinə və ya rəsmi təbliğat maşınına bağlılığı üzə çıxıb.
Rəsmi “kibervətənpərvər”
Üstəlik mətbuata sızmış gizli siyahıdan Podgorny-nın Sankt Peterburq İnternet Araşdırmaları Agentliyinin işçisi olduğu məlum olur.
Jurnalist yazır ki, Podgorny-nın VK profilindəki doğum günü, onun sızmış siyahıdakı doğum günü ilə üst-üstə düşür.Bu agentliyin isə Kremlin “təbliğat bostanı” olduğu iddia edilir.
Başqa sözlərlə Podgorny-nın təqdim edildiyi kimi Rusiyanın kibervətənpərvəri yox, orvelsayağı deyilsə, Rusiya “həqiqət nazirliyinin” rəsmi işçisi olduğu təsdiq edilir.