-
Azərbaycanda ipotekaya yönəldilən vəsaitlərin həcmi artacaq. Prezident İlham Əliyev həmin vəsaitin 200 milyon manata qaldırılacağını bildirib.
«Bizim Yol» qəzeti yazır ki, 2015-ci ilin dövlət büdcəsində Dövlət İpoteka Fonduna 50 milyon manatın ayrılması proqnozlaşdırılıb. İ.Əliyevin açıqlamasından məlum olur ki, bu vəsait ilin sonuna kimi 4 dəfə artırıla bilər.
Ekspertlər isə «Bizim Yol»a bildiriblər ki, 200 milyonluq vəsait bazara daxil olsa, bundan 7 minədək ailə yararlana bilər. Ancaq belə vəziyyətdə daşınmaz əmlak bazarında qiymətlər də kəskin bahalaşa bilər.
AZAL-IN BİLETLƏRİ TBİLİSİDƏN İKİ DƏFƏ BAHADIR
«AzAL qiymətləri iki dəfə endirməlidir».
Bunu fins.az saytına yerli turizm şirkətləri bildirib.
«Hazırda AzAL-ın təşkil etdiyi Bakı-Barselona reysində qiymət 650 manatdan başlayır. «Wizzair» şirkətinin təşkil etdiyi Tbilisi-Barselona reysində isə qiymət cəmi 200 avrodur (230 manat). Bakı-London reysində qiymətlərin 470 manatdan başlandığı deyilsə də, əslində 600 manatdan aşağı qiymətə bilet tapmaq çətindir. Halbuki Tbilisidən Londona uçmaq üçün 250-300 avro (285-345 manat) kifayət edir. Hətta gündə 5 uçuşun həyata keçirildiyi Moskva istiqamətində də AzAL-ın biletləri Tbilisidən iki dəfə bahadır. Belə ki, Azərbaycan paytaxtından Moskvaya uçmaq (iki tərəfə) 450 manata başa gəldiyi halda Tbilisidən Moskvaya təyyarə reysi cəmi 220 avro və ya 250 manatdır».
DEPUTAT OĞLUNA 8 MİLYONLUQ DƏLƏDUZLUQ İTTİHAMI
«Yeni Müsavat» qəzeti yazır ki, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı 7-8 milyonluq dələduzluq qalmaqalına qarışıb.
«Bir çox saytların elektron ünvanına Bakı sakini Fərman Xeyrulla oğlu Məmmədovun adından məktub daxil olub. Həmin məktubda müəllif iddia edir ki, Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib. Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirib. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğulayıb».
Elmira Axundovanın oğlu Həbib Axundovun adından saytlara göndərilən məktubda isə Fərman Məmmədovun bütün iddialarının böhtan olduğu bildirilir.
AZƏRBAYCAN TAM MÜSTƏQİL SİYASƏT YÜRÜDÜR
«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır:
«İlk Avropa Oyunları ərəfəsində məqsədyönlü şəkildə kampaniya aparan antiazərbaycançı şəbəkə əvvəlcə «İdman və İnsan Haqları Alyansı» adlı koalisiya yaratmaqla ölkəmiz barədə mənfi rəy formalaşdırmağa uğursuz cəhdlər etdi. Qondarma alyansda «Human Rights Watch», «Amnesty International», «Transparency International» təşkilatının Almaniya bölməsinin yer alması qərəzli kampaniyanın detallarını üzə çıxarmağa imkan verdi».
«Ancaq Azərbaycan bədxahların məkrli planlarını bu dəfə də alt-üst etdi» - deyə məqalədə qeyd olunur.