Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:17

Gürcüstanlılar «İslam dövləti»nin sıralarını doldurur


Pankisi. Foto illüstrasiya.
Pankisi. Foto illüstrasiya.

-

«İyunun 15-də 100-dən çox maskalı xüsusi təyinatlı qüvvə Gürcüstanın Pankisi dərəsində «İslam dövləti» (İD) qruplaşmasına könüllü yığmaqda şübhəli bildiyi evlərə basqın edib.

Bir neçə nəfər saxlansa da, yalnız imam Aiuf Borchashvili-yə ittiham irəli sürüldü».

Beynəlxalq Hərb və Sülh Araşdırmaları İnstitutunun (IWPR) dərc etdiyi məqalədə britaniyalı jurnalist Onnik James Krikorian belə yazır.

Pankisidə 8 min kist (Şimali Qafqaz çeçenlərinə bağlı etnik azlıq), eləcə də 1990 və 2000-ci illər müharibələrinin çeçen qaçqınları yaşayır. İndiyədək Pankisidən 13 nəfərin Suriyada döyüşlərdə həlak olduğu bildirilir. Abu Omar al-Shishani kimi tanınan Tarkhan Batirashvili də Pankisidəndir və Suriyada İD-nin əsas hərbi komandiridir. Buradan 50-100 nəfərin Suriyada olduğu deyilir ki, bu da kiçik rəqəm deyil.

Məsələn, ATƏT-in Tacikistandakı ofisi məsələyə ciddi yanaşır və radikallaşmaya qarşı strategiya hazırlanmasında hökumətə kömək edir. Tacikistan əsasən müsəlman ölkəsidir. Xristian əhalisi olan Gürcüstanda isə vur-tut 3.7 milyon nəfər yaşayır.

Müəllif yazır ki, Pankisidə, Acarıstanda və etnik Azərbaycan kəndi olan Qaracalada radikallaşma azalana oxşamır. Problem isə ondadır ki, Zorakı Ekstremizmlə Mübarizənin (CVE) problemin həllində rol oynaya biləcəyini dərk edən yoxdur:

«Miqrant fəhlələr də asanlıqla radikallaşa bilərlər… Pankisidə gənclər arasında İD təbliğatı internet və telefon zəngləri vasitəsilə aparılır. Kənd ağsaqqalları bu xəbərləşmənin qarşısının alınması üçün heç bir addım atılmadığını deyirlər».

Müəllif yazır ki, hökumət daha çox Pankisidə iqtisadi duruma diqqət ayırsa da, kənd sakinləri yoxsulluq deyil, ideologiyanın regionda radikallaşmanın aparıcı qüvvəsi olduğunu söyləyir. Onlar həmçinin yeniyetmə qızların Suriyadakı cihadçı döyüşçülərə ərə getmək arzusundan narahatdırlar. Azından iki qız bu arzusuna çatıb.

Yerevanda mitinq - 28 iyun 2015
Yerevanda mitinq - 28 iyun 2015

«MAYDANIN YEREVAN DƏRSLƏRINDƏN QORXMAYIN»

«Yerevandakı son hadisələr xaricilərin diqqətini çəkdi, bu hərəkatın təbiəti və tələblərinə maraq oyatdı. Ən populyar trendlərdən biri bu hərəkatın Ukraynadakı Avromaydanla oxşarlığını axtarmaq idi. Coğrafi yaxınlıq və Rusiyanın yaratdığı ümumi təhlükələr bu yanaşmanın əsas səbəbi idi».

Bunu «New Eastern Europe» saytında ukraynalı fəal və jurnalist Kateryna Kruk yazır:

«İki hərəkatı qarşı-qarşıya qoyanlar da az olmadı. Bir çox müzakirə və məqalələrdə deyirlər ki, «ElectricYerevan» Avromaydan deyil, çünki digər dövlətə qarşı yox, hökumətin qərarına qarşıdır. Onların fikrincə, Yerevandakı əsl vətəndaş hərəkatıdır, burada geosiyasi oyun elementi yoxdur».

Avromaydan iştirakçısı olmuş müəllifin fikrincə, Ukrayna hərəkatı Yerevanla müqayisədə neqativ kimi verilib. Əslində isə Yerevanda baş verənlərin Maydana oxşamasında pis bir şey yoxdur:

«Avromaydan heç vaxt xarici dövlətə qarşı olmayıb. Maydan hərəkatının Rusiyaya qarşı olması fikri rus təbliğatının nəticəsidir və həqiqətdən uzaqdır… Maydan ideyaları proqressiv və avropayönümlü idi. İnqilabın fəal dövründə digər ölkələrə qarşı heç bir mənfi ritorika yox idi».

«ElectricYerevan» hərəkatı iştirakçılarının hisslərini anlayıram. Onlar nəyinsə surəti olmaq istəmirlər, öz qiymətlərini almaq istəyirlər. Hər bir etirazçı üçün öz hərəkatı daha əziz və vacibdir. Ancaq inanıram ki, bu iki hərəkatı qarşı-qarşıya qoymadan da tərifləmək olar. Etirazçılar anlamalıdırlar ki, biz ukraynalılar Maydanla fəxr edirik, ermənilərin «ElectricYerevan»la qürurlandığı kimi».

XS
SM
MD
LG