Noyabrın 15-də parlamentdə 2007-ci il dövlət büdcəsinin müzakirələri başa çatıb. Noyabrın 7-dən başlanan müzakirələrdə gələn il üçün elm və təhsilə ayrılan vəsaitlərin azlığı deputatların daha çox narazılığına səbəb olub. Hökumət qarşıdakı 10 gün müddətində verilən təklifləri araşdıracaq, sonra sənəd təsdiq üçün Milli Məclisə təqdim olunacaq.
2007-ci il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsinə əsasən gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri təxminən 5.4, xərcləri isə 5.7 milyard Yeni Azərbaycan manatı olacaq. İndiki kursla Amerika dollarına çevirəndə büdcənin gəlirləri 6.2 milyard dollar, xərcləri isə 6.5 milyard dollar təşkil edəcəkdir. Layihəyə görə, 2007-ci ildə də, bu il olduğu kimi Dövlət Neft Fondundan dövlət büdcəsinə 585 milyon dollar köçürülməsi nəzərdə tutulub.
Gələn il büdcə layihəsində neftin bir barelinin qiymətləri 50 dollar müəyyənləşdirib və layihəyə görə, əgər neftin bir barel üçün qiyməti 40-50 dollar arasında olarsa gəlirlərin yarısı, 50 dollardan yuxarı olarsa isə, ¾ -ü Neft Fonduna köçürüləcək.